Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri, ölkənin hazırkı xarici siyasət xəttindəki ciddi ziddiyyətləri bir daha üzə çıxardı. ABŞ-la strateji əməkdaşlıq müqaviləsi bağlayan Ermənistanın, eyni zamanda, Rusiya ilə münasibətlərini qorumaq cəhdi bu dövlətin regional və qlobal siyasətdə ikili oyun oynadığını göstərir. Belə ki, Ermənistanın ABŞ-dan gözləntiləri böyük olsa da, Tramp administrasiyasının ölkənin ümumi maraqlarını nə qədər qarşılayacağı hələ sual altındadır. Bununla yanaşı, Rusiya Ermənistanı sərt təzyiqlərlə qarşı-qarşıya qoyur və ölkənin bu təhdidlərə adekvat cavab verib-verməyəcəyi də qeyri-müəyyəndir. Mirzoyanın Moskvaya səfəri bir tərəfdən bu münasibətləri düzəltmək cəhdi kimi görünə bilər. Lakin Rusiya tərəfindən Ermənistana ünvanlanan açıq təhdidlər səfərin nəticəsiz olduğunu göstərir. Belə ki, Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşma cəhdini strateji xəyanət kimi qəbul edir. Ermənistanın Qərbə yaxınlaşması Rusiyanın regiondakı hərbi mövqelərinə birbaşa təhdid yaradır. Bu səbəbdən Rusiya Ermənistanı iqtisadi və hərbi sahələrdə daha da təcrid etməyə çalışır. Digər tərəfdən Ermənistanın enerji təminatı böyük ölçüdə Rusiyanın nəzarətindədir. Rusiyanın “Qazprom” şirkəti vasitəsilə Ermənistana iqtisadi təzyiq göstərməsi ölkənin manevr imkanlarını məhdudlaşdırır. Daha bir məqam diplomatik izolyasiya siyasəti ilə bağlıdır ki, Rusiya, Ermənistanın Qərb ölkələri ilə yaxınlaşmasını əngəlləmək üçün regiondakı digər dövlətlərlə əlaqələrini gücləndirir.
Bir neçə gün bundan əvvəl Ermənistanın ABŞ-la strateji əməkdaşlıq müqaviləsi bağlaması İrəvanın Rusiyadan uzaqlaşma cəhdinin bariz nümunəsidir. Lakin Tramp administrasiyasının Ermənistana real dəstək verib-verməyəcəyi şübhəlidir. ABŞ-ın Cənubi Qafqazdakı maraqları, əsasən, enerji resursları və Azərbaycanın geosiyasi əhəmiyyəti ilə bağlıdır. Ermənistan isə nə enerji resurslarına malikdir, nə də strateji baxımdan kritik rol oynayır. Bu baxımdan, Ermənistanın ABŞ-dan gözləntiləri qeyri-real görünür. Belə olan halda Rusiyanın Ermənistana təzyiqlərini daha da artıracağı və onu öz orbitə qaytarmaqla bağlı siyasəti davam edəcək. Çünki Moskvada da bilirlər ki, ABŞ-ın Ermənistana hərbi dəstək verəcəyi barədə iddialar, daha çox, Ermənistan rəhbərliyinin daxili auditoriyaya yönəlmiş təbliğatından ibarətdir. ABŞ xüsusən də Tramp dövründə, Cənubi Qafqazdakı prioritetlərini Azərbaycan və Türkiyə üzərində qurub. Bu mənada ABŞ-ın Ermənistana maliyyə dəstəyi göstərəcəyi ehtimalı da zəifdir. Ona görə də Ermənistanın həm ABŞ, həm də Rusiya ilə strateji əməkdaşlıq etməyə çalışması, ölkənin xarici siyasətində ciddi ziddiyyətlər yaradır. Bu siyasət nəinki Ermənistanın təhlükəsizliyini təmin etmir, əksinə, onun beynəlxalq mövqelərini daha da zəiflədir. Ermənistanın nə Qərbə, nə də Rusiyaya yönələn sadiq siyasəti hər iki tərəfin inamsızlığına səbəb olur. Bu, ölkəni həm beynəlxalq dəstəkdən məhrum edir, həm də regional təzyiqlərə məruz qoyur. Azərbaycan və Türkiyənin strateji əməkdaşlığı fonunda Ermənistanın mövqeləri daha da zəifləyir. Ermənistanın beynəlxalq arenada özünü müdafiə etmək imkanları məhdudlaşır və bu, onun regional təsirini minimuma endirir. Ona görə də Ararat Mirzoyanın Moskvaya səfəri, Ermənistanın xarici siyasətindəki qeyri-müəyyənliyi bir daha təsdiqləyir. Ermənistanın həm ABŞ-dan, həm də Rusiyadan eyni anda dəstək almaq cəhdi onun siyasi uğursuzluğunun əsas səbəbidir.
MTM Analitik Qrup