
Fevral ayı əsl qış ayıdır və hava şəraiti yanvar ayından az fərqlənir. Ay ərzində arktik soyuq hava kütlələrinin ölkə ərazisinə tez-tez müdaxiləsi zamanı hava şəraiti daha soyuq, atmosfer proseslərin inkişafında isti hava kütlələri üstünlük təşkil etdikdə isə mülayim keçir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu ilin fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.
Fevralın 1-2-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək şaxta, gündüzlər 7-12, bəzi günlərdə 1-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 21-24 millimetr).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-4 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 11-29 millimetr).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəydə havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-36 millimetr).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 24-32 millimetr).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzulidə havanın orta aylıq temperaturunun 3-7 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir (norma 15-36 millimetr).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-3, dağlıq ərazilərdə gecə 8-13, bəzi günlərdə 17-22 dərəcə şaxta olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 24-55 millimetr).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 millimetr).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabadda havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-6 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 0-3, bəzi günlərdə 8-13 dərəcə şaxta, dağlarda gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir (norma 44-105 millimetr).
