ERMƏNİSTANIN MİLİTARİZM SİYASƏTİ SÜLH PROSESİNİ YENƏ ZƏRBƏ ALTINDA QOYUR

Azərbaycan Ermənistanla sülh şəraitində yaşamaqda, münasibətlərin normallaşmasında maraqlı olsa da, qarşı tərəf bu istiqamətdə hələ də adekvat mövqe sərgiləmir. Sözdə barış və əməkdaşlıqdan gen-bol danışan Ermənistan əməldə tamam fərqli mövqe sərgiləyir. Elə bu səbəbdəndir ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün olmayıb. Əsas səbəb odur ki, Ermənistan ölkəmizə qarşı hüquqi müstəvidə ərazi iddialarına hələ də son qoymayıb, düşmənçilik siyasətindın əl çəkməyib. Təbii ki, bu şəraitdə sülhün əldə olunması, iki ölkə arasında münasibətlərin qurulması da mümkün deyil.

Hadisələrin inkişaf axarı göstərir ki, Ermənistan hələ də sülh müstəvisində əməli addımlar atmağa tələsmir. Bunu xarici işlər naziri Ceyhun Bayramov da təsdiq edir. Onun sözlərinə görə, iki ölkə arasında normallaşma prosesində İrəvanın mövqeyi üzündən hələ ki ciddi addımlar yoxdur: “Hazırda Ermənistan tərəfindən Azərbaycanın gözləntiləri var. Bu, ərazi iddialarından imtina və ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Bu prosesləri izləyirik. Təmaslar var, amma ciddi addımlar hələ ki, yoxdur”. Sülh və əməkdaşlıq istiqamətində fəaliyyət əvəzinə Ermənistan daha çox silahlanmaya üstünlük verir və bu işdə müəyyən tərəfdaşlarının, o cümlədən Fransa və Hindistanın yardımlarından, köməyindən geninə-boluna faydalanır. Halbuki, Ermənistana qarşı heç bir təhdid olmadığından bu ölkənin sürətlə silahlanmasına da zərurət yoxdur. Deməli, Ermənistan perspektiv üçün tamam fərqli məqsədlər güdür, Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirmək istəyir. Çünki bu ölkə mövcud vəziyyətdə yalnız Azərbaycana qarşı mövqe sərgiləyir, İkinci Qarabağ müharibəsində üzləşdiyi məğlubiyyətdən sonra revanşizm əhval-ruhiyyəsi ilə yaşayır. Məhz bu kontekstdə də sürətlə silahlanmaqda davam edir.

Belə bir vaxtda yayılan məlumatlara əsasən, Hindistan cari ilin iyul ayında Ermənistana “Akash” zenit raket komplekslərinin ikinci partiyasını göndərməyə hazırlaşır. “Indian Aerospace Defence News” nəşri bildirir ki, yeni tədarük iki ölkə arasında böyük müqavilənin bir hissəsidir. Sözügedən komplekslərin ilk batareyası artıq Ermənistana göndərilib.“New Indian Express” nəşri daha əvvəl məlumat yaymışdı ki, 2022-ci ildə Ermənistan və Hindistan ümumi dəyəri təxminən 710 milyon dollar olan 15 “Akash” raket sisteminin alınması barədə razılaşma imzalayıblar. “Akash” kompleksi havada hədəfləri vurmaq üçün nəzərdə tutulmuş “yer-hava” tipli raket qurğularıdır. Raket batareyaları qırıcılara, dronlara və qanadlı raketlərə qarşı mübarizə apara bilər. Düzdür, onların keyfiyyəti ciddi sual doğurur. Amma hər halda Ermənistan bu və digər Hindistan silahlarını aktiv şəkildə idxal edir.

Məsələ ilə bağlı Rusiyanın Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli Müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko qeyd edir ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən, eləcə də xarici siyasət istiqamətlərinin Qərbin xeyrinə dəyişməsindən sonra Ermənistan əsas silah və hərbi texnika növlərinin əldə edilməsi mənbələrini diversifikasiya etməyə başlayıb: “Bu, digər məsələlərlə yanaşı, hava hücumundan müdafiə sahəsində də özünü göstərdi, Fransa və Hindistan Ermənistanın yeni əsas tərəfdaşlarına çevrildi. Hazırda hər iki ölkə Ermənistana hava hücumundan müdafiə sistemləri və komplekslərinin tədarükü üzrə müqavilələri yerinə yetirir. Həm Fransa, həm də Hindistan zenit-raket sistemləri də daxil olmaqla, fransız texnoloji həlləri əsasında vahid, inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi yaradır”.

Konkret “Akash” kompleksinə gəlincə, İqor Korotçenko bildirir ki, İrəvan müqaviləyə əsasən 15 buraxılış qurğusu qəbul etməlidir: “Hindistanla müqavilənin mənası ondan ibarətdir ki, Ermənistan hakimiyyətinin hərbi proqramının prioritetlərindən biri Cənubi Qafqaz üzərində hava məkanına nəzarət etmək və geniş diapazonda hədəfləri vura bilmək üçün NATO standartlarına əsaslanan laylı hava hücumundan müdafiə sisteminin yaradılmasıdır. Aydındır ki, Azərbaycan həmişə Ermənistan üçün potensial düşmən olub və belə də qalır. Bütün müasir silah sistemlərinin alınması və zabit heyətinin bütün hazırlığı Ermənistan tərəfindən Azərbaycanla yeni hərbi münaqişə ehtimalı nəzərə alınmaqla həyata keçirilir. Hindistanın tədarük etdiyi “Akash” hava hücumundan müdafiə sistemləri potensial hava münaqişəsində Azərbaycan döyüş təyyarələrini məhv etmək üçün nəzərdə tutulub. Nə qədər ki, belə bir münaqişə yoxdur, bu sistemlərlə İrəvan Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin, helikopterlərinin və digər hava nəqliyyat vasitələrinin fəaliyyətinə nəzarət etməyə çalışacaq”.

Ekspert qeyd edir ki, beləliklə, Hindistandan “Akash” hava hücumundan müdafiə sistemini almaqla Ermənistan Cənubi Qafqazda öz mövqeyini gücləndirməyə çalışır: “Akash” sistemləri vasitəsilə Ermənistan hava hücumundan müdafiə çətiri yaradır və bu fonda gələcəkdə müəyyən hərbi təxribatlar həyata keçirə bilər. Biz həmişə gələcəyə baxmalıyıq: İrəvanın hərbi potensialını gücləndirən hər şey Cənubi Qafqaz regionunda vəziyyəti sabitsizləşdirir”. Bütün bunlar həm də o deməkdir ki, Ermənistan sülhdə maraqlı deyil və bu müstəvidə yalnız görüntü yaratmaqla məşğuldur. Azərbaycanla münasibətdə düşmənçilik mövqeyindən əl çəkməyən Fransa, Hindistan kimi ölkələr bu vəziyyətdə Ermənistandan bir vasitə kimi istifadə edirlər. Amma bütün bunlar nəticə etibarı ilə Ermənistanın özü üçün böyük təhdidlər yaradır.
Əvvəla, Ermənistan heç vaxt Azərbaycanla müqayisədə nəinki hərbi üstünlük qazana, heç paritetə də nail ola bilməz. Əksinə, bu istiqamətdə də iki ölkə arasında fərq davamlı olaraq Azərbaycanın lehinə dəyişir. İkinci bir tərəfdən Azərbaycan özü üçün yaranan təhlükəni harada olmasından asılı olmayaraq, neytrallaşdırmaq hüququnu özündə saxlayır. Ermənistan bunu nəzərə almasa, onda perspektivdə bu ölkədən əsər-əlamət qalmaya bilər.

MTM Analitik Qrup