
Ermənistan Cənubi Qafqazda təcrid durumundan çıxmaq, yeni əməkdaşlıq imkanları qazanmaq baxımından tarixi seçim qarşısındadır. Məsələ burasındadır ki, uzun illər ərzində işğalçılıq üzərində qurulan siyasəti bu ölkəni regional əməkdaşlıqdan kənarda saxlayıb, özünütəcrud durumuna salıb, sosial-iqtisadi problemlərini dərinləşdirib.
Azərbaycanla Yekun Sülh Sazişinin hələ də imzalanmaması Ermənistanı özünütəcrid durumunda saxlayır, mühüm iqtisadi dividendlərdən məhrum edir. Cənubi Qafqazda dalana çevrilən Ermənistandan fərqli olaraq, Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əməkdaşlığı, reallaşdırdığı birgə layihələr dünyanın işgüzar dairələrinin maraq dairəsindədir. Region dövlətləri bu müddət ərzində qlobal miqyaslı enerji, nəqliyyat və logistika layihələrini həyata keçirərək iqtisadi mövqelərini möhkəmləndiriblər. Ölkəmizin son 30 ildə xüsusən də Türkiyə və Gürcüstanla əlaqələri yüksələn xətlə inkişaf edərək, bir sıra transmilli layihələrin reallaşmasına zəmin yaradıb. Hazırda hər üç ölkənin birgə həyata keçirdikləri enerji və kommunikasiya layihələri – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP neft-qaz layihələri Avropa İttifaqı ölkələri üçün də müstəsna əhəmiyyətə malikdir. Yalnız onu demək kifayətdir ki, Gürcüstan və Türkiyə ilə tranzit əməkdaşlığı nəticəsində Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir.
Yeni geosiyasi arxitektura fonunda Orta Asiya və Cənubi Qafqaz regionlarının iştirakı ilə rentabelli nəqliyyat-kommunikasiya zəncirinin formalaşdırılması təşəbbüsləri də beynəlxalq səviyyədə ciddi dəstək alır. Qərbin genişmiqyaslı sanksiyaları Rusiyanın Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində tranzit dövlət kimi əhəmiyyətini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dəmir yolu ticarəti üçün potensial marşrut kimi bir çox ölkə və şirkətlərin maraq dairəsindədir. 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılan Orta Dəhliz layihəsi Türkiyə tərəfindən də hazırda ciddi dəstək alır.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfidən imzalanan tarixi Vaşinqton Bəyannaməsi bu xüsusda bölgə üçün yeni imkanlar açır. Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 18-də xalqa müraciətində bəyan etdiyi kimi, Vaşinqton razılaşmaları Ermənistanı otuz ildən çox davam edən blokadadan çıxarır. Bu razılaşmalar iki ölkə arasında Yekun Sülh Sazişinin imzalanmasına doğru həlledici addım olmaqla yanaşı, Azərbaycanın əsas hissəsini, – Ermənistan ərazisindən keçməklə, – Naxçıvanla birləşdirəcək “Tramp sülh və rifah yolu”nun (əvvəlki – Zəngəzur Dəhlizi) reallaşmasını nəzərdə tutur.
Ermənistan Baş nazirinin açıqlamaları rəsmi İrəvanın yeni reallığı tam qəbul etdiyini, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa hazır olduğunu bildirir. Rəsmi İrəvan etiraf edir ki, Türkiyə ilə münasibətlərin bərpası da Azərbaycanla Yekun Sülh Sazişindən asılıdır. Yeni geosiyasi reallıqlar fonunda Ermənistanın əməkdaşlıq təşəbbüslərindən imtinası bu ölkəni daha böyük itkilərə məruz qoya bilər. Çünki iki qonşu dövlət – Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı qalması Ermənistanın xarici ticarət imkanlarını azaldır, ixrac potensialını məhdudlaşdırır, yükdaşımaları üçün alternativ marşrutları daraldır.
Azərbaycan və İran arasında əldə olunmuş razılıq əsasında Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək yeni dəmir yolu və avtomobil yollarının çəkilişi Ermənistanın ərazisindən keçəcək dəhliz üzərindən təsir imkanlarını tamamilə aradan qaldırıb. Əgər Ermənistan “Tramp sülh və rifah yolu” layihəsinin reallaşmasına mane olsaydı, hər il milyonlarla dollar tranzit gəlirindən məhrum olacaqdı.
Ümumiyyətlə, davamlı sülh yalnız silahların susması ilə təmin olunmur, burada iqtisadi inteqrasiya və əməkdaşlıq da vacib amillərdir. Ermənistanın iqtisadi müstəqilliyi, sosial rifahı və təhlükəsizliyi məhz bu yolla təmin oluna bilər. Çünki ötən dövrdə Ermənistanın iqtisadiyyatı birtərəfli asılılıq üzərində qurulub. Xüsusilə Rusiya bazarına bağlılıq ölkənin müstəqil siyasət yürütməsini çətinləşdirir. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq isə bu asılılığı zəiflədərək, Ermənistan iqtisadiyyatına yeni təkan verə bilər. Regional əməkdaşlıq həm təhlükəsizlik, həm də inkişaf üçün yeganə çıxış yoludur. Ermənistan üçün başqa alternativ yoxdur və bunu rəsmi İrəvan da anlayır.
Ermənistan rəhbərliyi onu da bilir ki, Türkiyə dünyanın əsas sənaye, turizm və ticarət mərkəzlərindən biridir. Eyni zamanda, onun strateji müttəfiqi olan Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya əhəmiyyətli enerji və nəqliyyat layihələrini reallaşdırır, “Orta Dəhliz”in ötürücülük imkanlarını genişləndirir. Hər iki ölkə ilə münasibətlərin yaxşılaşdırılması Ermənistanın gələcək inkişafı, forpost durumundan, iqtisadi çətinliklərdən xilas olması deməkdir.
MTM Analitik Qrup