
Azərbaycanın istər İkinci Qarabağ müharibəsi, istərsə də 2023-cü ilin sentyabrında keçirdiyi lokal antiterror tədbirləri nəticəsində əldə etdiyi parlaq zəfərlər təkcə ərazi bütövlüyünün bərpası ilə yekunlaşmayıb, eyni zamanda iki əsrə yaxın müddətdə erməni ultra-millətçi, irqçi dairələrinin ideoloji istinadgahı olmuş “Böyük Ermənistan” xülyasına, “öz müqəddəratını təyinetmə” mifinə, Qarabağda saxta qurumlar vasitəsilə mövcudluğunu qorumağa çalışan xunta rejiminə son qoyub.
Buna baxmayaraq, Ermənistanda müşahidə olunan siyasi proseslər, xüsusən də radikal-revanşist qüvvələrin fəallaşmaq cəhdləri regionda sülh quruculuğu prosesini ciddi şəkildə təhdid etməklə yanaşı, yeni geosiyasi reallıqlarla ziddiyyət təşkil edən saxta ideologiyaların “yaşadılmasına” xidmət edir. Aşkar görünür ki, bu ölkədə bəzi qüvvələr işğalçı ideologiyanın sıradan çıxması ilə heç cür barışa bilmir, cəmiyyətdə revanşist düşüncənin möhkəmlənməsinə çalışırlar. Hazırda hətta Ermənistanın hazırkı hakimiyyətinin daxilində belə, qisas və qarşıdurma ovqatında köklənən, qarşıdurmada maraqlı olan, sülhə və etimad quruculuğu prosesinə qarşı çıxan qüvvələr mövcuddur.
Ermənistan cəmiyyətində və siyasi arenasında türklərə və azərbaycanlılara qarşı köklənmiş nifrət ideologiyasının, ksenofob düşüncənin hökm sürməsi dayanıqlı sülh və təhlükəsizlik üçün ciddi təhdiddir. Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI) hələ 2023-cü ildə yaydığı hesabatda Ermənistanda etnik ayrı-seçkilik, nifrət nitqi və zorakılığa çağırış hallarının geniş vüsət alması ciddi narahatlıq doğuran məsələ kimi qeyd olunub. Hesabatda “azərbaycanlı” və “türk” ifadələrinin siyasi opponentlərin təhdid olunması üçün istifadə edilməsi pislənilib. Aradan iki ilə yaxın vaxt keçsə də, Azərbaycana qarşı yanaşmanın aradan qalxmaması bu ölkədə müəyyən qrupların etnik-mədəni barış niyyətindən uzaq olduğunu göstərir.
Ermənistan cəmiyyətində radikal-revanşist ritorikanın hələ də aradan qalxmaması regionda sülhə və əməkdaşlığa ciddi zərbə vurur. Müxtəlif siyasi qruplar, xüsusən də Qarabağ klanının ideoloji davamçıları özlərini erməni xalqının guya “milli maraqlarını qoruyan vətənpərvərlər” kimi qələmə verməyə çalışır, populist açıqlamalarla Nikol Paşinyan hökumətinə təzyiq vasitələri əldə etmək, xaricdəki erməni diasporunun dəstəyini qazanmaq məqsədi güdürlər. Bu isə sülh prosesinin irəliləməsini süni şəkildə əngəlləyən amillərdən biridir.
Rəsmi İrəvan bu qüvvələrin Ermənistanın siyasi-hərbi təhlükəsizliyi üçün təhdid və təhlükə olduğunu çoxdan başa düşsə də, onları tam neytrallaşdırmaq imkanında deyil. Doğrudur, Nikol Paşinyan hakimiyyəti son vaxtlar daha çox Qarabağdan qaçaraq İrəvana sığınan separatçıların revanş təbliğatının və təşkilatlanmasının qarşısını almağa çalışır. Arxivə gömülmüş xunta rejiminin tör-töküntülərinə qarşı atılan konkret addımlar, o cümlədən separatçıların “nümayəndəliyinin” yerləşdiyi binanın dövlət tərəfindən müsadirəsi prosesinə başlanılması bu qənaəti gücləndirir. Ermənistan mediasının bir neçə gün əvvəl yaydığı məlumata əsasən, bu ölkənin Baş Prokurorluğu həmin binanın mülkiyyət hüququna dair Kadastr Komitəsinə qarşı məhkəmə iddiası qaldırıb. Bu, İrəvanın Qarabağ separatçılarından qurtulmağa çalışmasının real təzahürüdür. Əslində, rəsmi Bakı da bununla bağlı narazılığını dəfələrlə bəyan edib, separatçıların fəaliyyətinə şərait yaradılmasını İrəvanın sülh prosesinə qeyri-səmimi yanaşması kimi dəyərləndirib.
Prezidentin köməkçisi Hikmət Hacıyevin Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində vurğuladığı kimi, “Bakı sülhü yalnız Ermənistan hökuməti ilə deyil, eyni zamanda erməni xalqı ilə imzalamaq istəyir”. Bu yanaşma rəsmi Bakının indiyə qədər dayanıqlı sülhün əldə olunması üçün irəli sürdüyü haqlı tələblərin də mahiyyətində yer alır: yekun sülh sazişi elə şərtlər əsasında imzalanmalıdır ki, gələcəkdə hər hansı qarşıdurma və ziddiyyət üçün əsas yaratmasın. Başqa sözlə, Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, sülh müqaviləsi siyasi-hüquqi, beynəlxalq təsirini daim qoruyub saxlamalı, revanşist iddialara imkan verməməlidir. Revanşizm, separatizm və nifrət ideologiyası ilə yüklənmiş cəmiyyətlərdə bu cür yanaşma olduqca əhəmiyyətlidir. Erməni cəmiyyətinin sülhün alternativsiz olduğunu dərk etməsi və radikal qütblərdən uzaqlaşması bu ölkənin həm daxili sabitliyi, həm də hərbi təhlükəsizliyi baxımından vacibdir. Rəsmi Bakının “beynəlxalq platformalarda qarşılıqlı iddialara son qoyulması” tələbi də, əslində, revanş meyillərinin birdəfəlik alınmasına hesablanmış əsaslı yanaşmadır.
Keçmiş separatçı rejimin rəhbərliyində olmuş şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ətrafında aparılan qərəzli kampaniyalar da revanşist meyillərin davam etdiyinin göstəricisidir. Məhkəməsi gedən erməni əsilli şəxslərin “hərbi əsir” və ya “siyasi məhbus” kimi təqdimatı cəhdləri həm Azərbaycanın suveren hüquqlarına qarşı qəsd, həm də normallaşma prosesinə vurulan təxribatçı zərbədir. Ermənistanda müəyyən qrupların bu şəxsləri müdafiə etməsi, onların cinayətlərini ört-basdır etməyə çalışması etimad quruculuğu prosesini ciddi şəkildə zədələyir.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh prosesinin uğurla yekunlaşması üçün Ermənistanın konstitusiyasında ərazi iddialarına yol açan müddəalarda dəyişiklik edilməsi, fəaliyyəti tam dayanmış ATƏT-in Minsk qrupunun ləğvi zəruridir. Bu öhdəlikləri yerinə yetirmədiyi halda, Ermənistanın sülh bəyanatları beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq, məsuliyyətdən yayınmaq məqsədi daşıyan siyasi manipulyasiya kimi qəbul olunacaq.
Rəsmi Bakı hazırda regionda yeni siyasi arxitekturanın formalaşmasında aparıcı aktor kimi çıxış edir. Bu mənada, Ermənistanın revanşist mövqedən uzaqlaşması, radikal qüvvələrin, erməni diaspor və lobbisinin təsirlərindən xilas olması, səmimi və qarşılıqlı etimada əsaslanan siyasi kurs seçməsi vacibdir. Ermənistanın təcriddən çıxmasının, iqtisadi inkişafının və təhlükəsizlik zəmanətinin təmin edilməsinin yeganə yolu məhz normallaşmadan keçir.
MTM Analitik Qrup