ERMƏNİSTAN ÜÇÜN QAÇILMAZ REALLIQ: KONSTİTUSİYA DƏYİŞMƏLİDİR

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa növbəti müraciətində ölkənin gələcəyinə təsir edəcək iki əsas məsələni vurğulayıb. Bunlardan birincisi konstitusiya dəyişikliyi, digəri isə qonşularla sülhə nail olunmasıdır. Paşinyan deyib ki, “Sülh xarici dəstək olmadan qonşular arasında yaşamaq bacarığıdır. Sülh, ilk növbədə, regional amildir, çünki sülh və ya onun olmaması ilk növbədə yaxın qonşularla münasibətlərdə, sonra beynəlxalq, daha sonra isə qlobal səviyyədə ifadə olunur”. Buradan görünür ki, Nikol Paşinyanın çıxışı təkcə daxili auditoriyaya ünvanlanmayıb. Bu, eyni zamanda onun beynəlxalq tərəfdaşlarına və siyasi rəqiblərinə mesajı idi. Lakin bu dəfə o, əvvəlki kimi Qərbə ümid bəsləmirdi. Çünki Ermənistanın əvvəlki manevr imkanları tükənib, xarici siyasətində balans saxlamaq cəhdi iflasa uğrayıb.

Son illərdə Ermənistan rəhbərliyi xarici siyasətdə Qərbə yaxınlaşmaq kursu götürmüşdü. Amerika və Avropa İttifaqının Ermənistana verdiyi siyasi-iqtisadi dəstək gözləniləndən zəif oldu. Hətta Avropa İttifaqının Ermənistana göndərdiyi mülki müşahidə missiyası belə real təhlükəsizlik zəmanəti yaratmadı. Bu isə İrəvanı yeni reallıqlarla üz-üzə qoydu. Hətta Bayden adminstrasiyasının son günlərində Ermənistanla imzaladığı strateji tərəfdaşlıq haqqında saziş də indi o qədər də əhəmiyyətli deyil. Çünki Bayden admnistrasiyasından fərqli olaraq Trampın daha çox ölkədaxili məsələlərə vaxt ayırması, xarici siyasətdə real və adekvat addımlara üstünlük verməsi onu deməyə əsas verir ki, Ermənistan əvvəlki adminstrasiya dövründə olduğu kimi Cənubi Qafqazın şıltaq dövləti statusunda olmayacaq. Trampın Ukrayna hakimiyyətinə qarşı nümayiş etdirdiyi mövqe də Ermənistan baş nazirinin bu bəyanatının səbəbi ola bilər.

Paşinyan Qərbdən umduğunu tapa bilmədikdən sonra indi ölkənin gələcəyini Azərbaycan və Türkiyə ilə normallaşma prosesində görür. Məhz bu səbəbdən onun gündəmə gətirdiyi konstitusiya dəyişikliyi, Ermənistanın onillərdir mövcud olan ideoloji çərçivələrdən çıxmasını və yeni regional siyasi xəritəyə uyğunlaşmasını təmin etmək üçündür. Bunun üçün Ermənistan ilk növbədə Konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddalarını ehtiva edən bəndləri çıxarmalıdır. Azərbaycan və Türkiyənin tələb etdiyi Zəngəzur dəhlizinin reallaşmasına şərait yaratmalıdır. Digər tərəfdən Azərbaycanın tələbinə uyğun olaraq “monitorinq” adı altında Ermənistana soxulan Qərb müşahidəçilərini fəaliyyətinə son qoymalıdır.

Hələlik Nikol Paşinyan Konstitusiya dəyişikliyinin vacibliyi barədə danışır. Ermənistanın ədliyyə naziri Srbui Qalyan da yeni Konstitusyanın 2026-cı il parlament seçkilərinə qədər hazır ola biləcəyini deyib. O, yeni mətn üzərində işlərə başlanıldığını bildirib. Axır ki, Azərbaycan deyənə gəlirlər. Çünki bu dəyişikliyə gedilməsi Ermənistanın müstəqil qərarı deyil. Bu, Azərbaycanın israrlı tələbi və diplomatik təzyiqi nəticəsində gündəmə gətirilmiş prosesdir. Xüsusilə də, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü tanımayan müddəaların, xüsusilə də Qarabağla bağlı iddiaların yer alması, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına əsas maneələrdən biri kimi qalırdı.

Azərbaycan tərəfi dəfələrlə açıq şəkildə bildirmişdi ki, sülh müqaviləsi yalnız o halda mümkündür ki, Ermənistan konstitusiyasını Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq formada dəyişdirsin. Bu tələb Ermənistan üçün ağır, lakin qaçılmaz reallıqdır. Bu hadisənin Ermənistandakı siyasi proseslərə hansı formada təsir edəcəyini zaman göstərəcək. Ola bilər ki, Nikol Paşinyan bu qərarın icrasında daxili müqavimətlə üzləşə bilər. Lakin hər məsələdə özünü dərhal ortalığa atan erməni müxalifətinin bu dəfə səsi çıxmır. Bu addım Ermənistanın xarici siyasətindəki qeyri-müəyyənlikləri də şərtləndirə bilər. Hər halda bunlar Ermənistanın problemləridir və lakin risklər dəyərləndirildikdə Ermənistanın başqa çıxış yolunun olmadığı da görünür. Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan nə iqtisadi blokadadan çıxa, nə də uzunmüddətli təhlükəsizlik təmin edə bilər. Ermənistanın coğrafi mövqeyi və iqtisadi asılılığı onu regional əməkdaşlıq çərçivəsinə daxil olmağa məcbur edir.

MTM Analitik Qrup