
Yekun sülh müqaviləsində əksini tapan müddəalar üzrə tam razılığın əldə olunması Ermənistan və Azərbaycanın xarici işlər nazirlikləri səviyyəsində rəsmən bəyan edilsə də, qarşı tərəfin hələ də imitasiya ilə məşğul olduğu, etimad quruculuğuna zərbə vuran qeyri-konstruktiv addımlarını davam etdirməsi aşkar görünür. Ermənistan silahlı qüvvələrinin şərti sərhəd bölgəsində son günlərdəki hərbi təxribatları – mövqelərimizin davamlı şəkildə atəşə tutulması bu ölkənin baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin imzalanması üçün vaxtın və məkanın müəyyənləşdirilməsi ilə əlaqədar rəsmi Bakıya çağırışının siyasi riyakarlıq olduğunu göstərir.
Rəsmi İrəvanın qeyri-səmimiliyi növbəti dəfə özünü qabarıq biruzə verir: qarşı tərəf bir tərəfdən özünü dünya ictimaiyyətinə “sülhpərvər” göstərməyə, digər tərəfdən vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışır. Atəşkəsin pozulması, Azərbaycandan guya hərbi təhlükə gözləntisinin mövcudluğu barədə saxta təbliğatın aparılması rəsmi İrəvanın lokal toqquşmaları tətikləmək, bunun məsuliyyətini ölkəmizin üzərinə qoymaq niyyətindən xəbər verir.
Son illərdə bir qayda olaraq həlledici qərarların qəbulu ərəfəsində hərbi-siyasi təxribatlara əl atan Ermənistan hər dəfə sarsıdıcı zərbələr alaraq geri çəkilib. Buna baxmayaraq, son iki ildə silahlanmaya böyük həcmdə vəsait ayırması, revanşist bəyanatları, üstəlik yekun sülh sazişi üzrə müddəaların tam razılaşdırılmasından sonra şərti sərhəd bölgəsində atəşkəsin davamlı şəkildə pozulması halları bu ölkənin yaxın zamanda sülh sazişi imzalamağa hazır olduğuna ciddi şübhələr yaradır. Üstəlik, Ermənistan daxilində Azərbaycanı müharibə ilə hədələyən radikal-revanşist qüvvələrin fəallaşması, aqressiv ritorikanın ifrat həddə çatması, informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən feyk məlumatların sayının artması da əsaslı ciddi suallar doğurur. Sülhdə maraqlı olduğunu iddia edən bir ölkənin aşkar militarizasiya siyasəti yürütməsi, atəşkəsi pozması haqlı olaraq rəsmi Bakını adekvat addımlar atmaq məcburiyyətində qoyur.
Atəşkəsi pozan Ermənistan destruktiv fəaliyyətini “pərdələməyə” və Azərbaycanı güclə təhdid edən tərəf kimi qələmə verməyə çalışır. 30 ilə yaxın müddətdə ərazilərimizi işğalda saxlamış Ermənistanın hərbi potensialını gücləndirmək cəhdləri sülh və sabitliyə potensial təhdid olaraq, bu ölkənin bölgədəki destruktiv fəaliyyətini stimullaşdırır.
Ermənistan hərbi-siyasi rəhbərliyi lokal hərbi təxribatlarla həm də daxildəki radikal-revanşist qüvvələrin, xaricdəki erməni lobbisinin təzyiqlərini zərərsizləşdirməyə cəhd edir. Belə ki, həmin qüvvələr Ermənistan hakimiyyətinin yekun sülh sazişini imzalamaq niyyətinə qarşı çıxır, Nikol Paşinyan hakimiyyətini təslimçilikdə günahlandırırlar. Digər tərəfdən, atəşkəsi pozan Ermənistan həm də Avropa İttifaqının hərbi missiyasının öz ərazisində “qalması zəruriliyi”nə saxta əsaslar formalaşdırmaq istəyir. Xatırlatmaq yerinə düşər ki, həmin missiya şərti sərhəd boyunca destruktiv fəaliyyətini son aylarda xeyli genişləndirmişdi. Sosial şəbəkələrdə “müşahidəçilər”in Azərbaycan sərhədi boyunca hərəkətini əks etdirən görüntülər yayılması, onların yaxıngörmə cihazları ilə ərazilərimizi, hərbi mövqelərimizi müşahidə etmələri deyilənləri təsdiq edir.
Ermənistan mülki ad altında hərbiləşdirilən bu destruktiv missiyanın fəaliyyətinə artıq təhlükəsizlik çətiri kimi yanaşmağa başlayıb. Azərbaycanın guya Zəngəzur dəhlizini açmaq üçün “hərbi eskalasiyaya başlayacağı” barədə əsassız mülahizələr süni şəkildə gündəmdə saxlanılır. Rəsmi İrəvan ölkə ərazisində başqa təşkilat və dövlətlərin hərbi qüvvələrini yerləşdirilməsinə guya “haqq qazandırmaq” istəyir.
Qarşı tərəfin yekun sülh sazişi ilə bağlı açıq qalan son iki müddəanı da qəbul etdiyini bəyan etməsi, Azərbaycanı tələm-tələsik sülh sazişinin imzalanmasına çağırması isə siyasi manipulyasiyadır. Rəsmi İrəvan məkrli şəkildə belə təəssürat yaratmaq istəyir ki, guya sülhdə maraqlı olmayan tərəf məhz Azərbaycandır. Halbuki, Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatında bir daha bəyan edib ki, yekun sülh sazişinin imzalanmasına ən ciddi problem Ermənistanın konstitusiyasında qonşu ölkələrin ərazi bütövlüyünü, suverenliyini təhdid edən müddəaların mövcudluğu və ATƏT-in münaqişə ilə əlaqədar qeyri-funksional qurumlarının ləğv edilməməsidir.
Onu da xatırladaq ki, rəsmi İrəvan hələ COP29 ərəfəsində imitasiya ilə məşğul olaraq, yekun sülh sazişinin 80 faizədək razılaşdırılmış müddəaları ilə bağlı yarımçıq sazişin imzalanmasını təklif edirdi. Rəsmi Bakı haqlı olaraq bu təkliflə razılaşmayaraq, yekun sülh sazişində mübahisəli, açıq qalan məsələlərin olmasının yolverilməzliyini, bunun gələcəkdə ciddi mübahisə və hətta hərbi qarşıdurmalara gətirib çıxara biləcəyini bəyan edib. Qarşı tərəfin Zəngəzur dəhlizi ilə bağlı öhdəliyinə əməl etməməsi də sülhə mane olan amillərdəndir.
Azərbaycan dayanıqlı, etibarlı, iki ölkə arasında münaqişə səhifəsini qapadacaq, etimad mühitinə və real əməkdaşlığa imkan yaradacaq sülh sazişinin imzalanmasında maraqlıdır. Bu baxımdan, bölgə üçün əhəmiyyətli məsələlərin yekun sazişdə birmənalı əksini olunması, regional əməkdaşlığın dəqiq konturlarının müəyyənləşdirilməsi son dərəcə vacibdir.
Nəhayət, atəşkəsin hələ də pozulması faktları göstərir ki, hərbi güc amili Ermənistanla danışıqlar prosesində beynəlxalq hüquqa və ədalətə əsaslanan nəticələrin əldə edilməsi baxımından aktuallığını qoruyur.
MTM Analitik Qrup