Prezident İlham Əliyev Belçika səfiri ilə görüşdə vurğuladı ki, 2022-ci ilin oktyabrında Praqa görüşündə Azərbaycan Avropa İttifaqının Ermənistana göndərdiyi müşahidəçilərin iki aylıq müddət üçün yerləşdirilməsinə razılıq vermişdi. Bu razılaşma çərçivəsində missiyanın yalnız məhdud sayda istefaya çıxmış hərbi zabitlərdən ibarət olacağı qeyd olunmuşdu. Lakin bu müddət başa çatdıqdan sonra missiyanın fəaliyyətinin uzadılması Azərbaycanın razılığı olmadan həyata keçirilib. Bu fakt etimadsızlıq yaradan əsas məsələlərdən biridir. Bununla da Prezident İlham Əliyev açıq şəkildə bildirir ki, Avropa İttifaqı missiyasının müddəti uzadılarkən Azərbaycanla heç bir məsləhətləşmə aparılmayıb. Azərbaycan bunu onun bölgədəki maraqlarına və suverenliyinə hörmətsizlik kimi qəbul edir. Beynəlxalq hüququn bir çox prinsiplərinə görə, belə missiyaların razılaşdırılması prosesində bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınmalıdır. Lakin bu məsələdə Azərbaycanın maraqları nəzərə alınmayıb.
Prezident İlham Əliyev müşahidəçilər missiyasının fəaliyyətini “binokl diplomatiyası” adlandıraraq, onların davranışının heç bir normal siyasi mədəniyyət standartına uyğun olmadığını vurğulayır. Bu ifadə göstərir ki, missiya üzvləri yalnız məsafədən izləməklə kifayətlənmir, onlar baş verən hadisələrə və ortaya çıxan məsələlərə lazımi müdaxilə və ya təsir göstərmirlər. Bu isə missiyanın fəaliyyətini, həmçinin onun effektivliyini şübhə altına salır. Dövlət başçısının çıxışından aydın olur ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıqda gözləntiləri tam qarşılanmayıb. Missiyanın fəaliyyəti və müddətinin uzadılması prosesində Azərbaycanın maraqlarının və mövqeyinin nəzərə alınmaması Avropa İttifaqının bölgədə obyektiv vasitəçi ola biləcəyinə şübhə yaradır. Daha geniş mənada bu, Azərbaycanın Avropa İttifaqının Cənubi Qafqazda tərəfsiz vasitəçi kimi fəaliyyətini qəbul etməyəcəyi anlamına gəlir.
Hazırda missiyanın əlavə müddətə uzadılması və ora yeni üzvlərin salınması istiqamətində müzakirələr davam edir. Bu, gələcəkdə Azərbaycanla Avropa İttifaqı arasında daha böyük etimadsızlıq mühiti və yeni gərginlik mənbəyi yarada bilər. Azərbaycanın bu missiyaya dair razılığı olmadan atılan hər bir addım ikitərəfli münasibətlərdə ciddi problemlərə səbəb ola bilər.
Onu da deməliyik ki, Prezident İlham Əliyev bu bəyanatla Azərbaycanın dövlət suverenliyini və maraqlarını qorumaq əzmini vurğulayır. Azərbaycanın razılığı olmadan bölgədə hər hansı beynəlxalq missiyanın fəaliyyət göstərməsi suverenlik prinsiplərinə ziddir. Digər tərəfdən Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinin uzadılmasının Azərbaycanın razılığı olmadan həyata keçirilməsi regionda yeni gərginliklərə səbəb ola bilər.
MTM Analitik Qrup