
Rəsmi Bakı postkonflikt dövründə Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü ittihamların əsassızlığını nəinki sübut edir, eyni zamanda, müharibə cinayətləri ilə bağlı konkret faktlara istinad etməklə qarşı tərəfi informasiya müstəvisində sıxışdırır. Ermənistanın ekoloji terroru ilə bağlı konkret fakt və sübutlara əsaslanan məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması bu baxımdan xüsusi vurğulanmalıdır.
Rəsmi məlumatlara görə, işğal dövründə təbii sərvətlərimiz qanunsuz talan edilib, civə, mis, qurğuşun, sink, kömür və s. də daxil olmaqla, 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz mənimsənilib. BMT-də akkreditə olunmuş Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutu (GİWEN) postmünaqişə dövründə Oxçuçayın Zəngilan rayonundan keçən müxtəlif hissələrindən alınan su nümunələrini analiz edərək, çay hövzəsində çirklənmə səviyyəsinin kritik olduğunu müəyyənləşdirib. Bu çirklənmə, Ermənistandakı Qacaran Mis-molibden Zavodu və Qafan Filiz Emalı Zavodu tərəfindən ağır metalların Oxçuçaya atılmasının nəticəsi hesab edilir.
Ermənistan ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqi ilə bağlı Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatlar təcavüzkar ölkənin, ümumilikdə, Cənubi Qafqaz regionunda ekoloji tarazlığa təhlükə yaratdığını, dağ-mədən yataqlarının istismarı zamanı beynəlxalq normaları pozduğunu növbəti dəfə təsdiqləyib.
“Environmental Protection First” QHT koalisiyasının Azərbaycanın Kosmik Agentliyinin dəstəyi ilə kosmos təsvirləri əsasında hazırladığı hesabatda Ermənistan ərazisində istismar olunan mədənlərin transsərhəd çaylar vasitəsilə Azərbaycanın, o cümlədən digər qonşu ölkələrin ekologiyasına zərər vurması faktları yer alıb. Hesabatda açıqlanan faktlar Ermənistan ərazisində yerləşən 26 ədəd filiz hasilat yatağının böyük əksəriyyətinin istismarı zamanı beynəlxalq normaların pozulduğunu sübut edir. Bu ölkədənin ərazisindəki Armanis, Qaraberd, Meqradzor, Hankasar, Şamlux, Sotk, Amulsar, Aqarak, Azatek, Tequt, Qaracan, Aygedzor, Lichk, Arcut, Mqart, Sofi, Dastakert, Razdan, Tuxmanuk, Mərcan və digər mədənlərinin istismarı zamanı ekoloji normalara riayət olunmaması regiondakı ekoloji vəziyyəti təhdid edir. Ekoloqların fikrincə, qeyd edilən yataqların istismarı zamanı zəhərli kimyəvi tullantılarının Araz çayına axıdılması riski çaydakı canlı aləm və çayın suyundan suvarma üçün istifadə edən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır.
Xüsusən də Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tullantıları Oxçuçayı intensiv şəkildə çirkləndirib. Transsərhəd çay olan Oxçuçayın kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Arazın su ehtiyatlarının keyfiyyətinə də mənfi təsir göstərir. Bütün bunlar həm də “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulması kimi dəyərləndirilir. Belə ki, Konvensiya tərəfi ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. 2023-cü ildə Ermənistan sərhədyani ərazidə birtərəfli qaydada metallurgiya zavodu inşa etdirməyə çalışsa, rəsmi Bakının ciddi etirazları qarşısında geri çəkilməli olub, zavod başqa ərazidə inşa edilib.
Ümumilikdə, Ermənistan ekoloji problemlərə etinasız münasibəti, habelə xüsusilə təhlükəli obyektlərdə köhnə texnologiyalardan istifadə etməsi nəinki Cənubi Qafqazın, Avropanın özünün təhlükəsizliyi üçün də ciddi təhdidlər doğurur. Bu ölkənin texniki və mənəvi cəhətdən köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının (AES) hələ də fəaliyyət göstərməsi qlobal miqyasda ciddi təhlükə mənbəyidir. Müxtəlif beynəlxalq təşkilatların, atom sahəsi üzrə mütəxəssislərin istismar müddəti bitmiş “Metsamor” AES-lə bağlı xəbərdarlıqlarına məhəl qoymayan Ermənistan nəinki stansiyanın fəaliyyətini dayandırıb, əksinə onun fəaliyyətini uzadıb. Metsamor AES-in ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı haqlı iddia irəli sürüb və İrəvanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılıb.
Bu faktlar göstərir ki, Ermənistanın qanunsuz fəaliyyətləri təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib. Təsadüfi deyil ki, İranın bir qrup ekoloqu Ermənistanın törətdiyi ekoloji cinayətlərlə bağlı bu günlərdə bu ölkənin Prezidenti Məsud Pezeşkiana müraciət ünvanlayıb. İranın “Xazar” xəbər saytında yayılmış məlumata görə, ekoloqlar yaranmış vəziyyətlə əlaqədar hökuməti Ermənistanla təcili danışıqlar aparmağa çağırıblar. “Son illər hökumətin Araz çayının çirklənməsi ilə bağlı mühüm və həyati əhəmiyyət kəsb edən məsələni diplomatik və təhlükəsizlik məqsədləri xatirinə gizlətməsinə baxmayaraq, bu transsərhəd çayın ekosistemini və onun ətrafında yaşayan sakinlərin sağlamlığına təhdidi gizlətmək mümkün deyil”, – deyə müraciətdə bildirilir. Bundan əvvəl də iranlı ekoloqlar və bu ölkənin bəzi millət vəkilləri Ermənistanın zəhərli tullantıları Araz çayına axıtması ilə bağlı bir neçə dəfə məsələ qaldırıb, İran hökumətinin problemlə bağlı əməli tədbir görməsini istəyiblər.
Ekspertlərin fikrincə, Ermənistanın Araz çayını çirkləndirməsi bir neçə mərhələdə həyata keçirilir. Ən təhlükəli mərhələ isə Metsamor Atom Elektrik stansiyasında olan çirklənmədir. Metsamor stansiyasında qurğu çox mürəkkəb olduğu üçün çirklənmə həddən artıq yüksək olur. Atom qurğusundan istifadə etməklə su qızdırılır, yüksək temperatura çatdırılır. Daha sonra su buxar halına keçir və turbinə ötürülərək elektrik enerjisi əldə olunur. Həmin su isə ən yaxın çay olan Araz çayına axıdılır.
Azərbaycan bütün bu faktlarla bağlı artıq beynəlxalq məhkəmələr qarşısında məsələ qaldırıb və Ermənistanın təzminat ödəməsinə nail olmaq niyyətindədir.
MTM Analitik Qrup