Ermənistan baş naziri Nikol Paşinyanın II qlobal erməni sammitində səsləndirdiyi fikirlər bu ölkənin təkcə işğal və ərazi ilhaqı siyasətinin deyil, ümumiyyətə, diplomatiyasının iflasa uğradını növbəti dəfə təsdiqləyib. Faktiki olaraq, N.Paşinyan ölkəsinin təhlükəsizlik arxitekturasının səmərəsizliyini, nəinki keçmişdə, indinin özündə də hansısa üçüncü ölkəyə və yaxud təşkilata güvənməyin mənasızlığını açıq şəkildə etiraf edib.
Belə görünür ki, İkinci Qarabağ müharibəsindən sonra Rusiyaya və onun nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) güvənsizlik nümayiş etdirən N.Paşinyan hazırda Qərb ölkələrindən də “təhlükəsizlik zəmanəti” gözləntilərinin puça çıxdığının fərqindədir. “Təhlükəsizlik arxitekturamız səmərəsiz oldu. Biz düşünürdük ki, regionda sərhədləri bağlı, istədiyimiz kimi yaşaya bilərik, uzaq və ya yaxın müttəfiqlərimiz təhlükəsizliyimizi təmin edəcək. Lakin məlum oldu ki, üçüncü dövlətlər öz maraqları naminə istədikləri kimi hərəkət edə bilərlər” – deyə o bildirib. N.Paşinyan onu da etiraf edib ki, hazırkı vəziyyətdə Ermənistan üçün ən real təhlükəsizlik zəmanəti etibarlı sülhdür.
Azərbaycanın son üç ildə regionda sülh və təhlükəsizliyin real təminatının hansısa üçüncü ölkə və təşkilatdan deyil, ikitərəfli, dayanıqlı sülhdən, ərazi bütövlüyü prinsipinin qarşılıqlı tanınmasından, kommunikasiyaların açılmasından asılı olduğunu bəyan edib. Rəsmi İrəvan isə bu reallığı indi etiraf etməyə, sanki müəyyən nəticələr çıxarmağa çalışır. Ümumiyytlə, lokal antiterror tədbirlərindən sonrakı ilk aylarda müxtəlif əsassız iddia və bəhanələrlə sülh masası arxasına oturmaqdan imtina edən, prosesi yubatmağa çalışan Ermənistan Azərbaycanın uğurlu siyasi və diplomatik gedişləri qarşısında geri çəkilməli və yeni geosiyasi vəziyyətlə barışmalı olub. Ermənistan rəsmilərinin son aylardakı açıqlamaları da sübut edir ki, qarşı tərəf Azərbaycanla yekun sülh sazişini imzalamaqdan savayı yolunun olmadığını, sülhün alternativsizliyini anlayır. Bunun nəticəsidir ki, aprel ayından etibarən Ermənistan tərəfi Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişinin müddəalarının 80-ə qədərinin razılaşdırılması istiqamətində praktiki addımlar atıb.
Yekun sülh sazişinin imzalanması istiqamətində atılan addımlar regionu geosiyasi rəqabət meydanına çevirmək istəyən qüvvələrin, eləcə də Ermənistanın rəsmi Bakının qətiyyətli mövqeyi qarşısında geri çəkilməsi deməkdir. Bu xüsusda Ermənistan hakimiyyəti də artıq regiondakı yeni siyasi reallıqların qəbulunun qaçılmaz olduğunu başa düşür, ictimai rəyi tədricən sülh prosesinə hazırlamağa hazırlaşır.
Sülh danışıqlarında son aylarda əldə olunan mütərəqqi nəticələr həm də onu sübut edir ki, iki ölkə arasındakı mübahisələrin həllində ən uğurlu format məhz birbaşa danışıqlardır. Başqa sözlə, ABŞ, Fransa, Avropa İttifaqı və Rusiyanın iştirakı olmadan da danışıqlar aparmaq, müəyyən nəticələr əldə etmək mümkündür. Ermənistan sülhü və sabitliyi hansısa Qərb ölkəsində, digər üçüncü ölkədə deyil, məhz regionda axtarmalı, Azərbaycanla birbaşa danışıqlarda maraqlı olmalıdır. Baş nazir N.Paşinyan uzun müddətdən sonra bu reallığı dilə gətirməyə məcbur olub.
Qeyd edilənlər göstərir ki, Ermənistan sülh danışıqlarını tormozlamaq, pozmaq, imitasiya yaratmaq yolunu seçməyin mənasızlığı anlayır. Onu da başa düşür ki, Azərbaycanın suverenliyini bərpa etməsindən sonra Ermənistanın əvvəlki səhvləri davam etdirərək regional əməkdaşlıq və inteqrasiya təşəbbüslərindən imtina etməsi bu ölkə üçün ciddi itkilərə gətirib çıxara bilər.
Hazırda Fransa və digər uzaq ölkələrin prosesə müdaxilə cəhdləri, habelə İranın tutduğu mövqe Ermənistan hakimiyyətinin sülh istiqamətində siyasi iradə nümayişinə müəyyən maneələr yaradır. Bunlar Ermənistanın iradəsinə təsir göstərməyin, ölkənin daxili işlərinə müdaxilənin real təzahürləridir. Bəzi Qərb qüvvələri üçün əsas məqsəd Ermənistanı Azərbaycan və Rusiya əleyhinə platsdarma, geosiyasi intiriqaların, hərbi qarşıdurmaların yeni məkanına çevirməkdir. Elə bu məqsədlə Ermənistana maliyyə, hərbi və digər formalarda yardımları artırılır.
Azərbaycanın mövqeyi və siyasəti beynəlxalq hüquqa, ədalətə əsaslanır. Bu səbəbdən istər Ermənistan, istərsə də ona hamilik etməyə çalışanlar hüquqi müstəvidə ölkəmizə qarşı hər hansı addım atmaqda acizdirlər. Onların digər yollarla prosesə müdaxiləsinin qarşısını almaq üçün də Azərbaycan kifayət qədər imkanlara, qüdrətli Silahlı Qüvvələrə malik ölkədir. Ermənistan hakimiyyəti də artıq onu qarşıdurmaya sürükləyən ölkələrə bel bağlamağın sadəlövh yanaşma olduğunu anlayır.