ERMƏNİSTANIN SÖZÜ İLƏ ƏMƏLİ YENƏ ÜST-ÜSTƏ DÜŞMÜR, SÜLHDƏN BƏHS EDƏN İRƏVAN MİLİTARİZM SİYASƏTİ YÜRÜDÜR

Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bəyan edən Ermənistan buna paralel şəkildə sürətli şəkildə silahlanmağa davam edir. Prosesdə Ermənistanın havadarlarının da rolu az deyil və onlar da bu ölkənin militaristləşdirilməsində əsas təkanverici qüvvələrdən biridir.  Ermənistanın özünün buna zəmin yaratması, eyni zamanda Azərbaycanla sülh müqaviləsinin mümkün qədər tez imzalanmasıan hazır olduğunu bəyan etməsi isə bu ölkənin ikiüzlü siyasətinin növbəti təzahürü hesab oluna bilər.

Hazırda bir neçə məqam iki ölkənin sülh əldə etməsinə ciddi maneə yaradır. Bunlar ilk növbədə beynəlxalq instansiyalarda biri-birinə qarşı iddiaların geri götürülməsi və  sərhəddə üçüncü qüvvənin yerləşdirilməməsidir. Bundan əlavə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılması, Zəngəzur dəhlizinin açılması da iki ölkə arasında gələcək əməkdaşlıq üçün əsas şərtlər sırasında yer alır. Düzdür, sonuncular sülh müqaviləsində birbaşa təsbit edilməyib, lakin əməkdaşlıq əlaqələrinin qurulmasında fundamental əhəmiyyət kəsb edirlər.

Ermənistan tərəfindən səslənən məlumatlardan belə qənaət hasil olur ki, sadalanan məqamlar üzrə yaxın tezlikdə müəyyən dəyişikliklər ola bilər. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edir ki, Ermənistan hakimiyyəti regional əhəmiyyət daşıyacaq yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır: “Yeni konstitusiya üçün təklif etdiyim tezis geniş müzakirə olunub və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim edilib. Reallıqda isə “Real Ermənistan” ideologiyası çərçivəsində başqa məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil”. Qeyd edilməlidir ki,  bu qanunvericilik aktında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Ermənistan mediası yazır ki, yeni konstitusiya layihəsində bu iddialar aradan qaldırılması üçün müvafiq işlər görülüb.   Konstitusiya dəyişikliyi üçün Ermənistana müəyyən zaman lazım olsa da, bu ölkənin sülh naminə operativ şəkildə həyata keçirə biləcəyi digər hallar da var. Məsələn, Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan ölkəmizlə birlikdə ATƏT-in Minsk qrupunun ləğvi məqsədilə sözügedən qurum rəhbərliyinə müraciət edə bilər. Ümumiyyətlə, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinə hər hansı ehtiyac da qalmayıb və onun mövcudiyyətini davam etdirməsi absurd xarakterə malikdir. 

Diqqət cəlb edən daha bir məsələ Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın açıqlamalarıdır. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan beynəlxalq platformalardan bir-birinə qarşı iddiaları geri götürməyi, dövlətlərarası sərhəddən üçüncü tərəflərin çəkilməsi məsələsini də müzakirə edirlər. Bütün bunların həllini tapması fonunda perspektivdə Zəngəzur dəhlizinin açılma ehtimalı da yüksək hesab olunur. Ancaq sülh və əməkdaşlıq barədə səsləndirilən fikirlərə paralel şəkildə Ermənistan silahlanma prosesini də sürətləndirir. Özü də bu, o kontekstdə baş verir ki, ölkədə revanşizm meylləri hələ də güclüdür, faşizm ideologiyasına sadiqlik qorunur. Bundan əlavə, müəyyən kənar güclər, məsələn, Fransa Ermənistanı yeni qarşıdurmalara sövq edərək, Cənubi Qafqazda xaotik vəziyyətin yaranmasına can atır. Təbii ki, belə vəziyyətdə Ermənistanın silahlanması narahatlıq doğurmaya biməz.

Bu gün Ermənistan Fransa, Hindistan tərəfindən aktiv şəkildə silahlandırılır. Prosesdə digər qüvvələr, məsələn, Yunanıstan da iştirak edir. Adıçəkilən ölkələrin Ermənistana hansı silahları tədarük etdiyi, özü də bunların mütləq əksəriyyətinin hücum silahları olduğu bəllidir. Daha bir təhlükəli nüans ondan ibarətdir ki, Avropa İttifaqının Ermənistan ərazisindəki monitorinq missiyası da kəşfiyyat xarakterli məlumatları toplayaraq erməni hərbi-siyasi rəhbərliyinə ötürür. Artıq mediada yayılan və ictimailəşən məlumatlardan məlum olur ki, sözügedən missiyanın sərhəd boyunca, xüsusilə də mümkün toqquşma zonalarında kəşfiyyat işləri fəal xarakter almağa başlayıb. Missiyada yer alanlar sistematik olaraq əraziləri araşdırırlar, Azərbaycan Ordusunun dislokasiyasını təhlil edirlər.

Bütün bu qeyd edilənlərə Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında  toxunaraq qeyd edib: “Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir”. Dövlət başçısı bildirib ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır:  “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”.

Qeyd edilənlər bir daha təsdiq edir ki, regionda Ermənistan və havadarları sülh və əməkdaşlıq üçün ciddi təhdidlər yaradır, eyni zamanda İrəvanın sözü ilə əməlinin yenə üst-üstə düşmür. Halbuki, yeni toqquşmalar Ermənistanın özü üçün fəlakətdən başqa heç nə vəd etmir. Ermənistan  bütün həlledici parametrlər,  o cümlədən hərbi baxımdan Azərbaycandan dəfələrlə  zəifdir. İki ölkə arasında fərq bundan sonra da Azərbaycanın lehinə böyüməkdə davam edəcək. Bununla belə, Azərbaycan davamlı sülhün tərəfdarıdır və müvafiq fəaliyyət həyata keçirir. Lakin ölkəmiz istənilən təxribata və təhlükəsizliyinə xələl gətirəcək hər hansı hala adekvat cavab verməyə də tam hazırdır.

Mövcud vəziyyətdə Ermənistanın böyük güclər arasında yeni geosiyasi toqquşma məkanına çevrilmək üzrə olması da diqqətdən yayınmır. Belə toqquşma məkanı olan ölkələrin dağıdıcı nəticələrlə üzləşməsi, inkişafdan çox geridə qalmalarına dair günümüzdə də kifayət qədər nümunələr var. Halbuki, Azərbaycanla sülh müqaviləsi imzalayıb, əməkdaşlığa başlayacağı halda Ermənistan bu təhlükədən də xilas ola bilər. Sülh məsələsində Azərbaycanın təkliflərinin qəbulu Ermənistanın mövcudiyyətini davam etdirməsi, inkişafı üçün əslində, yeganə seçim variantıdır.   Bu ölkənın Azərbaycanın yaratdığı reallıqlarla barışması və bu əsasda fəaliyyətdən başqa yolu yoxdur.

MTM Analitik Qrup