ERMƏNİSTANDAN ZORLA ÇIXARILMIŞ AZƏRBAYCANLILARIN HAQQ SƏSİ BÜTÜN DÜNYAYA ÇATDIRILIR

Soyqırımı, terror, separatçılıq, deportasiya ermənilərin tarixən istifadə etdikləri metodlar olub və təəssüf ki, bu yanaşmalardan hələ də imtina edilməyib. Bunlara paralel olaraq, erməni cəmiyyətində formalaşmış xəstə təfəkkürün daha bir təzahürü olaraq, başqalarının ərazilərinə iddialar da davam edir. Ermənistana qonşu ölkələrə, erməni cəmiyyətinin qonşu xalqlara münasibətində qeyd edilənlərin konkret nümunələrinə dair çoxsaylı faktlar mövcuddur. Xüsusən də bu cəmiyyətdə formalaşmış türkofobiya müxtəlif vaxtlarda Azərbaycan və Türkiyənin çox ciddi problemlərlə, itkilərlə  üzləşməsinə gətirib çıxarıb. Konkret Azərbaycanın timsalında ermənilərin himayədarları vasitəsilə ölkəmizə hansı böyük zərbələr vurduğunu əks etdirən faktların sayı minlərlədir.

Tarixi Azərbaycan ərazilərinin bir hissəsində Ermənistan adlı dövlətin yaradılmasından sonra dünyanın müxtəlif ölkələrində məskunlaşmış ermənilərin Cənubi Qafqaza köçürülməsi geniş vüsət aldı. Bunun ardınca Azərbaycanın ərazilərinin digər müəyyən hissələrinin də erməni qəsbkarlığına məruz qalması baş verdi, azərbaycanlıların isə  soyqırımına, terrora, deportasiyaya məruz qalması intensivləşdi. Ötən əsrdə bu proses daha geniş miqyas aldı, Azərbaycan yeni ərazi itkiləri, xalqımız ermənilərin səbəb olduğu çoxsaylı fəlakətlərlə üzləşdi. Bu konteksdə indiki Ermənistan ərazisindəki tarixi torpaqlarında yaşayan azərbaycanlıların qovulması prosesi 1980-ci illərin sonunda başa çatdı. Baş verənlər Ermənistanda monoetnik cəmiyyətin yaradılması konsepsiyasının sürətlə həyata keçməsinə gətirib çıxardı.

Təbii ki, beynəlxalq hüququn müxtəlif müddəalarının kobud şəkildə pozulması ilə müşayiət edilən bu və digər hallara görə Ermənistanın ədalət qarşısında cavab verməsi də mühüm şərtdir. Buna nail olmağın əsas yollarından biri də güclü, qüdrətli dövlətdən keçir və bu keyfiyyətləri özündə əks etdirən Azərbaycan ədalətin təmini istiqamətində genişmiqyaslı bir fəaliyyət həyata keçirir.

Heç şübhəsiz ki, ermənilər üçün ən böyük şok və bundan sonra mövcud olacaqları bütün dövr ərzində ən unudulmaz hadisə Qarabağda erməni separatçılığının kökünün birdəfəlik kəsilməsi oldu. İkinci Qarabağ müharibəsi nəticəsində müasir Azərbaycanın ərazi bütövlüyü, ötən ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirləri ilə suvernliyi tam bərpa edildi.  Son 200 ildə ilk dəfə olaraq, Azərbaycan ermənilərin qəsb etdiyi ərazilərinin bir hissəsini geri qaytardı. Bu, “dənizdən dəniz böyük Ermənistan” kimi xəstə bir ideologiyaya da əsaslı zərbə oldu. Amma Qarabağ və Şərqi Zəngəzurun işğalı dönəmində ermənilər çoxsaylı müharibə cinayətləri törətməyə də vaxt, fürsət tapdılar. İndi bu cinayətlərə görə Azərbaycan beynəlxalq ədalət məhkəmələrində Ermənistanın cavab verməsi üçün çoxşaxəli, nəhəng miqyasa malik bir fəaliyyət həyata keçirir. Bu, Ermənistanı və himayədarlarını,  xaricdəki erməni diasporu və lobbisini çox böyük təşvişə salıb. Amma ədalətin mühakiməsindən qaçmaq mümkün deyil.

Eyni zamanda indiki Ermənistan ərazisindən ən qəddar üsullarla didərgin salınan, çoxsaylı vəhşiliklərə, zorakılıqlara məruz qalan azərbaycanlıların ata-baba yurdlarına qayıdışının təmin olunması da xüsusi diqqət mərkəzindədir. Bakıda keçirilən Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransa həm də qeyd edilən müstəvidə baxmaq lazımdır. Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir və bu, Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından da müstəsna əhəmiyyətə malikdir. Tədbirin gedişində soydaşlarımızın Qərbi Azərbaycandan qovulması, onlara məxsus maddi, mədəni irsin məhvi, ermənilər tərəfindən yol verilmiş digər cinayətlər barədə də beynəlxalq aləmə bir daha müvafiq məlumatların verilməsi böyük önəm daşıyır. Bu, Qərbi Azərbaycan təmsilçilərinin qayıdış hüququnun bərpasına xidmət edən vacib addımlardan biridir.

Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətində qeyd etdiyi kimi Qərbi Azərbaycan İcmasının məqsədi yurdlarından didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir: “Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”. Burada bir məqam da xüsusi qeyd olunmalıdır ki, həmvətənlərimizin Qərbi Azərbaycana qayıdışı beynəlxalq hüquqla da təsbit olunur.  Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Qaçqınların Statusuna dair Konvensiya və digər beynəlxalq aktlarda bu məsələ öz əksini konkret şəkildə tapıb.  Lakin Ermənistan beynəlxalq hüququn bu tələblərini yenə də görməzdən gəlir. Halbuki, Qərbi Azərbaycan təmsilçiləri qayıdış üçün Ermənistanın baş naziri Nikol Paşinyana müvafiq müraciətlər ünvanlayıb, məktub göndərib. Lakin bunlara qarşı tərəfdən indiyə kimi hər hansı  adekvat reaksiya göstərilməyib. Bu xüsusda müraciətində Prezident İlham Əliyevin aşağıdakı yanaşmasının nəzərə alınması Ermənistanın özü üçün yaxşı olardı: “Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir”. Ancaq təəssüf ki, Ermənistanda azərbaycanlılara qarşı milli və etnik mənsubiyyətə görə ayrı-seçkilik ideologiyası davam etdirilir.  Halbuki, tarixi torpaqlarına qayıtmaq istəyən həmvətənlərimiz Ermənistan vətəndaşlığını qəbul etməyə, erməni cəmiyyətinə inteqrasiya hazır olduqlarını da bildirirlər. Lakin Ermənistan bunları nəzərə almaq istımir və İrəvanın  bu mövqeyi həm də regionda sülh prosesinə qarşı ciddi təhdid yaradır.

İstənilən halda Ermənistanın Qərbi Azərbaycan təmsilçilərinın qayıdış hüququnu pozmaq cəhdləri fiasko ilə nəticələnəcək. Çünki bu məsələdə Ermənistan beynəlxalq hüququn tələblərinə zidd bir mövqedədir. Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış üçün beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri tezliklə öz nəticəsini verəcək. Dünya ictimaiyyətinin bu barədə məlumatlandırlmasına xidmət edən tədbirlər isə Ermənistanın müqavimət mövqeyinin daha tez sarsılmasına gətirib çıxaracaq.

MTM Analitik Qrup