ERMƏNİSTANIN SAXTA KAMPANİYALARI DAVAM ETDİRMƏSİ ETİMAD QURUCULUĞA ZƏRBƏ VURUR

Rəsmi İrəvan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində bir tərəfdən sülhün tezləşdirilməsi vacibliyindən dəm vurur, digər tərəfdən ölkəmizə qarşı əsassız və qərəzli kampaniyalarını davam etdirir. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda çıxışı zamanı guya “Qarabağdakı erməni mədəni irsinə təhlükənin olmasını”, “Buraya YUNESCO-nun müstəqil ekspert missiyasının göndərilməsi vacibliyini” yenidən dilə gətirməsi rəsmi İrəvanın ölkəmizə qarşı aşkar qərəzli mövqeyini, beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətlərini nümayiş etdirir.

Azərbaycanın rəsmi İrəvan qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən biri də beynəlxalq platformalarda ölkəmizə qarşı əsassız kampaniyaların, ərazi iddialarının dayandırılmasdır. Yekun sülh sazişi ilə bağlı danışıqların intensivləşdiyi bir zamanda bu cür əsassız iddiaların, eləcə də tarixin arxivinə gömülmüş “Dağlıq Qarabağ” termininin yenidən səsləndirilməsi etimad quruculuğu prosesinə ciddi zərbə vurur. Çünki belə iddialar qarşı tərəfin reallıqdan tamamilə uzaq olan “etnik təmizləmə” kampaniyasının tərkib hissəsidir.

Rəsmi Bakı ötən 4 ildə azad etdiyi ərazilərində maddi, mədəni, tarixi irsin dağıdılması faktlarını sənədləşdirib, fotolara köçürüb, peyk çəkilişləri edib. Ermənistanın müharibə cinayətlərinə dair çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılması məqsədilə azad olunmuş rayonlara müntəzəm səfərlər təşkil edilir. Müxtəlif ölkələrin dini liderlərinin, icma nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və s. azad edilmiş ərazilərə səfərlərinin təşkili Ermənistanın xristian abidələrinin taleyi ilə bağlı saxta iddia və yalanlarını ifşa edib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin 2021-ci ilin yekunlarına dair illik hesabatında Ermənistanın işğal etdiyi ərazilərimizə vurduğu zərərə – rayon və kəndlərin tamamilə dağıdılmasına, mədəni, tarixi, dini irsin məhv edilməsinə dair təkzibedilməz faktlar yer alıb. Hesabatda qeyd olunurdu ki, Ağdam rayonundakı qəbiristanlıqlar, o cümlədən şəhərin Şəhidlər xiyabanı və İmarət Qərvənd qəbiristanlığının XVIII əsrə aid müqəddəs və tarixi məqbərələri təhqir edilib, dağıdılıb. Bütün bunlar azərbaycanlılara xas əlamət və nişanələrin etnik zəmində silinməsinə, tarixi yer adlarının saxtalaşdırılmasına xidmət edən ksenefob addımlar olub.

İşğal dövründə Ermənistan ərazisində yerləşən, azərbaycanlılara xas dini ziyarətgah və abidələr – İrəvan “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər məscidlər uçurulub, Göy məscidin arxitektura xüsusiyyətlərini dəyişdirilib. Son illərdə İrəvan şəhərindəki Təpəbaşı məhəlləsi də daxil olmaqla, azərbaycanlılara məxsus mədəni irsini nümayişkaranə şəkildə dağıdılması Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarının kobud şəkildə pozulmasıdır.

2022-ci il fevral ayının 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşün nəticəsi olaraq YUNESKO missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq ifadə edilib. Lakin İrəvan bu öhdəliyini icra etməməklə, qeyri-konstruktiv mövqeyini bir daha göstərib.

Fransanın siyasi təsiri altında olan YUNESKO Ukraynada tarixi-mədəni irsinə dəymiş ziyanı müəyyənləşdirmək məqsədilə Kiyevə dəfələrlə missiya göndərdiyi halda, rəsmi Bakının Ermənistana faktaraşdırıcı missiya göndərilməsi ilə bağlı haqlı müraciətlərinə etinasız yanaşıb. “Siyasi proseslərə müdaxilə etmədiyini” əsas gətirərək Azərbaycanın müraciətlərini təmin etməyən YUNESKO-nun Ukraynaya münasibətdə fərqli yanaşma sərgiləməsi təşkilatın “ikili standartlar”dan çıxış etdiyini göstərib.  

Ermənistanın ötən əsrin 80-cı illərinin sonunadək ərazisində yaşamış azərbaycanlılara xas tarixi, mədəni maddi və dini irsi dağıtması və məhv etməsi rəsmi İrəvanın soydaşlarımızın bu ölkəyə qayıdışı prosesinə mane olmaq niyyətinin təzahürüdür. Rəsmi Bakının soydaşlarımızın geriyəqayıtma hüququnun reallaşdırılmasını Ermənistan qarşısında ciddi tələb kimi irəli sürməsi, onlara xas maddi-mədəni irsin vəziyyətinin araşdırılması üçün YUNESKO-ya israrlı müraciətlər etməsi rəsmi İrəvanı ciddi narahat edir.

MTM Analitik Qrup