Regionda dayanıqlı sülhün əldə olunmasına çalışan və bu istiqamətdə qətiyyətli addımlar atan rəsmi Bakı bu prosesin vacib elementi olaraq iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını tələb edir. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respubikası (MR) ilə birəşdirəcək nəqliyyat dəhlizinin açılması barədə öhdəlik götürən Ermənistanın ötən 4 ildə bu istiqamətdə konkret addımlar atmaması ölkəmizin haqlı etirazı ilə qarşılanır.
Ermənistan hakimiyyətinin postmüharibə dövründə müntəzəm təkrarlanan destruktiv siyasi gedişlərindən biri də qlobal güc mərkəzlərini Cənubi Qafqaz regionunda üz-üzə qoymaq, süni gərginlik, qarşıdurma yaratmaq və bu yolla üzərinə götürdüyü öhdəliklərdən yayınmaqdır. Nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası məsələsi son illərdə iki ölkə arasında münasibətlərin tənzimlənməsinə nəinki mane olub, ümumilikdə, geosiyasi gərginliyə rəvac verən düyün nöqtəsinə çevrilib. Bu da rəsmi İrəvanın xarici təsir altında müstəqil qərarlar vermək imkanında olmamasından irəli gəlir. Rəsmi İrəvan ötən müddətdə Zəngəzur dəhlizinin reallaşdırılması prosesini süni şəkildə yubatmağa, müxtəlif bəhanə və iddialarla vaxt udmağa çalışıb.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bununla bağlı səsləndirdiyi fikirlər deməyə əsas verir ki, Ermənistanın müzakirə predmeti kimi arxa plana atmağa çalışdığı Zəngəzur dəhlizi ölkəmiz üçün prinsipial məsələ olaraq qalır. Dövlət başçısının bununla əlaqədar açıqlamaları təkcə Ermənistana deyil, Zəngəzur Dəhlizinə qarşı çıxan İran və digər dövlətlərə də ciddi mesajdır: “Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar”.
İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərindən sonra Ermənistan rəhbərliyi nəinki sülh və əməkdaşlıq üçün yaranmış imkanları dəyərləndirmir, üstəlik Rusiya və Türkiyənin, eləcə də Orta Asiya ölkərinin maraqlarına qarşı çıxır. Rəsmi İrəvanın Azərbaycan, Türkiyə və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı əsaslı tələblərinə qarşı “İran kart”ndan istifadə etmək cəhdləri artıq səmərə vermir. İran rəsmilərinin müxtəlif açıqlama və ittihamlar irəli sürərək rəsmi Bakını Zəngəzur dəhlizi ilə mövqeyindən çəkindirmək cəhdləri uğursuzluqla nəticələnib.
Bu dəhlizin açılması Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmədiyi kimi, İranın da maraqlarına hansısa formada toxunmur. Əksinə, İranın özünün də gələcəkdə bu nəqliyyat-kommunikasiya layihələrindən yararlanması mümkündür. Azərbaycanın hazırda İranla birgə icra etdiyi Şərqi Araz dəhlizi layihəsi də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR-i birləşdirən yeni nəqliyyat və dəmir yolu xəttlərinin inşasını nəzərdə tutur. Bu dəhlizin çəkilişi Azərbaycanla İran arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR-i birləşdirən yeni nəqliyyat dəhlizinin yaradılması haqqında imzalanan Anlaşma Memorandumu ilə razılaşdırılıb. Razılaşmaya əsasən hazırda Araz çayı üzərindən ikisi dəmiryolu, ikisi avtomobil olmaqla, yeni yolların tikintisi həyata keçirilir. Bu dəhliz Naxçıvan MR-ə və əks istiqamətə yüklərin və sərnişinlərin daşınmasını həyata keçirəcək.
İran özü belə bir layihəni hazırda icra etdiyi halda, rəsmi Tehranın Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan analoji layihəni “süngü ilə qarşılaması” anlaşmaz olduğu qədər də qeyri-səmimi görünür. Zəngəzur dəhlizini əsassız olaraq “İranla Ermənistan arasında sərhədlərin qırılması”, “ərazi dəyişikliyi” kimi şərh etməyə çalışan İran, əslində, regionda geosiyasi və geoiqtisadi əhəmiyyətinin zəifləməsindən narahatdır.
Aşkar görünür ki, İran Azərbaycanın əsas hisssi ilə Naxçıvanı birləşdirəcək kommunikasiyaların yalnız öz ərazisindən keçməsini istəyir, Ermənistanı bu məsələdə özünə rəqib görür. Məqsəd həm də Ermənistanı iqtisadi və tranzit baxımından mümkün qədər İrandan asılı vəziyyətdə saxlamaqdır.
Bununla belə, son vaxtlara qədər Zəngəzur dəhlizini əsassız olaraq İran üçün “qırmızı xətt” adlandıran İranın bu məsələ ilə bağlı mövqeyində müəyyən dəyişikliklər də hiss olunmaqdadır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bir neçə gün əvvəl bildirib ki, yaxın günlərdə Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla əlaqədar İran nümayəndə heyəti Türkiyəyə səfəri gözlənilir. Maraqlıdır ki, Bəqayi “Zəngəzur dəhlizi”nin siyasi məsələ olmadığını deyib, onu “iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələ” adlandırıb: “İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq. Yəqin ki, yaxın vaxtlarda bizdən müvafiq qurumların iştirakı ilə bir nümayəndə heyəti məsələni yaxından müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq”.
Aşkar görünür ki, Suriyada mövqelərini itirən İran bu məsələdə mənasız inadkarlıq göstərməklə, Türkiyə və Azərbaycanla münasibətlərindəki gərginliyi artırmaq istəmir. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın ötən həftə Azərbaycan və Ermənistana səfəri də bu baxımdan təsadüfi sayıla bilməz. Rəsmi Tehran strateji tərəfdaşı saydığı Rusiyanın da bu dəhlizin açılmasında maraqlı olduğunu nəzərə almağa məcburdur. Digər tərəfdən, rəsmi İrəvanın Zəngəzur dəhlizinin açılmasına razılıq verməsi halında İran avromatik olaraq oyundankənar vəziyyətə düşə bilər. Rəsmi Tehranın iki ölkə arasındakı razılaşmaya hansısa maneə törətməsi nə siyasi, nə hüquqi, də hərbi baxımdan mümkündür.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi fonunda Ermənistan rəhbərliyi hazırda yaxşı başa düşür ki, onun hazırda yeganə dividendi regional kommunikasiyaların bərpası, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması ola bilər. İki ölkə ilə sərhədlərinin bağlı qalması Ermənistana iqtisadi cəhətdən zərbə vurur, xarici ticarət imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır. Dəhlizin reallaşdırılması işğalçı siyasəti nəticəsində özünü son 30 ildə blokada vəziyyətinə salan Ermənistanın özünün də böhrandan çıxmasına imkan yarada bilər.
MTM Analitik Qrup