ERMƏNİSTANDAKI RADİKAL-REVAŞİST QÜVVƏLƏRİN “SOYQIRIMI” KAMPANİYASI İFLASA UĞRAYIB

Rəsmi Bakının uğurlu diplomatik gedişləri, sülhə məcburetmə tədbirləri fonunda Nikol Paşinyan hakimiyyəti son 2 ildə regiondakı yeni geosiyasi reallıqları qəbul edərək  sülhün alternativinin olmadığını erməni cəmiyyətinə aşılamağa məhkum olub. Ermənistan baş nazirinin son günlərdəki açıqlamaları bir daha göstərir ki, qarşı tərəf sərhədlərin Azərbaycanın irəli sürdüyü bütün haqlı tələbləri faktiki olaraq qəbul edir. Bu ölkənin yeni Konstitusiyasının 2026-cı ildə refenduma çıxarılacağı barədə verilən açıqlamalar fonunda Azərbaycanın sülh gündəliyini diktə etməsi faktı bir daha təsdiqini tapır.

Bütün bunlara rəğmən, Ermənistanın radikal-revanist müxalifətinin, xaricdəki diaspor qurumlarının, eləcə də tarixə gömülmüş separatçı rejimin İrəvana sığınmış təmsilçilərinin bu prosesə qarşı çıxmaq, etimad quruculuğu prosesinə xələl gətirmək cəhdlərinin səngimədiyi də özünü aşkar büruzə verir. Aprelin 24-də bu ölkədə qondarma “erməni soyqırımı” mövzusunda keçirilən “ənənəvi” tədbir və toplantılar, Türkiyə və Azərbaycan bayraqlarının yandırılması, səsləndirilən əsassız ittihamlar radikal-revanşist, millətçi, nasist qüvvələrin fəallaşmasının təzahürüdür.

İki ölkə arasında sülh danışıqlarının nisbətən real müstəviyə keçməsi, müəyyən ümidverici nəticələrin əldə olunması fonunda erməni cəmiyyətinin hələ də saxta ideoloji qəliblərdən çıxa bilməməsi normallaşma prosesi üçün ciddi təhdidlər yaradır. “Dənizdən-dənizə Ermənistan”, “erməni soyqırımı”, eləcə də qonşu ölkələrə qarşı ərazi iddiaları Ermənistanın son 30 ildəki acı məğlubiyyətlərinin, ağır sosial-iqtisadi vəziyyətə düşməsinin, dalan dövlətə çevrilməsinin əsas səbəbidir. Bu saxta ideoloji qəliblərin təsiri altında 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” kimi absurd bəyanat səsləndirən Nikol Paşinyan özü də İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərindən sonra mövcud geosiyasi reallıqlarla barışmağa məcbur olub.

Aprelin 24-də İrəvanda “soyqımı” aksiyasındakı təxribatlara gəlincə, Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, Nikol Paşinyan beynəlxalq səviyyədə tanınmış dövlətlərin bayraqlarının yandırılmasını pisləyir, təxribatçı və təhrikedici addım hesab edir.

Qondarma “erməni soyqırımı” iddialarının ilə bağlı hər il aparılan qərəzli kampaniyaların hansısa siyasi-hüquqi əsası olmasa da, mövzunun çirkin məqsədlərlə gündəmə gətirilməsi Ermənistan cəmiyyətinin hələ də barış və sülh ovqatında olmamasının təzahürüdür. Birinci Dünya Müharibəsi illərində baş vermiş hadisələrin mahiyyətinin təhrif edilməsi fonunda irəli sürülən əsassız iddialar tarixçilər tərəfindən araşdırmalı olduğu halda, bu məsələyə hadisələrin mahiyyətindən uzaq “siyasətçilər” tərəfindən şərhlərin verilməsi tamamilə absurddur.

Xaricdəki diaspor və lobbi təşkilatlarının ianələrinə, yardımlarına göz dikən radikal-revanşist qüvvələrin hər il 24 aprel ərəfəsində apardıqları bu gülünc kampaniyanın bir məqsədi də var. “Soyqırımı” mövzusu onlar üçün təkcə siyasi manupulyasiya aləti yox, həm də “siyasi biznes”ə çevrilib. Bədxah qonşularımız lokal antiterror tədbirlərinə qədər hər il “Hayastan” fondu vasitəsilə telemarofonlar təşkil edir, separatçı rejim üçün vəsait toplayırdılar.

İki yüz illik hədəflərinin puça çıxdığını görən erməni ideoloqları Türkiyə və Azərbaycana yenidən “erməni soyqırımı” kartı ilə guya təzyiq göstərməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. İki strateji müttəfiq ölkənin regionda potensial güc kimi çıxış etmələri, habelə türk dünyasını birləşdirmək səyləri ermənipərəst dairələri, o cümlədən Avropanın bir sıra dövlətlərini qətiyyən razı salmır. Lakin separatçı rejimin iflasından sonra onların əsassız iddiaları və kampaniyaları təbliğati-siyasi gücünü itirib, mənasız “rituala” çevrilib. Təsadüfi deyil ki, Ermənistanı himayə edən bir sıra ölkələrdə də “qondarma soyqırımı” mövzusunda hansısa ciddi tədbirlər, aksiyalar keçirilməyib. Üstəlik, ABŞ Prezidenti Donald Trampın “1915-ci ilin aprelin 24-də baş verən hadisələr haqqında” Ağ Evin saytında dərc olunan müraciətində “soyqırımı” sözündən istifadə olunmayıb ki, bu da erməniləri pəjmürdə edib.

Son illərdə rəsmi İrəvan özü də rəsmi şəkildə zərərli “soyqırımı” təbliğatından əl çəkməyə, bunun ziyanlı olduğunu etiraf etməyə məcbur olub. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan ötən il bildirmişdi ki, “erməni soyqırımı”nın beynəlxalq tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil.

Ermənistanın baş naziri Nikol Paşinyan isə 2025-ci ilin yanvar ayında İsveçrənin Sürix şəhərində erməni diasporu ilə görüşü zamanı Osmanlı İmperiyasındakı “soyqırımı” məsələsinin yenidən araşdırılması zəruriliyini bildirməklə, əslində, indiyədək aparılan kampaniyanın saxta olduğuna açıq eyham vurub: “Biz erməni “soyqırımı”nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə “soyqırımı” gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu”.

Ümumiyyətlə, rəsmi Bakının qətiyyətli, prinsipial mövqeyi fonunda Ermənistan rəhbərliyi köhnə və ziyanlı ideologiyanı – tarixi illüziyaları bir kənara qoymağın vacibliyini dərk edir. Rəsmi İrəvan gec də olsa anlayıb ki, milli kimliyin “üstünlüyü”, faşizm ideyaları, türkofobiya və azərbaycanofobiya kimi neqativ meyillərin təsiri ilə aparılan nifrət və qarşıdurma ritorikası Ermənistana heç bir fayda verməyəcək.

Reallıq budur ki, yaxın tarixi keçmişimizdə ərazilərimizdə törədilmiş soyqırımı aktları etnik-milli dözümsüzlüyün ən barbar, dəhşətli təzahürlərindən olub. 1992-ci ildə Xocalı soyqırımını törədən ermənilər nəinki tolerantlıq, ümumiyyətlə sivil insani düşüncədən azad olduqlarını nümayiş etdiriblər. Ermənistanda və bu ölkənin işğalda saxladığı ərazilərdə azərbaycanlılara aid mədəni-tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların dağıdılması da milli-dini dözümsüzlüyün ifrat forması kimi yadda qalıb.

Azərbaycanın dövlət suverenliyini bərpa etməsi Ermənistanın Cənubi Qafqazda ikinci erməni dövləti qurmaq üçün uzun illər can atdığı hədəfləri, istinad etdiyi ideoloji sütunları, tarixi mifomaniyanı da puç edib. Təsadüfi deyil ki, Qarabağdakı separatçı rejimin süqutundan sonra Ermənistana yeni idelogiyanın lazım olması ilə bağlı başlanan müzakirələr də artıq real müstəviyə keçib.

MTM Analitik Qrup