ERMƏNİSTAN ÜÇÜN YENİ REALLIQ: ABŞ XARİCƏ YARDIMLARI DAYANDIRDI

ABŞ uzun illərdir ki, Ermənistana müxtəlif istiqamətlərdə maliyyə yardımı edir. Bu yardımlar humanitar layihələr, iqtisadi inkişaf proqramları və siyasi islahatların dəstəklənməsi adı altında təqdim edilsə də, faktiki olaraq Ermənistanın hərbi güclənməsinə və qeyri-konstruktiv mövqeyinin davam etdirilməsinə xidmət edib. ABŞ hökumətinin xarici ölkələrə maliyyə yardımını dayandırması ilə bağlı qərarı isə bundan sonrakı proseslər barədə fikir yürütməyə, Ermənistanın hansı çətinliklərlə üz-üzə qalacağına dair təsəvvür yaratmağa imkan verir.

Qeyd etmək lazımdır ki, Ermənistan hökuməti ABŞ-dan aldığı yardımları adətən qonşu ölkələrə qarşı təxribatların həyata keçirilməsində istifadə edirdi. Bu yardımlar xüsusilə Ermənistanın hərbi büdcəsinə dolayı yollarla təsir göstərərək silahlanmaya sərf edilir və regiondakı gərginliyin artmasına səbəb olurdu. Bu yardımların səmərəsiz və təhlükəli formada istifadəsi isə ABŞ-ın Ermənistanla bağlı siyasətində ciddi səhvlərin olduğunu göstərirdi. Bu baxımdan ABŞ hökuməti tez-tez haqlı tənqidlərə tuş gəlir, Amerikanın Cənubi Qafqazda sülh və təhlükəsizliyi təhdid edən addımlarının başadüşülməz olması Vaşinqton adminstrasiyasının ədalətli mövqeyini şübhə altına qoyurdu. Çünki ABŞ-ın illərdir Ermənistana verdiyi yardımlar sülh və sabitliyə töhfə vermək əvəzinə, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinə yönəlmişdi. Belə ki, Qarabağ münaqişəsi zamanı Ermənistan ABŞ-ın dəstəklədiyi müxtəlif iqtisadi proqramların kölgəsində hərbi xərclərini artıraraq işğalçı siyasətini gücləndirmişdi. Bu isə təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün təhlükə mənbəyinə çevrilmişdi. 90-cı illərin əvəllərindən etibarən ABŞ-ın humanitar yardım adı altında Ermənistana göndərdiyi vəsaitlərin bir qismi münaqişə zonalarındakı qanunsuz məskunlaşma fəaliyyətlərinə dəstək üçün istifadə olunurdu. Ermənistanın işğal etdiyi ərazilərdə erməni əhalisinin məskunlaşdırılması və infrastrukturların yaradılması bu yardımların istifadəsinin açıq nümunəsi idi. Bu faktlar ABŞ-ın maliyyə dəstəklərinin Ermənistanın beynəlxalq hüququ pozmasına necə şərait yaratdığını da aydın göstərirdi. Digər tərəfdən ABŞ-ın yardımların nəticəsində Ermənistan öz ordusunu gücləndirərək Azərbaycan və Türkiyə ilə gərgin münasibətlərini daha da kəskinləşdirirdi. Hərbi xərclərin artması və münaqişələrin həllinə yönəlmiş danışıqlar prosesinin pozulması Ermənistan hökumətinin bu yardımlardan sui-istifadə etməsinin əsas göstəriciləri idi.

ABŞ tərəfindən Ermənistana ayrılan vəsaitlərin digər bir mənfi təsiri də özünü Ermənistanda radikal millətçiliyin və revanşist ideyaların güclənməsində göstərirdi. Ermənistan hökuməti bu yardımları öz siyasi maraqlarına uyğun şəkildə istifadə edərək münaqişə bölgələrində davamlı təxribatlar törədir, bu isə nəinki regionun, həm də qlobal səviyyədə sülh təşəbbüslərinə zərər verirdi. Prezident Donald Trampın xarici ölkələrə, həmçinin Ermənistana Amerika yardımlarının dayandırılması ilə bağlı qərarı Ermənistan üçün ciddi təsirlər yaradacaq. İllərdir xarici yardımlardan asılı olan Ermənistan iqtisadiyyatı bu dəstəyi itirdikdə ciddi çətinliklərlə üzləşəcək. İllərdir bu yardımları əsas gəlir mənbələrindən biri kimi qəbul edən Ermənistan hökuməti artıq bundan sonra öz siyasətini kökündən dəyişməyə məcbur olacaq. İlk növbədə bu yardımın kəsilməsi Ermənistanın qeyri-konstruktiv siyasətini davam etdirmək imkanlarını məhdudlaşdıracaq və onu regiondakı sülh proseslərinə töhfə verməyə məcbur edəcək. Əgər ABŞ bu yardımları tamamilə dayandırsa, Ermənistan hökuməti daxili resurslarına əsaslanmaq və məsuliyyətli siyasət yürütmək məcburiyyətində qalacaq. Deməli, xarici dəstək həmişə müsbət nəticə vermir. Ona görə də ABŞ-ın xarici yardımları dayandırmaq qərarı, Ermənistan hökumətinə regionda gərginlik yaratmaq əvəzinə əməkdaşlığa əsaslanan yeni yanaşma formalaşdırmaq üçün bir fürsət olmalıdır.

MTM Analitik Qrup