ERMƏNİSTANLA SƏRHƏDDƏ YENİ SƏRHƏD KOMENDANTLIĞI XİDMƏTİ-DÖYÜŞ FƏALİYYƏTİNƏ BAŞLAYIB

Dekabr ayının 14-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırmışdır.

Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının davam etdirilməsi, cari il ərzində 19 yeni hərbi hissənin və 104 sərhəd-döyüş məntəqəsinin fəaliyyətə başlaması qeyd olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin cari ilin oktyabr ayında işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 3 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın ifadəsi olduğu və sərhədçiləri yeni xidməti uğurlara ruhlandırdığı vurğulanmışdır.

Çıxışda hər bir Azərbaycan sərhədçisi üçün azad olunmuş müqəddəs sərhədlərimizdə xidmət etməyin böyük şərəf və qürur mənbəyi olması qeyd edilmiş, şəxsi heyətin gələcək xidməti-döyüş fəaliyyətində uğurlar arzulanmışdır.

Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığında yaradılmış şəraitlə tanış olmuşlar. Burada şəxsi heyət üçün iş otaqları, zabit-gizir və əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana-qazanxana kompleksi, silah və təminat anbarları vardır. Hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik generatorları quraşdırılmış, su xətti çəkilmişdir. Ərazidə sıra meydanı yaradılmış, abadlıq işləri həyata keçirilmiş, ağaclar əkilmişdir.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunmuşlar.