
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 4-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.
Xidmətdən verilən məlumata görə, düşən yağışın miqdarı Qubada 29, Şabranda 19, Qusarda 18, Lerikdə 17, Gədəbəydə 15, Neftçalada 14, Altıağacda 9, Yardımlı, Xaltanda 7 millimetr, Lənkəran, Qrız, Sədərək, Astara, Daşkəsən, Şahdağ, Şərur, Qax, Beyləqan, Ordubad, Ağdam, Naxçıvan, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şirvan, Zaqatala, Tərtər, Ağsu, İsmayıllı, Bərdə, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvarda 6, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.
Şimal-qərb küləyi əsib, arabir Göyçayda 20, Naftalanda 18, Naxçıvanda 16, Bakıda və Abşeron yarımadasında 20 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Şamaxı, Qusar, Şahdağ, Qrız, Lerik, Sumqayıtda duman müşahidə olunub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 5-i gündüzədək davam edəcək. Oktyabrın 6-7-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir.