Azərbaycanın sülhpərvər təşəbbüslərini adekvat dəyərləndirməyən Ermənistan rəhbərliyi ölkəmizə qarşı ənənəvi qarayaxma kampaniyasını davam etdirməklə, bir tərəfdən etimad quruculuğu prosesinə xələl gətirir, digər tərəfdən isə beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürlər yaratmağa çalışır.
Prezident İlham Əliyevin bir neçə gün əvvəl yerli televiziya kanallarına müsahibəsində Ermənistanla sülh prosesinə dair verdiyi mühüm mesajların Ermənistan baş naziri və digər rəsmi şəxsləri tərəfindən qərəzli şərh olunması, Azərbaycanın guya “aqressiv ritorika ilə növbəti hərbi eskalasiya üçün zəmin hazırlaması” kimi iddiaların səsləndirilməsi bunu bir daha sübut edir. Ermənistan və bu ölkənin havadarlarının təsir dairəsində olan media vasitələrində Azərbaycanın Qarabağdan sonra bu dəfə Zəngəzur dəhlizi ilə bağlı planlarını reallaşdırmaq üçün Türkiyənin dəstəyi ilə “yeni hərbi hücuma hazırlaşdığı” iddia olunur. Qərbin bir sıra qərəzli media qurumları da bu əsassız təbliğata qoşularaq, rəsmi Bakının Ermənistana qarşı sərt ittihamlarla “yeni hərbi qarşıdurma yaratmaq istədiyini” iddia edirlər. Ölkəmizin Ermənistandan deportasiya edilmiş azərbaycanlıların bu ölkəyə geriyəqayıdışının təmin edilməsi ilə bağlı haqlı tələbinin bu ölkəyə qarşı guya “ərazi iddiası” kimi şərh olunması həmin məkrli kampaniyanın tərkib hissəsidir.
Ermənistan baş naziri Nikol Paşinyan başda olmaqla, bu ölkənin rəsmilərinin hazırda Azərbaycanı sülhdə maraqlı olmayan, müharibəyə hazırlaşan, hərbi güclə təhdid edən tərəf kimi qələmə vermək cəhdləri geniş miqyas alıb. Reallıq isə budur ki, sözdə sülhdən dəm vuran rəsmi İrəvan özü son iki ildə kütləvi silahlanmanı davam etdirir, ABŞ və Fransa ilə birgə hərbi təlimlər keçirir, bir sıra ölkələrdən silah-sursat, hərbi texnika alışına dair müqavilələr imzalayır. Üstəlik, hərbi xərclərini bu il daha 20 faiz artıran rəsmi İrəvanın Bakının haqlı tələblərini “gərginlik yaratmaq cəhdi” kimi şərh etməsi tamamilə absurdddur.
Ermənipərəst dairələrin İkinci Qarabağ müharibəsidən sonra bütün cəhdləri Ermənistanın Azərbaycan və Türkiyənin guya mütəmadi hərbi təzyiqlərinə məruz qalan, müttəfiqi Rusiya tərəfindən atılan ölkə kimi təqdimatına yönəlib. 30 ilə yaxın müddətdə işğalçılıq siyasəti yürüdən Ermənistanın hazırda Azərbaycanı regional təhlükəsizliyi təhdid edən davranışlarda ittiham etməsi son dərəcə cəfəng və qeyri-səmimi yanaşmadır. Bununla baş nazir Nikol Paşinyan bir tərəfdən militarizasiya siyasətinə bəraət qazandırmağa, digər tərəfdən Fransa və ABŞ-ın daha çox maddi və hərbi dəstəyini qazanmağa çalışır. Məqsəd həm də Ermənistan daxilindəki gərginliyi azaltmaq, dərin məyusluq içində olan erməni cəmiyyətini yeni müharibə xofu ilə təhdid etmək, eyni zamanda beynəlxalq ictimaiyyətdə münaqişənin guya hələ başa çatmaması ilə bağlı saxta təsəvvür yaratmaqdır.
Fakt budur ki, Ermənistan baş naziri Nikol Paşinyanın sülh sazişinə dair populist bəyanatları bu ölkənin real davranışları ilə uzlaşmır. Təcavüzkar ölkə son illərdə üzləşdiyi bütün uğursuzluqlara rəğmən, əsassız iddialarından, bəzi revanşist yanaşmalarından əl çəkmir, öhdəliklərinin icrasını yubadır. Bunun yolverilməz olduğunu deyən Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində qarşı tərəfi səmimi davranmağa, dayanıqlı sülh naminə rəsmi Bakının ədalətli və beynəlxalq hüquqa söykənən tələblərini qəbul etməyə çağırıb.
Ermənistan Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddialarının aradan qaldırılması, ATƏT-in Minsk Qrupu və münaqişə ilə əlaqədar əvvəllər yaradılmış digər qondarma qurumların ləğvi, Zəngəzur Dəhlizi ilə əlaqədar öhdəliyin yerinə yetirilməsi, Qərbi Azərbaycanlıların geriyəqayıdış hüququnun təmini, Avropa İttifaqının hərbi-siyasi missiyasının təcavüzkar ölkənin ərazisindən çıxarılması, beynəlxalq platformalarda saxta iddialardan əl çəkilməsi rəsmi Bakının əsas tələbləri olaraq qalır.
Qarşı tərəf azərbaycanlıların bu ölkəyə geriqayıtma hüququnu inkar edir. Dövlət başçısının son müsahibəsində səsləndirdiyi fikirlər də, ilk növbədə, azərbaycanlıların öz doğma yurdlarına qayıtmasının insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması zəruriliyi ilə bağlı beynəlxalq ictimaiyyətə verilən mesaj kimi dəyərləndirilə bilər: “Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazım olmayacaq. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir”.
Qarabağ ermənilərinin könüllü köçü ətrafında əsassız kampaniya aparan Ermənistan 250 mindən çox azərbaycanlını öz ərazisindən qovması faktını gözardına almağa çalışır. Qarabağ ermənilərinin guya “etnik təmizləməyə məruz qalmaları”, barədə səsləndirilən cəfəng bəyanatlar da deyilənlərin əyani təsdiqidir. Belə bir şəraitdə Ermənistandan etnik təmizləmə siyasəti nəticəsində zorla qovulmuş Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı məsələsi təbii olaraq milli ideyaya çevrilib.
Ermənistanın azərbaycanlıların geriyəqayıdış hüququnu tanımaması həm də bu ölkədə hökm sürən etnik-milli, dini dözümsüzlüyün, ksenofobiyanın, rasizmin, faşizm ideologiyasının real təzahürləridir. Dövlət başçısı İlham Əliyevin müsahibəsində haqlı olaraq bəyan etdiyi kimi, bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblər. Ermənistanın birinci prezidenti Levan Ter-Petrosyan bir müddət əvvəl mediada yayılmış irqçi və faşist açıqlamalarında etnik təmizləməni “qürur mənbəyi” kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Rəsmi Bakı Ermənistandakı faşizm meyillərini haqlı olaraq regionun təhlükəsizliyinə təhdid sayır və buna qarşı adekvat tədbirlər həyata keçirmək əzmindədir.
Nəhayət, Ermənistanın Zəngəzur dəhlizini açması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını təmin etməsi iki ölkə arasında dayanıqlı sülhün başlıca şərtlərindəndədir. Bu tələblərə əməl etməyən Nikol Paşinyan hakimiyyətinin yerli-yersiz sülhdən söz açması, həqiqətən də özünü “sülh göyərçini” kimi təqdim etmək cəhdindən savayı bir şey deyil.
MTM Analitik Qrup