ERMƏNİSTAN YENƏ SÜLH PROSESİNİ TƏHLÜKƏ ALTINDA QOYUR, YENİ TƏXRİBATLARA ƏL ATIR

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırıldığı bir vaxtda Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə ordumuzun mövqelərini atəşkəsə tutması hallarının artması müşahidə olunur. Diqqət çəkən daha bir məqam qarşı tərəfin təxribatının intensivliyinin də yüksəlməsidir. Martın 16-da Gorus rayonunun üç müxtəlif yaşayış məntəqəsindən Azərbaycan Ordusunun mövqelərinin atıcı silahlardan bir neçə dəfə atəşə tutulması da bunun təzahürüdür.

Bununla yanaşı, son dövrlərdə Ermənistan silahlı qüvvələrinin şərti sərhəd istiqamətində aktivliyi də nəzərdən yayınmır.  Aparılan müşahidələr göstərir ki,  Ermənistan ordusu sərhədə doğru daşımaların, ərazidə mühəndis-istehkam işlərinin sayını artırıb. Bütün bunlar o kontekstdə baş verir ki, Azərbaycanla Ermənistan sülh müqaviləsinin  mətnini yekunlaşdırıblar. Amma buna paralel şəkildə Ermənistanda yüksək intensivliklə müharibəyə hazırlıq görülür. Ermənistan sərhəd zonasında demilitarizasiya əvəzinə tamam fərqli siyasət yürüdür, yeni toqquşmalar üçün zəmin hazırlayır. Baş verənlər  Ermənistanın real sülhdə maraqlı olmadığını, əksinə, ziddiyyətlərin dərinləşməsinə çalışdığını nümayiş etdirir.

Hadisələrin indiki inkişaf axarı belə gedişlə mətni razılaşdırlmış sülh müqaviləsinin yaxın perspektivdə imzalana biləcəyinə dair ümidlərin üzərindən də xətt çəkir, formalaşmış, amma kövrək xarakterə malik sabitliyi pozur. Görünən odur ki, sülh müqaviləsi imzalanmayana qədər Ermənistanın təxribatlarına da son verilməyəcək. Bu da öz növbəsində yeni hərbi toqquşma riskinin yüksək olaraq qaldığını göstərir. Halbuki, Azərbaycan iki ölkə arasında mümkün qədər tez müddətdə sülhün əldə edilməsi, əməkdaşlıq münasibətlərinin qurulmasında mararqlıdır, bu istiqamətdə müvafiq fəaliyyət həyata keçirir. Ancaq Ermənistanın addımları  istənilən nəticənin əldə olunmasına imkan vermir, yeni savaşı da istisna etmir. Qeyd olunan kontekstdə Prezident İlham Əliyev XII Qlobal Bakı Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibəsində bildirib: “Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə – Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu, müharibənin sona çatması demək deyildi. Sadəcə, transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir. Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq”.

Əvvəlki kimi sabitlik Ermənistanın fəaliyyəti nəticəsində pozulur və bunu şərtləndirən xeyli sayda səbəblər də mövcuddur. Əvvəla, Ermənistan sürətli şəkildə silahlanmaqda davam edir. Bu prosesdə Fransa, Yunanıstan, Hindistan və digər bəzi xarici qüvvələr Ermənistanla sıx şəkildə əməkdaşlıq edirlər. Belə şəraitdə Ermənistan hakimiyyətinin revanş əhval-ruhiyyəsinə köklənməsi də diqqətdən yayınmır. İkinci bir tərəfdən, Cənubi Qafqazda sabitliyin hökm sürməsinin əleyhinə olan qüvvələr məqsədlərinə indi daha çox Ermənistan vasitəsilə çatmağa can atırlar. Bu fonda Fransanın adı xüsusilə qeyd olunmalıdır. Rəsmi Paris regionda öz iradəsini diqtə etmək, Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirmək, arzuladığı hansısa nəticələrə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında yeni savaşı körükləməyə çalışır.

Bundan əlavə, sülh prosesinə xələl gətirməklə Ermənistanın digər perspektivlərə hesablanmış məqsədləri də mövcuddur. Məsələ burasındadır ki, iki ölkə arasında sülh müqaviləsinin mətni razılaşdırlsa da, onun imzalanması üçün rəsmi İrəvanın müəyyən şərtləri yerinə yetirməsi lazımdır. Əvvəla, Ermənistan öz konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Əks halda   Azərbaycan və Ermənistan arasında etibarlı sülhdən danışmaq sadəcə, mümkün deyil. Düzdür, 2027-ci ilin yanvarına kimi Ermənistan yeni konstitusiya layihəsinin referenduma çıxarılacağını bəyan edir. Lakin bu layihədə Azərbaycana qarşı ərazi iddialarına son qoyulacağına dair məsələyə indiyə kimi Ermənistan hakimiyyəti konkret şəkildə aydınlıq gətirməkdən imtina edir.

Bundan əlavə, sülh üçün mühüm şərtlərdən biri də quru adı qalan ATƏT-in Minsk qrupunun ləğvi üçün qurum rəhbərliyinə birgə müraciətin ünvanlamasıdır. Azərbaycan dəfələrlə bu məsələni gündəmə gətirsə də, Ermənistan müvafiq addımlar atmaqdan imtina edib. Ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra  Minsk qrupunun fəaliyyətini davam etdirməsi üçün heç bir səbəb qalmayıb. Elə o səbəbdən Azərbaycanın onun ləğvini tələb etməsi tamamilə haqlı və məntiqli tələbdir. Lakin Ermənistanın əks mövqedən çıxış etməsi qəbulediləməzdir və İrəvanın yanaşmasının arxasında tamam fərqli niyyətlərin dayandığını göstərir. Bu niyyət ondan ibarətdir ki, Ermənistan Azərbaycanla savaşının hələ sona çatmadığını nümayiş etdirmək istəyir, buna görə də Minsk qrupunun ləğvini əngəlləyir.

Daha bir məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Dəhlizn açılması, onun işində iştirak əslində, Ermənistanın özünə də çoxsaylı üstünlüklər vəd edir. Xatırlatmaq lazım gəlir ki, Azərbaycan regiondan keçən transmilli nəqliyyat layihələrində Ermənistanın iştirakının mümkünlüyü üçün konkret şərtlərini açıqlayıb. Bu şərtlər beynəlxalq hüquq prinsiplərinə, ədalətə əsaslanır, eyni zamana Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Həmin öhdəliklərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bununla belə, Ermənistan hələ də 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatla  üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsini təmin etməyə tələsmir. Halbuki, transsərhəd infrastruktur layihələri Azərbaycan və Ermənistan arasında dialoq və əməkdaşlıq üçün əlverişli zəmin yaratmaq iqtidarındadır. Bu müstəvidə  əməkdaşlıq bir çox  digər məsələlərin də həll yollarının tapılması üçün müvafiq mühit yaradır. Ancaq Ermənistanın fəaliyyəti bu ölkə hakimiyyətinin sülh və əməkdaşlıqdan uzaq qaçdığını göstərir.

Ermənistanın başlıca niyyətlərindən biri də Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətini davam etdirməyə nail olmaqdır. Şərti sərhəd zonasında fəaliyyət göstərən bu missiya Azərbaycanla sülh müqaviləsi imzalanacağı halda sözügedən ərazidə işinə son qoyacaq. Rəsmi İrəvan və onun havadarları isə buna qarşıdırlar və missiya vasitəsilə Azərbaycana qarşı müşahidə, kəşfiyyat fəaliyyətlərini davam etdirməyə can atırlar.

Qeyd olunanlarla yanaşı, Ermənistanın məqsədlərindən biri də Azərbaycanla düşmənçiliyi davam etdirirək, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışını əngəlləməkdir. Halbuki, həmvətənlərimizin Qərbi Azərbaycana qayıdışı beynəlxalq hüquqla da təsbit olunur.  Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Qaçqınların Statusuna dair Konvensiya və digər beynəlxalq aktlarda bu məsələ öz əksini tapıb.  Bundan əlavə, Qərbi Azərbaycan təmsilçiləri qayıdış üçün Ermənistanın baş naziri Nikol Paşinyana müvafiq müraciətlər ünvanlayıb, məktub göndərib. Lakin bunlara hansısa adekvat reaksiya sərgilənməyib. əvəzində, Ermənistanda azərbaycanlılara qarşı milli və etnik mənsubiyyətə görə ayrı-seçkilik ideologiyası davam etdirilir. Özü də bunun dövlət səviyyəsində edilməsi özünü qabarıq surətdə büruzə verir.

Bu gedişlə Ermənistan beynəlxalq instansiyalarda qarşılıqlı iddiaların geri götürülməsi prosesini də əngəlləməyi düşünür. Beləliklə, sadalanan məqamlar Ermənistanın nədən sülhə qarşı fəaliyyət göstərdiyini, şərti sərhəddə təxribatlarının sayını hansı səbəblərdən artırdığını təsəvvür etməyə imkan verir. Sərhəddə təxribat cəhdləri birmənalı şəkildə sülh quruculuğu prosesinin qarşısını alır. Reallıq budur ki, Ermənistan sərhəd boyu öz ərazisində demilitarizasiya zonası yaratmalı, sülh üçün Azərbaycanın şərtlərini yerinə yetirməlidir. Əks halda rəvac verdiyi yeni toqquşmaların onun üçün yaradacağı çoxsaylı problemlərə hazır olmalıdır.

MTM Analitik Qrup