
Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının rəhbəri Markus Ritterin sülh müqaviləsi imzalandıqdan və ratifikasiya olunduqdan sonra missiyanın Ermənistan-Azərbaycan sərhədində artıq lazım olmayacağı barədə açıqlaması əslində bu missiyanın indiyədək nə üçün mövcud olduğu sualını bir daha gündəmə gətirir. Bu bəyanat dolayısı ilə onu göstərir ki, Aİ missiyası nə uzunmüddətli təhlükəsizlik mexanizmi, nə də real sülh aləti olub. Əksinə, missiya konkret siyasi mərhələyə hesablanmış, müvəqqəti xarakter daşıyan və regional proseslərə kənardan təsir göstərmək məqsədi güdən bir struktur kimi formalaşdırılıb.
Ermənistanın bu missiyanı ölkə ərazisinə dəvət etməsi ilk gündən etibarən sülhə xidmət edən rasional addım yox, daha çox geosiyasi manipulyasiya kimi qiymətləndirilib. Rəsmi İrəvan bunu təhlükəsizlik zəmanəti kimi təqdim etməyə çalışsa da, reallıqda bu addım Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğunu artırmaq və regional proseslərə birbaşa müdaxilə etmək cəhdinin tərkib hissəsi idi. Missiyanın fəaliyyəti dövründə nə sərhəddə fundamental sabitlik yaranıb, nə də sülh danışıqları keyfiyyətcə yeni mərhələyə keçib. Əksinə, paralel formatların ortaya çıxması tərəflər arasında etimadı daha da zəiflədib.
Azərbaycan bu missiyanın yaradılmasına və fəaliyyətinə ilk gündən açıq və prinsipial şəkildə etiraz edib. Rəsmi Bakının mövqeyi ondan ibarət olub ki, yalnız Ermənistan ərazisində yerləşdirilən, Azərbaycanın razılığı olmadan fəaliyyət göstərən bir missiya obyektiv və neytral ola bilməz. Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, sülh prosesi ikitərəfli əsasda aparılmalı, kənar aktorlar isə vəziyyəti mürəkkəbləşdirən amilə çevrilməməlidir. Bu baxımdan, EUMA-nın mövcudluğu Bakı üçün sülhə töhfə verən deyil, risk yaradan faktor kimi qiymətləndirilib.
Missiya ətrafında ən çox müzakirə olunan və ciddi narahatlıq doğuran məqamlardan biri onun real funksiyaları ilə bağlıdır. Ekspert dairələrində və ictimai müzakirələrdə Aİ missiyasının sırf mülki müşahidə missiyası olmadığı, tərkibində kəşfiyyat fəaliyyəti ilə məşğul olan şəxslərin yer aldığı barədə fikirlər geniş yayılıb. Xüsusilə, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının yaxınlığında Avropa İttifaqı missiyasının peyda olması bu şübhələri daha da gücləndirib. Bu fakt missiyanın yalnız Azərbaycan-Ermənistan münasibətləri kontekstində deyil, daha geniş geosiyasi qarşıdurmanın elementi kimi də dəyərləndirilməsinə səbəb olub.
Markus Ritterin son açıqlaması isə bütün bu iddiaları dolayısı ilə təsdiqləyən məqam kimi görünür. Əgər sülh müqaviləsi imzalanan kimi missiyanın sərhəddəki fəaliyyəti artıq lazım olmayacaqsa, bu, EUMA-nın indiyə qədər sülhə real, ölçülə bilən töhfə vermədiyini açıq şəkildə ortaya qoyur. Sülh mexanizmi o strukturdur ki, razılaşmadan sonra da etimadı möhkəmləndirir, burada isə missiyanın öz-özünü ləğv etməsi onun formal xarakter daşıdığını göstərir.
Nəticə etibarilə, Ermənistanın vaxtilə atdığı bu addım nə regional sabitliyə xidmət edib, nə də sülh prosesini sürətləndirib. Əksinə, bu qərar Avropa İttifaqının Cənubi Qafqazda öz siyasi və təhlükəsizlik maraqlarını irəli aparmaq üçün istifadə etdiyi alətlərdən biri kimi yadda qalıb. Ritterin açıqlaması isə faktiki olaraq EUMA-nın lazımsız, müvəqqəti və sülhə real təsiri olmayan bir missiya olduğunu etiraf edən gecikmiş bəyanat kimi qiymətləndirilə bilər.
MTM Analitik Qrup
