Ermənistanda 20 iyunda keçiriləcək parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyət gündən-günə gərginləşməkdədir. Bunun əsasında bir neçə amil dayanır.
Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, birincisi, uzun illər Ermənistan hakimiyyəti öz xalqını Qarabağdakı işğalı ilə aldadaraq dövləti talan edib: “28 il Ermənistanda hakimiyyət başında dayananlar məğlub edilməz ordu yaratmaq adı altında büdcəni talayaraq ölkəni müflisləşdirib.
İkinci amil isə 44 günlük müharibədə Azərbaycan ordusunun böyük qələbəsi və Ermənistan ordusunun məhv edilməsidir. 27 sentyabrda başlayan Vətən müharibəsində Azərbaycan ordusu hər gün qələbəyə imza atırdı. Özündən arxayın koçəryanlar, sarkisyanlar və ohanyanlar gördülər ki, qığılcım sürəti ilə irəliləyən Azərbaycan ordusuna qarşı döyüşmək xam xəyaldır və birinci olaraq döyüş meydanından özləri qaçdılar”.
Deputatın sözlərinə görə, üçüncü amil isə Ermənistanın işğalçılıq siyasəti nəticəsində beynəlxalq layihələrdən təcrid olunmasıdır:
“Təbii ki, Ermənistanın bütün uğusuzluqlarının təməlində erməni hakimiyyətinin xain siyasəti dayanır. Torpaqlarımızın uzun illər işğal altında saxlanmasına görə Ermənistanı həyata keçirdiyimiz bütün beynəlxalq layihələrdən təcrid etdik. Bu illər ərzində Ermənistan iqtisadiyyatı məhv olub. Ermənistanın xarici ölkələrlə iqtisadi əlaqələr yaratmaq imkanlarından məhrum olması ölkə daxili iqtisadi vəziyyətini pisləşdirib. Məhz iqtisadi vəziyyətin pisləşməsi son 28 ildə Ermənistan əhalisinin də ölkədən qaçmasını sürətləndirib. Əgər 28 il əvvəl Ermənistan əhalisinin 3 milyondan çox olduğunu qeyd edirdilərsə, bu gün ölkədə 1.5-2 milyon əhalinin qaldığını etiraf edirlər.
Müharibədə düçar olduqları məğlubiyyət iqtisadi tənəzzülü daha da dərinləşdirib. Əgər müharibəyə qədər əsas gəlir mənbələri işğal olunmuş Azərbaycan torpaqlarından idisə, bu gün həmin əraziləri Azərbaycan döyüş meydanında geri alıb.
44 günlük müharibədə əsgər ölümlərinin yüksək olması insanların dövlətə və orduya inamını yox edib, bu gün heç bir valideyn öz övladını hərbi xidmətə göndərmək istəmir. Hətta Yerevanda ermənilər Qarabağın Azərbaycan torpağı olduğunu və öz övladlarının oraya hərbi xidmətə göndərilməsinə qarşı aksiyalar keçirirlər. Digər tərəfdən isə müharibədə itkin düşmüş minlərlə hərbçi ailəsinin hakimiyyətdən narazılıqları günü-gündən böyüməkdədir. Həm də müharibədə sağlamlıqlarını itirmiş şəxslərə və ölmüş şəxslərin ailələrinə hər hansı bir hüquqi status verilmir. Ona görə verilmir ki, veriləcək status maliyyə tələb edir, bu gün isə Ermənistanın belə bir maliyyə imkanları yoxdur. Müharibədə sağlamlıqlarını itirmiş şəxslərə tibbi xidmətlər göstərilmir.
Ölkədə iqtisadi böhranın dərinləşməsi siyasi böhranı da pik vəziyyətinə gətirib. Ermənistanın gələcək taleyi sual altındadır”.