Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının fəaliyyətini daha iki il uzatması Cənubi Qafqazda sülh prosesinə və regional sabitliyə vurulan ciddi zərbədir. Bu qərar Ermənistanın sülh gündəliyini sabotaj etməsinin Avropa tərəfindən təşviq edildiyini, Azərbaycanın haqlı narahatlıqlarına məhəl qoyulmadığını və bölgədəki geosiyasi balansın açıq şəkildə pozulduğunu göstərir. Bununla yanaşı, Avropa İttifaqının bu addımı Azərbaycanla Avropa arasında əməkdaşlıq imkanlarını mənasız hala gətirir və həmçinin Rusiyanın bölgədəki maraqlarına da ciddi təhdid yaradır. Çünki Avropa İttifaqının Ermənistana göndərdiyi mülki müşahidə missiyası ilk gündən siyasi məqsədlərə xidmət edirdi. Brüssel əvvəl bildirirdi ki, bu missiyanın əsas məqsədi Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyi müşahidə etmək və gərginliyi azaltmaqdır. Lakin reallıqda missiya yalnız Ermənistanın mövqeyindən çıxış edərək, Azərbaycanın legitim maraqlarını tamamilə görməzdən gəldi. Hazırda isə missiyanın vaxtının daha iki il uzadılması Ermənistan üçün bir növ “təhlükəsizlik çətiri” rolunu oynayır. Brüssel açıq şəkildə İrəvana siyasi dəstəyini artırır və Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün real təzyiqlərə məruz qalmasının qarşısını alır. Missiyanın mövcudluğu və uzadılması Ermənistan rəhbərliyinə Azərbaycanla danışıqlarda daha sərt mövqe tutmağa imkan yaradır. Bu da Ermənistanın sülh prosesini ləngitməsi və Azərbaycanın haqlı tələblərini cavabsız qoyması ilə nəticələnir.
Azərbaycan son illərdə regional sülhün bərqərar olması üçün konkret addımlar atıb, lakin Ermənistanın destruktiv siyasəti və Avropanın ona verdiyi dəstək bu səyləri əngəlləyir. Ermənistan hökuməti hələ də sülh müqaviləsi imzalamaqdan boyun qaçırır, sərhədlərin delimitasiyası və nəqliyyat yollarının açılması məsələsində qeyri-müəyyən mövqe tutur. Belə bir şəraitdə Avropa İttifaqı missiyasının mövcudluğu İrəvana bu qeyri-konstruktiv mövqeyini qorumağa əlavə stimul verir. Brüssel bir çox hallarda özünü regionda neytral vasitəçi kimi təqdim etsə də, missiyanın təkcə Ermənistan ərazisində fəaliyyət göstərməsi bu iddianın tam əksini sübut edir. Əgər həqiqətən sülh və təhlükəsizlik naminə müşahidə aparmaq məqsədi güdülsəydi, Avropa İttifaqı eyni zamanda Azərbaycanla da əlaqələr qurmalı, balanslı yanaşma sərgiləməli idi. Lakin bu, baş vermədi. Deməli, Avropa İttifaqı Ermənistana birtərəfli şəkildə siyasi dəstək verir, o, Azərbaycanla sülh müqaviləsinin bağlanmasını açıq şəkildə dəstəklədiyini iddia etsə də, bu istiqamətdə real addımlar atmır. Əksinə, belə addımlarla İrəvanın destruktiv siyasətinə stimul verir. Bu, açıq-aşkar ikili standartdır və Avropa İttifaqının bölgədə səmimi tərəfdaş olmadığına dair yeni sübutdur. Onu da qeyd etməliyik ki, Avropa İttifaqının son illərdə Azərbaycanla enerji əməkdaşlığını genişləndirməyə çalışması fonunda Ermənistana göstərilən bu birtərəfli dəstək Brüsselin Bakı ilə münasibətlərə verdiyi əhəmiyyətin artıq formal xarakter daşıdığını göstərir. Avropa, Azərbaycanın strateji resurslarını əldə etmək istəyir, lakin siyasi məsələlərə gələndə Bakıya əsassız təzyiqlər edir. İndi isə Azərbaycanla əməkdaşlığa dair verilən siqnalların artıq ciddi qəbul edilməməsi üçün kifayət qədər səbəb var. Bu missiyanın uzadılması göstərir ki, Avropa Azərbaycanla tərəfdaşlıq münasibətlərini yalnız enerji təchizatı çərçivəsində görür, lakin siyasi və təhlükəsizlik məsələlərində tamamilə Ermənistana üstünlük verir. Bu isə Azərbaycanın Avropa İttifaqı ilə gələcək əməkdaşlığına yenidən baxmalı olduğunu gündəmə gətirir.
Avropa İttifaqının bu addımı təkcə Azərbaycan üçün deyil, eyni zamanda Rusiya üçün də ciddi siqnaldır. Rusiya öz təsir dairəsində olan Cənubi Qafqaza Avropanın belə açıq şəkildə müdaxilə etməsini strateji təhlükə kimi görür. Kreml əvvəllər də Ermənistanın Avropa İttifaqına və Qərbə doğru yönəlməsindən narahatlığını ifadə etmişdi. İndi isə Avropa missiyasının uzadılması Moskvanın təsir imkanlarını daha da azaldır və Qərbin Ermənistanı Rusiya orbitindən çıxarmaq cəhdlərini gücləndirir.
MTM Analitik Qrup