“EUROSPORT”: “QARABAĞ” 10 NƏFƏRLƏ 1/8 FİNALA YÜKSƏLDİ

Məşhur “Eurosport” nəşri “Qarabağ”ın UEFA Avropa Liqasında Portuqaliyanın “Braqa” komandasını mübarizədən kənarlaşdıraraq 1/8 finala vəsiqə qazanması barədə yazı dərc edib.

Məqalədə Ağdam klubunun meydanda azlıqda qalmasına baxmayaraq, mərhələ adlaması qeyd edilib.

“İlk oyundakı 4:2 hesablı qələbədən sonra üstünlük meydan sahiblərinin tərəfində idi. Lakin Elvin Cəfərquliyevin qırmızı vərəqə alması “Braqa”ya ümid verdi. Əvvəl Rojer Fernandeş, ardınca isə Alvaro Calo fərqlənərək ümumi hesabı bərabərləşdirdi. Qonaqlar gözlənilməz qələbəyə doğru irəliləyərkən Mateus Silva “Qarabağ”ı növbəti raunda yaxınlaşdırdı. Amma 115-ci dəqiqədə Simon Banzanın penaltidən vurduğu qol “Braqa”ya yeni nəfəs verdi. Bununla belə, Nəriman Axundzadə 120-ci dəqiqədəki zərbəsi ilə dramatik oyunun taleyini həll etdi və “Qarabağ”ı növbəti mərhələyə daşıdı”, – yazıda bildirilib.

Qeyd edək ki, Portuqaliyadakı ilk oyunda “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ” cavab matçında 2:3 hesablı məğlubiyyətə baxmayaraq, iki görüşün nəticəsinə (6:5) əsasən, tarixində ilk dəfə Avropa Liqasında 1/8 finala yüksəlib.