ERMƏNİSTANIN MİNA TERRORU BEYNƏLXALQ PLATFORMALARDA İFŞA EDİLİR

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi ilə yanaşı, Ermənistanın mina terrorunun miqyasının dünyada çatdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Qeyd edilən zərurət onunla şərtlənir ki, təcavüzkar ölkə beynəlxalq hüquq normalarını pozaraq 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə təkcə təmas xəttinə yaxın əraziləri deyil, ümumilikdə bütün rayon və şəhərləri, strateji əhəmiyyətli yüksəklikləri minalayıb.
Ermənistan silahlı qüvvələrinin minalardan təkcə hərbi məqsədlərlə deyil, mülki və dinc insanları məhv etmək üçün də istifadə etməsi faktı son illərdə tam təsdiqini tapıb. Azərbaycan ərazilərinə yerləşdirilən minalar günahsız insanlar üçün bu gün də təhlükə olmaqda davam edir. Fevralın 21-də Xocalı rayonunda mina hadisəsi nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsinin sonundan indiyədək mina qurbanlarının sayı 383 nəfərə çatıb.
Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən bu günədək 3500-ə yaxın ölkə vətəndaşı minalardan zərər çəkib. Onlardan 358-ni uşaqlar, 38-ni qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbi isə Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir.
Xarici İşlər Nazirliyinin bununla əlaqədar açıqlamasında qeyd edildiyi kimi, insidentin baş verdiyi yer Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas xəttindən çox-çox kənara mina yerləşdirməsinin daha bir sübutudur. “Böyük mənfi humanitar təsirləri və minalarla davamlı çirklənmənin sülhə və barışığa nail olmaq səylərinə çağırış olduğunu nəzərə alaraq, Azərbaycan minatəmizləmə səylərinə beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyinə ümid edir”, – deyə paylaşımda bildirilib.
Azərbaycan hazırda dünyanın minalarla ən çox çirklənmiş ərazilərindən biri sayılır. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, ərazilərimizi minalardan tam şəkildə təmizləmək üçün 30 ilə yaxın vaxt və 25 milyard ABŞ dolları vəsait lazımdır. Təcavüzkar ölkənin silahlı qüvvələri işğal altında saxladıqları ərazilərimizi tərk edərkən beynəlxalq səviyyədə qadağan olunmuş “tələ mina”lardan da geniş istifadə edib. İkinci Qarabağ Müharibəsindən, elədə cə lokal antiterror tədbirlərindən sonra ərazilərimizdə aşkarlanan minaların böyük bir qisminin isə məhz 2021-2022-ci illərdə məhz Ermənistanda istehsal edildiyi məlum olub.
Ermənistan minalarla bağlı beynəlxalq birliyin qəbul etdiyi sənədlərə də aşkar hörmətsizlik nümayiş etdirib. Bu sırada “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları, 10 oktyabr 1980-ci il tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolu, 1999-cu il “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” BMT Konvensiyasını xüsusi qeyd etmək lazımdır.
BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2365 saylı qətnaməyə əsasən, quruma üzv dövlətlər minaya qarşı mübarizədə öhdəliklərini yerinə yetirməlidirlər. Bu öhdəliklərdən biri də məhz postmüharibə dövründə minalanmış ərazilərin xəritəsinin təqdim edilməsi ilə bağlıdır. Ermənistan son 4 ildə bu xəritələri Azərbaycana tam və dəqiq şəkildə verməməklə həmin qətnamənin tələblərini pozub. Bu fakt həm də təcavüzkar ölkənin regionda qarşılıqlı etimad, sülh və təhlükəsizlik mühitinin formalaşdırılması istiqamətində təşəbbüslərə qeyri-səmimi yanaşdığını göstərir.
Rəsmi İrəvanın beynəlxalq təzyiqlər altında mina xəritələrinin bir qismini Azərbaycana təqdim etmək məcburiyyətində qalması rəsmi Bakının apardığı fəal və ardıcıl diplomatik fəaliyyətin nəticəsi olub. Faktiki olaraq qarşı tərəf bununla beynəlxalq miqyasda insanlığa zidd müharibə cinayətləri törətdiyini, keçmiş hərbi təmas nöqtələrindən kənar əraziləri belə minaladığını, mülki əhalini kütləvi qətlə yetirmək məqsədi güddüyünü etiraf edib. Lakin aidiyyəti dövlət qurumlarının açıqlamasında təqdim edilən həmin mina xəritələrinin qeyri-dəqiq, etibarsız və natamam olması vurğulanıb. Qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu aşkarlanııb.
Ermənistanın ərazilərimizi misli görünməmiş miqyas və sıxlıqda minalaması, eyni zamanda, Azərbaycanafob yanaşmanın, saxta və zərərli ideologiya əsasında erməni cəmiyyətinə aşılanmış millətçi ideologiyanın, nifrət və qisasçılıq hissinin real təzahürləridir. Eyni zamanda, qarşı tərəf bu antihumanist addımlarını 10 noyabr 2020-ci il tarixli məlum Üçtərəfli Bəyanatın imzalanmasından sonra da davam etdirilib.
Son illərdə Bakıda mina probleminə həsr olunmuş tədbirlər çərçivəsində aparılan müzakirələr deməyə əsas verir ki, ölkəmizin apardığı diplomatik iş və təbliğat səmərəli nəticələr verir. Bu tədbirlər beynəlxalq təşkilatların mövcud təhdidlər barədə məlumatlandırılması ilə yanaşı, ölkəmizə bu sahədə beynəlxalq dəstəyin gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
Azərbaycan özü də bu gün qlobal səviyyədə humanitar minatəmizləmə prosesinə ciddi töhfələr verir. Respublikamız dünyada münaqişələrin və mina fəsadlarının artmasını nəzərə alaraq humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi təsbit edilməsi təşəbbüsü ilə çıxış edib. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib.
Rəsmi Bakının Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi ilə bağlı BMT-də qətnamə layihəsi yayması da bu istiqamətdə mühüm diplomatik gedişlərdən olub. Ölkəmizin aparılan təbliğat nəticəsində artıq dünya ictimaiyyəti yaxşı başa düşür ki, İrəvanın xəritələri tam və dəqiq şəkildə verməməsi azərbaycanlı əhalinin həyatına qəsd etmək, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesini yubatmaq niyyətinə hesablanıb.