“EU TODAY”: QARABAĞDA ONİLLİKLƏR ƏRZİNDƏ MADDİ-MƏDƏNİYYƏT NÜMUNƏLƏRİ MƏHV EDİLİB

Avropanın “EU Today” media platforması “Qarabağda onilliklər ərzində maddi-mədəniyyət nümunələri məhv edilib” sərlövhəli məqalə yayıb.

Məqalədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanatına istinad edilərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mədəni irsin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı ciddi narahatlığı bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Məqalənin müəllifi bildirir ki, işğal olunmuş ərazilərdəki mədəni və dini abidələrin məhv edilməsi beynəlxalq hüquq normalarına görə hərbi cinayət hesab olunur. 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya” işğalçı qüvvələr qarşısında müharibə dövründə mədəni mülkiyyətin qorunması və onlara hörmət olunması kimi öhdəliklər yaradır. “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyaya görə “hər hansı mədəni və təbii irsin korlanması və ya yoxa çıxmasının dünyanın bütün xalqlarının sərvətini fəlakətli surətdə yoxsullaşdırılması deməkdir”, bununla belə, mədəni irs nümunələri bütün dünyada təhlükə ilə üzləşməkdə davam edir və beynəlxalq ictimaiyyət isə bunun qarşısının alınması istiqamətində kifayət qədər iş görmür.

Məqalədə bildirilir: Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan ərazilərindəki demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilib. Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Bu ərazilərdəki abidələrin ümumi sayı 3000-ə qədərdir. Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan edilib, təhqir olunub, dəyişdirilib və qanunsuz olaraq Ermənistana daşınıb. Azad edilmiş ərazilərdə 100 mindən çox mədəniyyət nümunəsinin saxlandığı 22 muzey və muzey filialı məhv edilib.

Müəllif vurğulayır ki, qərb müşahidəçiləri də Azərbaycanın maddi-mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi və mənimsənilməsi kimi faktları pisləyirlər. O qeyd edir ki, Fransanın “Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun” (İPSE) prezidenti Emmanuel Dupuy Ermənistanın BMT-nin qətnamələrinin tələblərini pozaraq işğal altında saxladığı ərazilərdə yerləşən mədəniyyət abidələrinə vurduğu ziyanın tam həcminin indi üzə çıxdığını bildirib. “Onilliklər ərzində Azərbaycanın Qarabağdakı maddi-mədəniyyət abidələri Ermənistan tərəfindən sistemli şəkildə dağıdılıb, mənimsənilib və məhv edilib. Azərbaycanın işğal olunmuş ərazilərində qəbiristanlıqlar dağıdılıb, müqəddəs yerlər təhqir edilib və digər mədəni abidələr talan edilib,” – deyə İPSE prezidenti bildirib.

Diqqətə çatdırılır ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın aprelin 10-da Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq təşkilatları, xüsusilə də UNESCO-nu bölgəni ziyarət etməyə və Azərbaycanın tarixi, dini və mədəni abidələrinin Ermənistan tərəfindən məhv edilməsinin şahidi olmağa çağırıb. “Azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadı”, – deyə Prezident İlham Əliyev əlavə edib.

Məqalədə qeyd olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin dini və tarixi-mədəni irsə qarşı törətdiyi vəhşilikləri təsvir edərkən ingilis yazıçısı Corc Mitçel Ağdam şəhərini “ruhlar şəhəri” və “Qafqazın Xirosiması” adlandırıb. “Ağdam mədəni irsin məhv edilməsi baxımından bəlkə də ən kədərli və ən parlaq nümunədir”, – deyə Dupuy qeyd edib. Bir vaxtlar tarixi abidələri ilə məşhur olan canlı bir şəhər – Ağdam, Ermənistan tərəfindən tamamilə məhv edilib və xarabalığa çevrilib.

Sonda müəllif bildirir ki, 30 il ərzində Qarabağdakı mədəni irsin məhv edilməsini qiymətləndirmək üçün faktaraşdırıcı missiyanın təşkili ilə bağlı Azərbaycanın UNESCO-ya və ya digər beynəlxalq təşkilatlara dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb.