
Aprelin 24-də saat 09:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Şəkidə 14, Qəbələdə 9, Qax, Qrız, Ağsu, Şamaxı, Qobustan, Şahbuz, Bakıda və Abşeron yarımadasında 3 millimetrədək olub.
Aprelin 23-də şimal-qərb küləyi əsib, arabir Bakıda və Abşeron yarımadasında 18 metr-saniyəyədək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan Muxtar Respublikasında 27, Aran rayonlarında 31, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti olub.
