ERMƏNİSTANIN TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ ƏHALİYƏ VƏ DÖVLƏTƏ MƏXSUS NƏQLİYYAT VASİTƏLƏRİNƏ, SAHİBKARLIQ SUBYEKTLƏRİNƏ DƏYMİŞ ZİYANIN ARADAN QALDIRILMASI ÜÇÜN VƏSAİT AYRILIB – SƏRƏNCAM

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 5 400 000 (beş milyon dörd yüz min) manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.