ERMƏNİSTANIN HƏRBİ-SİYASİ TƏXRİBATLARI SÜLH PROSESİNƏ CİDDİ ZƏRBƏDİR

Azərbaycanın Ordusunun mövqelərinin Ermənistan ərazisindən son aylarda intensiv şəkildə atəşə tutulması rəsmi İrəvanın sülh danışıqlarının irəliləməsində, regional sabitlikdə maraqlı olmamasının daha bir göstəricisidir. Bununla qarşı tərəf həm də regionda yeni gərginlik dalğası yaratmağa, etimad quruculuğu tədbirlərinə zərbə vurmağa, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
Bu günlərdə Ordumuz düşmənin növbəti hərbi təxribatının qarşısını alıb – Tovuz istiqamətində kəşfiyyat uçuşu edən Ermənistan PUA-sı xüsusi texniki vasitələrlə ərazimizdən uzaqlaşdırılıb. Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, qarşı tərəf təxribat əməllərini dayandırmadığı təqdirdə, Silahlı Qüvvələrimizin arsenalında olan bütün vasitələrdən istifadə ediləcək, özünümüdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək. Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil və davamlı xarakter daşıyır. ABŞ-ın Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı müasir silahlarla təchiz etməsi, Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı tərəfi təxribatlar törətməyə həvəsləndirir, Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.
Son aylarda Ermənistanın təkcə Hindistandan 600 milyon dollar məbləğində silah-sursat alması təcavüzkar ölkənin üzləşdiyi miskin və acınacaqlı vəziyyətə baxmayaraq, revanş xülyasından əl çəkə bilməməsinin bariz göstəricisidir. Ermənistanın atəşkəs rejimini dəfələrlə pozması və ərazilərimizdə hərbi kəşfiyyat aparmaq cəhdi bu ölkənin öhdəliklərinin icrasından yayınmaq, vəziyyəti süni şəkildə gərginləşdirmək, beynəlxalq birliyi çaşdırmaq, Azərbaycanı təxribatlara çəkmək niyyətlərindən xəbər verir.
Şübhəsiz, Ermənistan nə iqtisadi, nə siyasi, nə də hərbi baxımdan Azərbaycanla növbəti hərbi qarşıdurmaya, “revanşa” hazır deyil. Rəsmi İrəvan nə indi, nə də gələcəkdə Azərbaycanla hərbi qarşıdurmanın ona yaxşı nəsə vəd etmədiyini yaxşı anlayır. Məqsəd lokal xarakterli hərbi təxribatlarla sülh danışıqlarını uzatmaqdır. Belə ki, hazırda erməni müxalifəti və xaricdəki diasporu Zəngəzur dəhlizinin reallaşmaması, Azərbaycanla yekun sülh sazişinin imzalanmaması üçün N.Paşinyan hakimiyyətinə təzyiqlər göstərir. Rəsmi İrəvanın Fransanın siyasi təsirindən çıxa bilməməsi də yekun sülh sazişini yubatmasının əsas səbəblərindən biri kimi qeyd olunmalıdır. Başqa sözlə, rəsmi İrəvan daxili və xarici təsirlər səbəbindən danışıqlar prosesində lazımi siyasi iradə göstərə, qətiyyətli qərarlar verə bilmir.
Rəsmi İrəvan beynəlxalq miqyasda özünü “sülhə maraqlı”, “Azərbaycanın təhdidlərinə məruz qalan” ölkə kimi təqdim etməyə, bu yolla Avropadan hərbi-siyasi dəstək almağa çalışır. Ermənistan rəsmilərinin son aylarda ölkəmiz əleyhinə səsləndirdiyi əsassız iddialar da deyilənləri təsdiq edir. Prosesin süni şəkildə yubanmasında maraqlı olan Nikol Paşinyan hakimiyyəti bunun məsuliyyətini ölkəmizin üzərinə qoymağa, rəsmi Bakıya qarşı beynəlxalq təzyiqlərin gücləndirilməsinə nail olmağa sadəlövh ümidlər edir.
Ermənistandan fərqli olaraq, Azərbaycan “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzərində müzakirələrin tez zamanda yekunlaşmasında, regionda dayanıqlı sülhün əldə olunmasında maraqlıdır və bu istiqamətdə əməli addımlar atır. Rəsmi Bakı yaranmış vəziyyətdə Avropanın aparıcı ölkələri ilə təmasları genişləndirir, bölgədəki real vəziyyət barədə konkret fakt və sübutlara əsaslanan informasiyaları təqdim edir, ölkəmizi sülh prosesinə sadiqliyini nümayiş etdirir. Bunlar həm də Ermənistanın sülhdə guya “maraqlı olması” ilə bağlı görüntü yaratmaq cəhdlərinin ifşasına yönəlib.
Ümumiyyətlə, iyun-iyul ayı ərzindəki hərbi təxribatları, Azərbaycan Ordusunun mövqelərinin müxtəlif istiqamətlərdən atəşə tutulması, Ermənistan baş naziri Nikol Paşinyanın Böyük Britaniyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtinası və nəhayət, bu günlərdə ərazilərimiz üzərində kəşfiyyat PUA-sı uçurmaq cəhdi İrəvanın sülh danışıqlarının irəliləməsində, regional sabitlikdə maraqlı olmamasının bariz sübutudur. Antiterror tədbirlərindən sonra müşahidə edilən sabitliyin Ermənistan tərəfindən pozulması sülh prosesinə zərbə vurmaq məqsədi güdür.
Ermənistan rəsmilərinin Azərbaycana qarşı qərəzli iddiaları, eləcə də Avropanın müxtəlif təşkilatlarındakı destruktiv davranışları rəsmi İrəvanın sülh imitasiyası ilə məşğul olduğunu təsdiqləyir. Rəsmi Bakı haqlı olaraq bəyan edib ki, Ermənistan hakimiyyəti danışıqlar prosesində həlledici irəliləyişin olması üçün xarici siyasi təsirlərdən xilas olmalı, qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkməli, ölkəmizin beynəlxalq hüquq normalarına əsaslanan haqlı tələblərini yerinə yetirməlidir. Azərbaycan Prezidenti İlham Əliyev birmənalı şəkildə bildirib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil. “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına istinad edən Ermənistan Konstitusiyası ölkəmizə qarşı davam edən ərazi iddiasının əyani göstəricisidir. Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təhdid olan bu iddianın Ermənistan Konstitusiyadan çıxarılmasını tələb etməyə legitim hüququ var və bunu qonşu ölkənin daxili işlərinə müdaxilə kimi qələmə verilməsi məntiqsizlikdir.
Rəsmi İrəvan unutmamalıdır ki, Ermənistanın hazırda üzləşdiyi təcrid durumundan, sosial-iqtisadi problemlərdən çıxış yolu qonşu dövlətlərə qarşı əsassız ərazi iddialardan əl çəkmək, silahlanmaya son qoymaq, süquta uğramış revanşist ideologiyanın bədnam təzahürlərini tam şəkildə aradan qaldırmaqdır.

MTM Analitik Qrup