Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən imtina etdi. Görüş Avropa Siyasi Birliyinin Britaniyada keçirilən 4-cü Zirvə toplantısı çərçivəsində baş tutmalı idi. Lakin Ermənistanın qeyri-konstruktiv yanaşması ucbatından bu görüş alınmadı və İrəvan adminstrasiyası bu məsələ ilə bağlı heç bir tutarlı arqument təqdim etmədi. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mətbuata açıqlamasında Ermənistanın bu görüşdən imtina etməsini onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin təzahürü kimi qiymətləndirdi.
Nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü Britaniyanın təşəbbüsü ilə keçiriləcəkdi. İngiltərənin baş naziri yalnız görüşün əvvəlində iştirak etməli, sonra danışıqlar tərəflər arasında davam etdirilməli idi. Belə bir tanış formatdan Ermənistanın imtina etməsi özlüyündə bir sıra suallar doğurur və məsələyə kənar müdaxilənin olması faktını gündəmə gətirir. Çünki bundan qabaq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşən tərəflərə eyni format təklif olunmuş, kansler Olaf Şoltsun iştirakından sonra tərəflər gündəlikdə duran məsələləri müzakirə etmişdilər. O zaman belə bir problemin yaranmadığını nəzərə alsaq deyə bilərik ki, görüşün Britaniyanın təşəbbüsü ilə keçirilməsi Ermənistanın xoşuna gəlməyib.
Britaniya-Azərbaycan əlaqələri hər zaman yüksək səviyyəsi ilə seçilib. Ölkələrimiz arasında siyasi-iqtisadi sahədə genişlənən əlaqələr heç vaxt böhranla üzləşməyib. Hazırda Britaniya da Orta Dəhlizin əsas seqmenti olacaq Zəngəzur dəhlizinin açılmasına böyük maraq göstərir və ingilislər Avrasiyada yeni nəqliyyat qovşağının yaradılmasında maraqlı tərəf kimi çıxış edir. Təbii ki, bunu Ermənistanda da bilirlər və görünür, Nikol Paşinyan bu görüşdən özünə qarşı hər hansı təhlükə hiss edib. Ermənistanın baş naziri həm də onu görür ki, Bakının mövqeləri Avropada getdikcə güclənir. Hətta Amerika belə Ermənistana tezliklə Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin bağlanması istiqamətində təzyiq edir. Məhz belə bir məqamda İngiltərədə Prezident Əliyevlə keçiriləcək görüşdə Ermənistanın yenidən divara sıxışdırılması Paşinyanı yenidən pis vəziyyətdə qoya bilərdi. Baxmayaraq ki, hazırda tərəflərin müzakirə edəcəyi çoxlu məsələlər var və bu məsələlərlə bağlı liderlərin konkret mövqeyə gəlməsi həmişəkindən daha vacibdir.
Avropa Siyasi Birliyinin Azərbaycan və Ermənistan liderlərinə təqdim etdiyi platforma ümumilikdə səmərəlidir. Praqada təşkil edilən birinci görüş zamanı tərəflər daha gərgin dövrdən keçirdilər, müharibə yeni bitmişdi. Buna baxmayaraq, hər iki ölkə çətinliklərin Almaatı bəyannaməsinə əsasən həll olunmasında razılığa gəldilər. Bu qərar o zaman bir sıra beynəlxalq dairələri şoka salmışdı. Az keçmədi ki, bu qərarına görə Ermənistanı qınamağa başladılar və onlar haqlı olaraq hesab edirdilər ki, bu, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müdaxilə istiqamətində itirilmiş son şans idi.
Kişinyovda təşkil edilən ikinci görüş birincisi qədər əhəmiyyətli olmasa da mövcud problemlərin müzakirəsi və ortaq məxrəcə gəlinməsi baxımından əhəmiyyətli idi. Lakin gedişat bəzi beynəlxalq dairələri, ən çox da Fransanı narahat etməyə başladı. Artıq onlar bu cür ikitərəfli görüşlərin üçlü, dördlü, hətta beşli formatda keçirilməsini təklif edirdilər. Rəsmi İrəvan isə bu təklifləri dəstəkləyirdi. Fransanın rəsmi şəxslərinin, xüsusilə də Prezident Emmanuel Makronun Azərbaycan əleyhinə sərt bəyanatlarından sonra vəziyyət dəyişdi. Artıq Azərbaycanın Makronun iştirakı ilə keçiriləcək hər hansı görüşə ehtiyacı qalmamışdı. Həmin vaxt çoxtərəfli formata Bakının Türkiyənin də daxil edilməsi təklifinin qəbul edilməməsi ona gətirib çıxardı ki, Azərbaycan ötən ilin oktyabrında Qranadada təşkil olunan görüşə qatılmadı. Bununla bağlı dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə söhbətində açıq şəkildə bəyan etmişdi ki, “Azərbaycan Qranadadakı görüşdə Fransanın məlum mövqeyinə görə iştirak etməyib”.
Prezident İlham Əliyev Fransanın Ermənistana silah verməsinin sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşma olduğunu deyərək bildirmişdi ki, əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. Çox güman ki, Ermənistanın Oksforddakı görüşdən imtinasının əsas səbəbkarı da Fransadır. İndiyə qədər Avropadakı danışıqlara Ermənistanın mövqeyini ön plana çıxarmaq üçün dəridən-qabıqdan çıxan Paris müttəfiqini hansısa risklərdən yayındırmağa çalışır. Digər tərəfdən Fransa hələ də Cənubi Qafqaz uğrundakı səylərini başqa qüvvələrin əlinə keçməsini istəmir və bunun uğrunda mübarizə aparır. Lakin vəziyyət ondan xəbər verir ki, artıq Nikol Paşinyan Ermənistanın siyasi, ictimai, hətta iqtisadi və hərbi mövqeyinə ciddi təsir etsə belə müəyyən qərarlar qəbul etməlidir. Risk faktorlarının dövriyyəyə girməsi də qaçılmazdır. Lakin ortada siyasi iradə varsa bu riskləri zərərsizləşdirmək elə də çətin məsələ deyil. Həm də axı Ermənistanın başqa çıxış yolu qalmayıb, regionu əbədi təhdid altında saxlamaq olmaz. O, əvvəl-axır bütün qonşularla dil tapmalı, Azərbaycan və Türkiyənin təqdim etdiyi sülh gündəliyini yerinə yetirməlidir.
MTM Analitik Qrup