
Son illərdə Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik epizodik fikir ayrılıqları səviyyəsini aşaraq daha da dərinləşir. Rəsmi İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma kursu, bu istiqamətdə qəbul edilən siyasi və hüquqi qərarlar rəsmi Moskva tərəfindən açıq geosiyasi seçim kimi qiymətləndirilir.
Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikovun “TASS” Agentliyinə müsahibəsi rəsmi Moskvanın bununla bağlı etirazını aydın şəkildə ortaya qoyur. Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Rusiya ilə müttəfiqlik münasibətləri və Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya prosesləri baxımından mənfi nəticələrə gətirib çıxara bilər. Avropa İttifaqının son illərdə Ukraynadakı müharibənin siyasi, iqtisadi və hərbi tərəflərindən biri kimi çıxış etməsi və Rusiyaya qarşı sərt sanksiyaları fonunda Ermənistanın bu quruma üzvlük niyyətinin Moskvada ciddi narahatlıq doğurduğu gizlədilmir.
Avropa İttifaqı standartlarının Ermənistanın üzv olduğu Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) prinsipləri ilə uzlaşmadığı da xüsusi vurğulanır. Rusiya tərəfi açıq şəkildə bildirir ki, eyni zamanda həm Aİİ-nin, həm də Avropa İttifaqının tamhüquqlu üzvü olmaq mümkün deyil. Brüsselin İrəvana qəbul etdirdiyi normativlər Ermənistanın Aİİ çərçivəsində götürdüyü öhdəliklərlə uzlaşmır və ziddiyyətlərə yol açır.
Rəsmi İrəvan isə Rusiyanın etirazlarına baxmayaraq, Avropa İttifaqı ilə əlaqələrini genişləndirmək siyasətindən əl çəkmir. Xatırladaq ki, 2025-ci ilin aprelində Ermənistan prezidenti Vahaqn Xaçatryanın parlament tərəfindən təsdiqlənmiş “Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanunu imzalaması bu prosesin rəsmiləşdirilməsi olub.
Gərginliyi artıran digər mühüm amil Avropa İttifaqının Ermənistanla təhlükəsizlik və hərbi sahədə əməkdaşlığı genişləndirməsidir. Təşkilatın Sülh Fondu vasitəsilə 2025-ci ildə Ermənistana 10 milyon avro, bir neçə gün əvvəl isə 20 milyon avro məbləğində hərbi yardım paketi ayırması bu ölkədə hərbi bazaları yerləşdirilən Rusiya tərəfindən ciddi təhdid kimi qarşılanır. Bu yardım paketləri Brüsselin İrəvanı siyasi və hərbi baxımdan öz orbitinə cəlb etmək niyyətini nümayiş etdirir. Hakbuki, Rusiya uzun illər KTMT üzvü kimi Rusiyanın təhlükəsizlik maraqlarından çıxış edən və ona sığınan ölkə olub.
Avropa İttifaqının hərbi-siyasi təsirinin artması Moskvanın Ermənistanla əlaqələrini məhdudlaşdıran və zəiflədən amil kimi qiymətləndirilir. Məhz bu baxımdan Ermənistana iqtisadi cəhətdən Rusiyadan asılı olduğu tez-tez xatırladılır. İqtisadi sanksiya hədələri hələlik rəsmi qərarlarla müşayiət olunmasa da, bu ehtimalın gündəmə gətirilməsi İrəvan üçün ciddi risklər yaradır. Rusiya bazarına çıxışın məhdudlaşdırılması, enerji qiymətləri ilə bağlı güzəştlərin ləğvi, maliyyə axınlarının zəiflədilməsi Ermənistan iqtisadiyyatında problemlər yarada bilər. Bunun əsas səbəblərindən biri də bu ölkənin işğalçı siyasət yürüdərək özünü Azərbaycanla və Türkiyə ilə münasibətlərdən təcrid etməsidir.
Ermənistan son illərdə Rusiyadan uzaqlaşdığı təəssüratını yaratmağa çalışsa da, real vəziyyət Moskvanın iqtisadi təsir dairəsindən çıxmaq imkanlarının məhdud olduğunu göstərir. Hazırda Ermənistan iqtisadiyyatının əsas sahələrində Rusiya kapitalının iştirakı ilə fəaliyyət göstərən 40-dan çox iri müəssisə mövcuddur. Həmin şirkətlər metallurgiya, energetika, nəqliyyat, bank-maliyyə, rabitə və sənaye kimi strateji sahələri əhatə edir. Faktiki olaraq ölkənin iqtisadi dayaqları Rusiya şirkətlərinin nəzarətindədir və bu da Ermənistanın iqtisadi müstəqilliyini ciddi şəkildə məhdudlaşdırır.
Enerji sektoru bu asılılığın bariz nümunəsidir. Ermənistanın təbii qazla təminatı, qazın daşınması, saxlanması və paylanması tam şəkildə Rusiyanın “Qazprom” şirkətinin nəzarətindədir. “Qazprom Armenia” adlı törəmə şirkət ölkənin qaz bazarında tam inhisarçı mövqeyə malikdir. Eyni zamanda, bu şirkət Hrazdan İstilik Elektrik Stansiyasının 5-ci enerji blokunu idarə edir və bu da Ermənistanın elektrik enerjisi təminatında mühüm rol oynayır.
Hökumətlərarası müqaviləyə əsasən, Rusiya Ermənistana illik 2,5 milyard kubmetr həcmində təbii qazı güzəştli şərtlərlə nəql edir. Münasibətlərdə ciddi gərginlik yaranacağı təqdirdə bu güzəştlərin ləğvi, qiymətlərin artırılması və ya təchizatda fasilələrin yaranması Ermənistan üçün ağır enerji böhranına səbəb ola bilər. Bu və digər amillər Ermənistanın Rusiyadan tam uzaqlaşmaq cəhdlərinin niyə real nəticə vermədiyini aydın şəkildə izah edir.
Müşahidələır göstərir ki, Ermənistan qarşıdakı dövrdə çətin və riskli seçimlərlə üz-üzə qalacaq və bu seçimlərin nəticələri ölkənin regional mövqeyinə də təsirsiz keçinməyəcək. Rəsmi İrəvan bu vəziyyətdə Azərbaycan və Trkiyə ilə münasibətlərin dərinləşdirilməsi vacibliyini də yaxşı dərk edir.
MTM Analitik Qrup
