ERMƏNİSTANIN RƏHBƏRLİYİ SÜLHÜN ALTERNATİVİNİN OLMADIĞINI ETİRAF EDİR

Rəsmi İrəvanın son aylarda sülhün alternativinin olmadığını tez-tez etiraf etməsi göstərir ki, qarşı tərəf Azərbaycana qarşı əsassız iddia və ittihamların, habelə xaricdən dəstək gözləntilərinin mənasızlığını qəbul etməyə başlayıb. İki ölkə arasında aparılan danışıqların intensivləşməsi fonunda yekun sülh sazişinin müddəalarının üçdə ikisinin razılaşdırılması, habelə Ermənistan baş naziri Nikol Paşinyanın son aylardakı açıqlamaları rəsmi İrəvanın yekun sülh sazişə doğru real addımlar atmağa məhkum durumda olduğunu təsdiqləyir.

Baş nazir Nikol Paşinyan oktyabrın 2-də Ermənistan Milli Assambleyasının iclasında çıxışı zamanı bildirib ki, “Uzun illər ərzində dövlətin təhlükəsizliyi əsgərə tapşırılıb və bu da düzgün yanaşma olmayıb. “Dövlətimizin təhlükəsizliyinin yeganə təminatı sülh və qonşularla normal münasibətlərin olmasıdır, başqa təminat yoxdur” , – deyən baş nazir əlavə edib ki, ermənilər qədim tarixə malik olsalar da, müasir dünyanın reallıqları ilə tanış deyillər.

Azərbaycan rəhbərliyi postmüharibə dövründə regionda sülh və təhlükəsizliyin hansısa üçüncü ölkə və təşkilatdan deyil, ikitərəfli sülhdən, ərazi bütövlüyü prinsipinin qarşılıqlı tanınmasından, kommunikasiyaların açılmasından asılı olduğunu dəfələrlə bəyan edib. Rəsmi İrəvan bu reallığı hələ indi etiraf etməyə, guya müəyyən nəticələr çıxarmağa çalışır. Aşkar görünür ki, lokal antiterror tədbirlərindən sonra danışıqları yubatmağa çalışan Ermənistan Azərbaycanın uğurlu siyasi gedişləri qarşısında geri çəkilməli və yeni geosiyasi vəziyyətlə barışmalı olub.Bunun nəticəsidir ki, aprel ayından etibarən Ermənistan tərəfi Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişinin müddəalarının 80-ə qədərinin razılaşdırılması istiqamətində praktiki addımlar atıb.

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan oktyabrın 2-də jurnalistlərə açıqlamasında bildirdiyinə görə, Ermənistan hesab edir ki, razılaşdırılmış müddəalar ən azı iki ölkə arasında diplomatik münasibətlərin qurulması və qalan məsələlərin müzakirəsinin davam etdirilməsi üçün kifayətdir. Belə görünür ki, Ermənistan hakimiyyəti artıq regiondakı yeni siyasi reallıqların qəbulunun qaçılmaz olduğunu başa düşür, ictimai rəyi tədricən yekun sülhə hazırlayır.

Son aylarda əldə olunan mütərəqqi nəticələr sübut edir ki, iki ölkə arasındakı mübahisələrin həllində ən uğurlu format məhz birbaşa danışıqlardır. Bundan əlavə, Qarabağın ilhaqına yönələn siyasəti iflasa uğramış Ermənistanın sülh prosesini əngəlləyən yeni iddia və bəhanələrlə çıxış etməsi, imitasiya ilə məşğul olması mümkünsüzdür. Qarabağın tarixı Azərbaycan ərazisi olduğunu hazırda Ermənistanın uzun illər güvənc ünvanı kimi baxdığı ölkələr belə açıq bəyan edirlər.

“Əli hər yerdən üzülən”, bütün müstəvilərdə məğlubiyyətini anlayan rəsmi İrəvan son aylarda Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası istəqamətində konstruktiv mövqe tutmağa məcbur olub, Qazaxın işğal altında saxladığı 4 kəndini təhvil verib. Ermənistan Konstitusiya Məhkəməsinin sentyabrın 26-da “dövlət sərhədinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının işi haqqında Əsasnamənin konstitusiyaya uyğunluğu” barədə qərarından sonra bu ölkədəki radikal-revanşist qüvvələr də mövcud geosiyasi reallığı nə zamansa dəyişməyin mümkünsüzlüyünü etiraf edirlər.

Ermənistan rəhbərliyini sülh istiqamətində addımlar atmağa sövq edən digər amil erməni cəmiyyətinin hazırda müharibə ovqatında olmaması ilə şərtlənir. Sadə ermniələr müəyyən geosiyasi reallıqları düzgün dəyərləndirmək imkanı əldə edib və eyforiyadan çıxıblar. Bunun nəticəsidir ki, erməni keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən, sülh prosesinə qarşı yönələn etiraz aksiyaları Ermənistanda ciddi dəstək almadı. Bu amil revanşist və radikal-millətçi qüvvələrin etirazlarına rəğmən, rəsmi İrəvanın sülh danışıqları ilə bağlı mövqelərini gücləndirib.

Hazırda Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı qalması da Ermənistanı sülh prosesini sürətləndirməyə məkhum edib. Ermənistan baş naziri oktyabrın 2-də Milli Assambleyada hökumət saatında çıxışı zamanı vurğulayıb ki, ölkəsinin səyləri Türkiyə və Azərbaycanla münasibətlərin tez bir zamanda tənzimlənməsinə yönəlib. Ermənistanın region ölkələri ilə səmərəli iqtisadi və nəqliyyat-kommmunikasiya əlaqələri yaratması, təcriddən xilas olması bu ölkənin sülhyaratma təşəbbüslərinə yanaşmasından asılıdır.

MTM Analitik Qrup