EŞQİ BAĞIROV: YENİ TƏDRİS İLİNDƏN ETİBARƏN PEŞƏ TƏMAYÜLLÜ SİNİFLƏRDƏ 7500-DƏN ÇOX ŞAGİRD TƏHSİL ALIR

Peşə təmayüllü siniflərin təşkili layihəsinin məqsədi ümumi orta təhsil bazasında şagirdlərin peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsidir.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, bu yolla şagirdlər orta təhsil pilləsində əmək bazarına hazırlanırlar: “Bu hədəfə nail olunması üçün “Peşə təmayüllü siniflərin təşkili” layihəsi həyata keçirilir. Layihənin əsas hədəflərindən biri əmək bazarına uyğun kadrların yetişdirilməsidir. 2024-2025-ci tədris ilindən etibarən 15 ixtisas üzrə 7541 şagird peşə təmayüllü siniflərdə təhsil alır. Peşə təmayüllü siniflərdə indiyədək 4 profil üzrə 12 peşə ixtisası tədris olunub. Yeni tədris ilindən əlavə olaraq 4 peşə ixtisasının pilot qaydada tədrisi aparılır”.