
Hücum xətti üzərində qurulmuş xarici siyasətini İkinci Qarabağ müharibəsindən sonra da davam etdirən rəsmi Bakı Ermənistanın müharibə cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq və ifşasına nail olmaq istiqamətində ardıcıl iş aparır. Avqustun 8-də Vaşintonda Ermənistan və Azərbaycan tərəfindən paraflanmış Yekun Sülh Sazişi layihəsinin doqquzuncu maddəsi sülh və etimad quruculuğu baxımından tərəflərin üzərinə itkinlərlə bağlı mühüm vəzifələr qoyur.
Bu, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması məsələsinin ölkəmiz üçün nə qədər prinsipial məsələ olduğunu bir daha təsdiq edir. Həmin maddədə vurğulanır: “Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermiş itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər…Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaqdır”.
Bu maddənin Vaşinqton Sazişində konkret şəkildə yer alması rəsmi Bakının illərdir apardığı diplomatik fəaliyyətin real nəticəsidir. Azərbaycan son beş ildə bu mövzunu müxtəlif platformalar, xüsusilə BMT, Avropa Şurası, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə gündəmdə saxlayıb. Bunun nəticəsidir ki, Ermənistanın uzun müddət etinasız yanaşdığı bu məsələ indi beynəlxalq sənədlə tənzimlənən konkret öhdəliyə çevrilib. Yekun Sülh Sazişinin imzalanmasından sonra Ermənistan hökuməti itkin azərbaycanlıların taleyi ilə bağlı materialları və kütləvi məzarlıqlara dair xəritələri təqdim etməli olacaq. Eyni zamanda, tərəflər arasında bu sahədə birbaşa əməkdaşlığın mexanizmləri ayrıca sazişdə əksini tapacaq. Bu, sülh prosesinin humanitar mahiyyətinin gücləndirilməsi, ədalətin bərpası və itkin ailələrinin uzun illərdir ki, gözlədiyi həqiqətlərin üzə çıxarılması baxımından son dərəcə zəruridir. Rəsmi Bakı bunu gələcəkdə regionda davamlı sülhün, qarşılıqlı hörmətin və sivil prinsiplərə əsaslanan əməkdaşlığın bərpası üçün mühüm zəmin kimi qiymətləndirir.
Oktyabrın 9-da Bakıda təşkil edilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın gedişi, aparılan müzakirələr deməyə əsas verir ki, Azərbaycanın son illər bu istiqamətdə apardığı diplomatik iş və təbliğat səmərəli nəticələr verir. Tədbirdə çıxış edən xarici ölkələrin sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələri, beynəlxalq siyasi ekspertlər Ermənistanın azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirməsi vacibliyini xüsusi vurğulayıblar.
Bu qəbildən olan tədbirlər itkinlərlə bağlı məsələnin qlobal humanitar problem olduğunu sivil dünyanın diqqətinə çatdırmağa xidmət edir. 2021-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaradılmış “İtkin düşənlər üçün Qlobal Alyans” bu istiqamətdə beynəlxalq həmrəyliyin bariz nümunəsidir. Alyansın tərkibinə 12 ölkə – Argentina, Kolumbiya, Xorvatiya, Estoniya, Qambiya, Küveyt, Meksika, Nigeriya, Norveç, Peru, Koreya Respublikası və İsveçrə daxildir. Bu təşəbbüs itkinlərlə bağlı məlumat mübadiləsinin təşkili və beynəlxalq hüququn aliliyinin təminatına yönəlib.
Rəsmi məlumatlara görə, hazırda silahlı münaqişələrlə bağlı dünyada 240 minə yaxın insan itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Rəsmi Bakı bu mövzunu davamlı şəkildə beynəlxalq müstəviyə çıxararaq, silahlı münaqişələrin fəsadları ilə bağlı dolğun təsəvvür formalaşdırır. Başqa sözlə, rəsmi Bakının məqsədi yalnız 3983 nəfər itkin düşmüş vətəndaşının taleyinə aydınlıq gətirmək deyil. Bu fəaliyyət, eyni zamanda, dünyanın diqqətini silahlı münaqişələr zamanı baş verən insanlıq əleyhinə cinayətlərə yönəltmək, gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün mexanizmlər formalaşdırmaq məqsədi daşıyır. Ölkəmizdə təşkil edilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda növbəti konfrans da deməyə əsas verir ki, rəsmi Bakı itkinlər məsələsini milli faciə çərçivəsindən çıxararaq ümumbəşəri problem kimi təqdim edir.
Ermənistanın hərbi təcavüzü zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülüb, onlara qarşı beynəlxalq humanitar hüququn bütün prinsipləri kobud şəkildə pozulub. İnsanlar işgəncəyə məruz qalıb, bəziləri məhkəməsiz edam olunub və kütləvi məzarlıqlarda basdırılıb. Separatçıların Bakıda keçirilən məhkəmə prosesi də təsdiq edir ki, Ermənistan ordusunun rəhbərlərinin göstərişi ilə azərbaycanlı hərbçilərin və mülki şəxslərin meyitləri gizlədilib, dəfn yerləri dəyişdirilib.
Azərbaycan dövləti bu dəhşətli faktların üzə çıxarılması üçün ardıcıl və sistemli fəaliyyət həyata keçirir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı Dövlət Komissiyası azad edilmiş ərazilərdə genişmiqyaslı axtarış və qazıntı işləri aparır, itkin ailələrindən bioloji nümunələr toplayır, DNT analizləri əsasında şəxsiyyətin müəyyənləşdirilməsi istiqamətində beynəlxalq təcrübədən istifadə edir. 2021-ci ildən bəri 30-a yaxın kütləvi məzarlığın aşkarlanması, 200-dən çox itkinin şəxsiyyətinin müəyyən edilərək ailələrinə təhvil verilməsi bu istiqamətdə görülən işlərin real nəticələridir.
Rəsmi Bakı həm birinci, həm də ikinci Qarabağ müharibələri zamanı beynəlxalq humanitar hüququn tələblərinə əməl edib, erməni əsirlərlə humanist davranıb, onların tibbi yardıma çıxışını təmin edib, beynəlxalq təşkilatların nümayəndələrinin onları ziyarət etmələri üçün şəffaf şərait yaradıb. 2020-ci il 10 noyabr Bəyanatından sonra 200-ə yaxın hərbçinin, 1700-dən çox meyit qalıqlarının qarşı tərəfə qaytarılması Azərbaycanın humanitar dəyərlərə sadiqliyini bir daha sübut edir.
İtkin düşmüş şəxslərlə bağlı məsələlərin beynəlxalq hüquq çərçivəsində həlli həm də Ermənistanın məsuliyyət daşıdığı hərbi cinayətlərin tanınması və cəzasızlıq mühitinin aradan qaldırılması üçün vacibdir. İtkinlər mövzusunu gündəmdə saxlayan Bakı beynəlxalq ictimaiyyəti münaqişə qurbanlarının hüquqlarının qorunmasına və ədalətin bərpasına çağırır.
MTM Analitik Qrup