ERMƏNİSTANIN KTMT-DƏN UZAQLAŞMASI ONUN TƏHLÜKƏSİZLİYİNƏ NƏ VƏD EDİR?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) postsovet məkanında təhlükəsizlik və hərbi əməkdaşlığı gücləndirmək məqsədilə yaradılmış bir qurum olsa da hazırkı vəziyyətdə onun gələcəyi və fəaliyyət dairəsi bir çox suallar doğurur. Ermənistanın vaxtaşırı bu təşkilatda fəaliyyətini dayandırmasına dair bəyanatlar verməsi təşkilat daxilində fikir ayrılıqlarının yaranmasına, üzv ölkələrin bəzilərinin KTMT-nin səmərəliliyinə inamın azalmasına gətirib çıxarıb. Rusiya isə KTMT-nin varlığının qorunub saxlanmasını hələ də keçmiş postsovet respublikalarına əsas təzyiq vasitəsi kimi görür. Bu baxımdan da Ermənistanın KTMT-yə və Moskvaya şıltaqlıqlarına səbirlə dözür, analoqu olmayan təmkin nümayiş etdirir.

Qeyd edək ki, Ermənistan 1994-cü ildən təşkilata qoşulub və onun hədəfi həm öz təhlükəsizliyini təmin etmək, həm də Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək idi. Lakin ikinci Qarabağ müharibəsindən sonra vəziyyət dəyişdi. Ermənistan Rusiyanın bu müharibədə onun tərəfində olmadığını bəhanə edərək təşkilatdan uzaqlaşmaq siyasətinə start verdi. Təbii ki, bu qərar Ermənistanın sərhədlərindən kənarda formalaşmışdı və İrəvan adminstrasiyası ölkənin Rusiyanın hərbi təsirindən çıxarmaq üçün Qərbdən xüsusi göstəriş almışdı. Bu isə Moskva ilə İrəvan arasında münasibətlərin gərginləşməsinə, qarşılıqlı ittihamların çoxalmasına gətirib çıxardı. Rusiya rəsmiləri bununla bağlı çoxsaylı bəyanatlar verərək Ermənistan rəhbərliyini sərt qərarlardan çəkinməyə çağırdılar, hətta hədələdilər də. Lakin Nikol Paşinyan hökuməti Qərbin təzyiqləri qarşısında tab gətirməyərək Moskvanın hakim olduğu təşkilatdan uzaqlaşmaq yolunu tutdu, Rusiya-Ukrayna müharibəsi də bu məsələdə Ermənistanın işinə yaradı, onu daha da cəsarətləndirdi.  İndi elə bir vəziyyət yaranıb ki, nə Moskvanın, nə də Ermənistanın geriyə yolu qalmayıb. İrəlidə nəyin baş verəcəyi isə müəmmalıdır.

Lakin Moskva hələ də təmkin göstərir və hər fürsətdə Ermənistanı başa salmağa, ona keçmişdə edilən yaxşılıqları xatırlatmağa çalışır. 2016-cı ilə qədər KTMT-nin baş katibi olmuş Nikolay Bordyujanın açıqlamaları da bu qəbildəndir. O da müsahibəsində ötən illərdə Rusiyanın Ermənistana verdiyi silahlardan danışıb, onların dəyərinin milyonlarla dollar həcmində olduğunu xatırladıb. Ona görə də Ermənistanın təşkilata üzvlüyünü dayandırmasını bu ölkənin təhlükəsizliyi üçün ciddi risk kimi dəyərləndirən Bordyuja bildirib ki, Ermənistanın KTMT-dən çıxışı, regional sabitlik üçün mənfi nəticələr doğura bilər. Onun fikrincə, Ermənistan təşkilatda qalaraq müttəfiq ölkələrin dəstəyindən bəhrələnmək imkanını qoruyur və təhlükəsizlik məsələlərində daha güclü müdafiə mexanizmi əldə edir.

Bordyujanın açıqlaması KTMT-nin Ermənistan üçün həm siyasi, həm də hərbi təhlükəsizlik baxımından əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. O, xüsusilə Ermənistanın coğrafi və strateji vəziyyətini nəzərə alaraq, təşkilatdan çıxmağın onun regional təhlükəsizliyinə ciddi zərbə vuracağını önə çəkir. O, İrəvan adminstrasiyasına xatırlatmağa çalışır ki, Ermənistanın Rusiya ilə müttəfiqliyinin zəifləməsi Azərbaycan və Türkiyənin güclənən mövqeyi fonunda daha da təhlükəli görünə bilər.

Təbii ki, Ermənistanın təhlükəsizlik narahatlıqları əsasən Azərbaycanla bağlıdır. İrəvan yaxşı bilir ki, hər hansı eskolasiya risqində, regionda və bölgədə sahibitliyə təhdid yaradacağı təqdirdə Azərbaycandan layiqli cavab alacaq. Öz çirkin niyyətlərini həyata keçirmək üçün təşkilatı cəza maşını kimi görən Ermənistandan fərqli olaraq isə KTMT postsovet məkanında ümumi təhlükəsizlik məsələlərinə fokuslanır. Üstəlik, KTMT-yə üzv ölkələrin demək olar ki, hamısı Azərbaycanla ikitərəfli və çoxtərəfli formatda uğurlu əlaqələr qurub, onların çoxu Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı qələbənin Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verməsi baxımından rəsmi Bakı ilə həmfikirdir. Bu isə Ermənistanı ikinci plana keçməsinə səbəb olur. Məsələn, 2023-cü ildə Belarus və Qazaxıstan liderləri Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatlar verərək Ermənistanı təcrid olunmuş vəziyyətə saldılar. Bundan bəhanə kimi istifadə edən Ermənistan isə öz təhlükəsizlik siyasətində yeni istiqamətlər axtarmağa başladı. Avropa İttifaqı ilə hərbi əməkdaşlığın dərinləşdirilməsi, NATO ilə əlaqələrin gücləndirilməsi və Qərbə daha yaxın siyasət yürütmək onun əsas alternativləri arasındadır. Lakin bu alternativlər Ermənistan üçün qısa müddətdə yetərli təhlükəsizlik təminatı verməyə bilər. Eyni zamanda, KTMT-dən çıxmaq Ermənistanın bölgədə daha da təcrid olunmasına səbəb ola bilər. Rusiya ilə münasibətlərin tamamilə pozulması iqtisadi və siyasi baxımdan da mənfi nəticələr doğurar.

MTM Analitik Qrup