ETNA VULKANI YENİDƏN OYANIB

İtaliyanın Siciliya adasındakı Etna vulkanı yenidən kül və lava püskürməyə başlayıb.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun yaydığı məlumatda Etnanın cənub-şərqindəki “Yeni ağız” adlı kraterində partlayış baş verdiyi və vulkanın yamaclarında lava axınının müşahidə olunduğu bildirilib. Bu, cari ilin fevral və aprel aylarında vulkanda qeydə alınan 13-cü aktivlikdir.

Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın ətəyindəki yaşayış məntəqələrində böyük əraziyə yayılıb. Kül dumanının hündürlüyü 2 kilometr yüksəkliyə çatıb.

Vulkanın püskürməsi nəticəsində Kataniya şəhərinin “Fontanarossa” hava limanında uçuşlar müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qeyd edək ki, Etna Avropanın ən hündür və aktiv vulkanıdır.