Qlobal proseslərin mənfi təsirləri fonunda Azərbaycan nəinki sabit inkişaf tempini qoruyub saxlayır, eyni zamanda, mühüm sosial-inftastruktur layihələri reallaşdırır. Hazırda parlamentdə birinci oxunuşda qəbul edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ölkəmizin qarşıdakı il üçün nəzərdə tutduğu sosial təminat, müdafiə və təhlükəsizlik məsələlərinin, eləcə də əsaslı kapital qoyuluşu ilə bağlı hədəflərin uğurlu realizəsinə imkan yaradır.
Ümumi şəkildə deyilsə, gələn ilin büdcəsinin əsas məqsədləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərin bərpası, qeyri-neft sektorunun dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyinini təmini, makroiqtisadi vəziyyətin sabit saxlanılması, dinamik inkişafın stimullaşdırılması, habelə ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin gücləndirilməsidir.
Azərbaycan İkinci Qarabağ müharibəsi və ötən il həyata keçirilən lokal antiterror əməliyyatlarından sonra qətiyyən arxayınlaşmayıb, əksinə milli müdafiə və təhlükəsizlik məsələlərinə diqqətin artırılmasını zəruri sayıb. Prezident İlham Əliyevin çıxışları zamanı səsləndirdiyi fikirlər, verdiyi ismarıclar deməyə əsas verir ki, “Qarabağ münaqişəsi” mövzusunu birdəfəlik qapadan Azərbaycan Ermənistan üzərində diplomatik-siyasi və hərbi üstünlüyünü gücləndirməkdə davam edir. Danışıqların milli maraqlarımız çərçivəsində aparılması, revanşizm meyillərinin tam şəkildə aradan qaldırılması üçün hərbi təzyiq üsullarından istifadə aktuallığını itirmir.
Azərbaycanın Ordusunun mövqelərinin atəşə tutulması hallarına hələ də geniş rast gəlinməsi, noyabrın 28-də tərkibində Polşa Prezidenti Andjey Duda də olduğu Avropa İttifaqının “müşahidə missiyası”nın şərti sərhədə gətirilməsi rəsmi İrəvanın sülh danışıqlarının irəliləməsində, regional sabitlikdə maraqlı olmamasının daha bir göstəricisidir. Rəsmi İrəvan beynəlxalq miqyasda özünü “sülhə maraqlı”, “Azərbaycanın təhdidlərinə məruz qalan” ölkə kimi təqdim etməyə, bu yolla Avropadan hərbi-siyasi dəstək almağa çalışır. Bununla qarşı tərəf həm də regionda yeni gərginlik dalğası yaratmağa, etimad quruculuğu tədbirlərinə zərbə vurmağa, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil və davamlı xarakter daşıyır. ABŞ-ın Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın, Hindistanın Ermənistanı müasir silahlarla təchiz etməsi, Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı tərəfi təxribatlar törətməyə həvəsləndirir, militarist siyasət yürütməsinə dəlalət edir.
Hərbi xərclərini davamlı şəkildə artırması Ermənistanın üzləşdiyi miskin və acınacaqlı vəziyyətə baxmayaraq, revanş xülyasından əl çəkə bilməməsinin bariz göstəricisidir. İşsizlik səviyyəsi 12 faizə çatan, 15 ildən çoxdur ki, kəskin demoqrafik böhran yaşayan Ermənistanda hərbi xərclərin son 1 il ərzində 70 faiz artırması militarist büdcənin bariz nümunəsidir. Rəsmi İrəvan 2025-ci ildə hərbi sahəyə ÜDM-in 6 faizi qədər, yəni 1,7 milyard dollardan çox vəsait ayırmaq niyyətindədir.
Azərbaycanın ilbəil artan hərbi xərcləri ilə guya ayaqlaşmaq istəyən Ermənistan hərbi xərclərini artırmağa çalışmaqla, faktiki olaraq əhalisini səfalət içində yaşadır, strateji əhəmiyyətli digər sahələrin maliyyələşdirilməsini arxa plana keçirir. Üstəlik, bu ölkənin “yeni ərazilər uğrunda yeni müharibə”, Qarabağda ikinci erməni dövləti yaratmaq “arzuları” tamamilə iflasa uğrayıb. Hansısa uzunmüddətli mərhələdə Ermənistanın regionda hərbi balansa nail olması və Azərbaycanı hansısa formada təhdid etməsi qeyri-mümkündür.
Azərbaycanın gələn il üçün müdafiə və təhlükəsizlik xərclərinə ayıracağı vəsait, ümumilikdə, 8 milyard 396 milyon manat təşkil edəcək və bu da Ermənistanla müqayisədə 3 dəfə çoxdur. İlkin olaraq sözügedən xərclər üçün büdcədə 6 milyard 658 milyon manat vəsait nəzərdə tutulsa da, Ermənistanda silahlanmanın miqyasını nəzərə alınaraq müdafiə və təhlükəsizlik xərclərinin artırılması təmin edilib. Hərbi xərclərin strukturuna müdafiə qüvvələri üçün 2 milyard 665, 2 milyon, milli təhlükəsizlik üçün 467 milyon 917 min, sərhəd xidməti üçün 540 milyon 314 min manat daxildir. Müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 4 milyard 717,4 manat nəzərdə tutulub.
Rəsmi Bakı son 4 ildə bölgədə ədalətli, davamlı sülhün bərqərar olunması və Ermənistanla münasibətlərin normallaşdırılması məqsədilə bir sıra siyasi-diplomatik xarakterli addımlar atıb. Lakin Ermənistan hökumətinin sülh prosesinə hələ də qeyri-konstruktiv yanaşma sərgiləməsi, müşahidə olunan separatizm meyilləri, bölgədə sivil əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş cəhdlərin nəticəsiz qalması arzuolunan sülh və təhlükəsizliyə qarşı real təhdidlər yaradır.
Bunları nəzərə alan ölkə rəhbərliyi hərbi xərclərin arıtırılması ilə paralel Silahlı Qüvvələrin yeni parametrlər üzrə formalaşdırılmasına, komando tipli hərbi hissələrin yaradılmasına xüsusi diqqət ayırır. Müdafiə Nazirliyinin dəniz piyadalarının, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlı qüvvələrinin sayının dəfələrlə artırılması ölkəmiz üçün etibarlı təhlükəsizlik çətirinin formalaşdırılması zərurəti ilə şərtlənir.
Rəsmi Bakı son illərdə İsrail, Pakistan, Gürcüstan, Özbəkistan və İtaliya ilə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılıb, birgə sənədlər imzalanıb. Dünyada güclü orduya və müdafiə sənayesi məhsulları istehsalı potensialına malik İsrail və İtaliya ilə hərbi əməkdaşlığın genişləndirilməsi bu baxımdan xüsusi vurğulana bilər. Pilotsuz uçuş aparatlarının, yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi təmin edilir. 2024-cü il sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir JF-17C (Block-III) təyyarələrinin təqdim olunması da bunun növbəti əyani göstəricisidir.
Bütün bunlar deməyə əsas verir ki, Ermənistanın müəyyən ölkələrdən silah və hərbi-sursat əldə etməklə regiondakı qüvvələr nisbətini dəyişmək cəhdləri indiyə qədər olduğu kimi, bundan sonra da iflasa məhkumdur.
MTM Analitik Qrup