Ermənistan hakimiyyəti Azərbaycanla natamam sülh müqaviləsini imzalamaq cəhdlərindən əl çəkmir. Bu məqsədlə davamlı şəkildə təkliflər səsləndirilir. Amma məsələnin maraqlı tərəflərindən biri də odur ki, belə sülh müqaviləsi ilə bağlı Ermənistanın hakimiyyət rəsmilərinin səsləndirdiyi fikirlər biri-birilə ziddiyyət təşkil edir. Elə bu da o qənaətə gəlməyə əsas verir ki, Azərbaycanla sülh məsələsində Ermənistan hakimiyyəti daxilində koordinasiyalı fəaliyyət yoxdur, məsələyə yanaşmada xaotik durum hökm sürür.
Baş nazir Nikol Paşinyan son günlərdə bir neçə dəfə bəyan edib ki, saziş layihəsinin 80 faizinin razılaşdırılıb. Sadəcə, üç maddə üzrə fikir ayrılığı qalır. Bu kontekstdə Paşinyan sazişi bağlamağı, qalan məsələlər üzrə danışıqları davam etdirməyi təklif edib. Ermənistan parlamentinin spikeri Alen Simonyan da Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu assambleyası çərçivəsində bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişində yer alan 16 müddəa üzrə tam razılıq əldə ediblər. Onun sözlərinə görə, Ermənistan elə bu gün sülh sazişini imzalamağa hazırdır.
Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sərkis Xandanyan da maraqlı bir açıqlama verərək, bildirib ki, Paşınyan Azərbaycanla yeni danışıqlar keçirməyi təklif edib: “Təklif olunub ki, iki ölkənin xarici işlər nazirləri iki günlük görüş keçirsinlər, sülh sazişinin indiyədək razılaşdırılmamış bir və ya iki bəndi üzrə razılığa gəlsinlər və iki ölkə lideri Bakıda COP-29 sammitindən əvvəl sazişi imzalasınlar”.
Sərkis Xandanyanın dediklərindən belə nəticə hasil olur ki, sülh sazişində ziddiyyət predmeti olan məqamların COP-29 sammitinə kimi aradan qaldırlması mümkündür. Nəzərə alınmalıdır ki, COP-29 sammitinin keçirilməsinə çox az müddət qalıb. Elə bu fonda Xandanyanın səsləndirdiyi fikirlər Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın söylədikləri ilə kəskin ziddiyyət təşkil edir. Qriqoryanın sözlərinə əsasən, Azərbaycan və Ermənistana sülh sazişində razılaşdırılmamış məsələləri həll etmək üçün xeyli vaxt lazım olacaq.
Ermənistan Təhlükəsizlik Şurasının katibinin dediklərindən bəlli olur ki, sülh sazişi üzrə fikir ayrılıqlarına səbəb olan məqamlar fundamental xarakter daşıyır. Onların aradan qaldırılmasına xeyli zaman tələb edir və bu məsələlərin COP-29 sammitinə kimi hlli qeyri-mümkündür. Bu reallıq Nikol Paşinyanın özünə də yaxşı bəllidir, lakin buna rəğmən, Paşinyan Azərbaycanla yeni danışıqlar keçirməyi təklif edir, bununla yarımçıq sülh müqaviləsinin imzalanmasına can atır. Azərbaycan isə ən yüksək səviyyədə bəyan edir ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz.
Azərbaycanın yanaşması sülh müqaviləsinin davamlı, qalıcı xarakter daşımasına hesablanıb. Yarımçıq sülh müqaviləsi isə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının sonrakı mərhələdə yenidən dilə gətirməsinə əlverişli zəmin yaradır. Elə Ermənistan Konstitusiyası da buna imkan verir. Həmin sənəddə Azərbaycana qarşı ərazi iddiası mövcuddur. Ölkəmizin haqlı tələblərinə baxmayaraq, Ermənistan sülh üçün bu müddəanın konstitusiyasından çıxarılmasına getmək istəmir.
Sözdə Azərbaycanla sülh istəyən Ermənistan müvafiq müqavilənin imzalanmasını məhz konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarını aradan qaldırmaqla tezləşdirə bilər. Bu, sülh müqaviləsi üçün hazırda başlıca şərt kimi çıxış edir. Azərbaycanın bu mövqeyi bütün hüquq normalarına tam uyğundur. Lakin Ermənistan iddia edir ki, sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəası konstitusiyasında düzəliş edilməsinə lüzum yeri qoymur. Ancaq bu yanaşma da tamamilə cəfəng xaraker daşıyır.
Məlumdur ki, heç bir beynəlxalq sazişin konstitusiyadan üstün hesab olunmur. Elə bu da o deməkdir ki, sülh müqaviləsi Ermənistanın istədiyi kimi yarımçıq şəkildə imzalanarsa, perspektivdə erməni tərəfi ölkə konstitusiyasını əsas gətirirək, Azərbaycana qarşı ərazi iddialarını davam etdirə bilər. Burada xüsusi qeyd edilməli məqam həm də ondan ibarətdir ki, regiondan kənar müəyyən qüvvələr Ermənistandan bir vasitə kimi istifadə edərək, Cənubi Qafqazda öz məqsədlərinə nail olmağa çalışırlar. Elə həmin qüvvələrin yarımçıq sülh müqaviləsi halında Ermənistan Konstitusiyasından istifadə edərək, bu ölkəni Azərbaycan əleyhinə yönləndirmələri istisna deyil.
Bütün bunlar bir daha təsdiq edir ki, sülh müqaviləsi ilə bağlı bütün ziddiyyətlər aradan qaldırılmalı, bu əsasda yekun saziş imzalanmalıdır. Ziddiyyətlərin mövcudluğuna şərait yaradan yeganə tərəf isə Ermənistandır. Bu ölkə sülh üçün nəinki ziddiyyətləri aradan qaldırmağa tələsir, eyni zamanda aktiv şəkildə silahlanır. Prosesdə Ermənistanın havadarlarının da yüksək fəallığı qeydə alınır. Bununla bir daha təsdiq olunur ki, Ermənistan və havadarları əməldə Cənubi Qafqazda sülhə qarşıdırlar.
MTM Analitik Qrup