ETX VƏ “MƏKTƏBLİNİN DOSTU” LAYİHƏSİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ NÖVBƏTİ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRİLİB

Oktyabrın 8, 14 və 25-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbirləri 26, 117, 149, 218 və 317 nömrəli tam orta məktəblərdə keçirilib.

Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadla xəbər verir ki, tədbirlərin keçirilməsində məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılması olub.

Ümumilikdə 403 şagirdin iştirak etdiyi təlimlərdə ETX-nin əməkdaşı “Kiberbullinqlə mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifrə təhlükəsizliyi” və “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxış edərək məktəblilərə kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verib.