ERMƏNİSTAN RƏHBƏRLİYİ REGİONAL KOMMUNİKASİYALARIN BƏRPASININ VACİBLİYİNİ ETİRAF EDİR

Son aylarda Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin müddəalarının böyük bir qisminin razılaşdırılması, xüsusən də dövlət sərhədlərinin delimitasiyası istiqamətində əldə olunan mühüm razılaşmalar Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına ümidləri artırır. Mövcud geosiyasi reallıqlarla barışan Ermənistan rəhbərliyi, eyni zamanda, nəqliyyat- kommunikasiya əlaqələrinin bərpasının vacibliyini etiraf edir.

Ötən il Qarabağdakı qanunsuz rejimin süqutundan sonra Ermənistanın Azərbaycanla yekun sülh sazişini imzalamaqdan yayınması, vəziyyəti gərginləşdirmək yolu seçməsi bu ölkənin daha sarsıdıcı zərbələr alması demək olardı və bunu həm Ermənistan hakimiyyəti, həm də cəmiyyəti yaxşı anlayıb. Rəsmi İrəvan bu reallığı da qəbul edir ki, keçmişdə baş verənlərdən asılı olmayaraq, hər iki ölkənin irəliyə baxması, münaqişə səhifəsini qapatması, münasibətləri bərpa etməsi regional təhlükəsizliyə ən ciddi təminatdır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın “Lännen Media” informasiya agentliyinə müsahibəsində Azərbaycanla sərhədin delimitasiyası prosesində əldə edilmiş razılaşmaları münasibətlərin normallaşdırılması baxımından müsbət qiymətləndirib, proses zamanı 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürüldüyünü vurğulayıb. İntensiv müzakirə mərhələsində olan sülh sazişi layihəsinin 17 maddəsindən 15-nin razılaşdırıldığını, sərhədlərin delimitasiyası və demarkasiyasının gələcək sabitliyə təminat olduğunu iddia edən A.Mirzoyan kommunikasiyaların bərpası məsələsindən də söz açıb: “Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik”.

Son vaxtlaradək Zəngəzur dəhlizi mövzusunun müzakirəsinin gələcəyə – sülh sazişinin imzalanmasından sonrakı mərhələyə saxlanmasını vacib sayan Ermənistan rəhbərliyinin kommunikasiyalar mövzusundakı açıqlamaları bu ölkənin təcrid vəziyyətdən çıxmağa çalışdığını göstərir. A.Mirzoyanın birinci mərhələdə dəmiryolu xətlərinin bərpası ilə bağlı səsləndirdiyi fikirlər də Zəngəzur dəhlizi mövzusunun gündəlikdə olduğunu deməyə müəyyən əsaslar verir. Əslində, son iki ölkə arasında dayanıqlı sülhə və etimad quruculuğuna ciddi şəkildə mane olan əsas məqamlardan biri də rəsmi İrəvanın nəqliyyat və kommunikasiyalarının açılmasını nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndinin icrasından yayınmağa çalışmasıdır.

Prezident İlham Əliyev Ermənistanın bu mövzu ilə siyasi manipulyasiyalarını tənqid edərək deyib: “İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar nə edirlər? Onlar, sadəcə olaraq, Naxçıvan Muxtar Respublikası ilə quru yolu əlaqəsini qurmaq imkanını bloklayırlar. Bu davranış sözsüz ki, çox məyusedicidir”.

Rəsmi İrəvan son 3 ildə Zəngəzur dəhlizinin reallaşdırılması prosesini süni şəkildə yubatmağa, müxtəlif bəhanə və iddialarla vaxt udmağa çalışıb. Ermənistan rəhbərliyi nəinki sülh və əməkdaşlıq üçün yaranmış imkanları dəyərləndirməyib, Rusiya və Türkiyənin, Orta Asiya ölkərinin maraqlarına qarşı çıxıb. Azərbaycan, Türkiyə və Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı əsaslı tələblərinə qarşı “İran kart”nı işə salmağa cəhdlər etsə, nəyəsə nail ola bilməyib.

Ermənistan rəsmiləri, gec də olsa, Türkiyə ilə münasibətlərin normallaşması posesinin də Azərbaycanla yekun sülh sazişindən, eləcə də Zəngəzur dəhlizinin açılmasından asılı proses olduğunu qəbul etməyə başlayıblar. Sərhədlərinin bağlı olması Ermənistanın xarici ticarət və ixrac imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır. Bu mənada, rəsmi İrəvan üzləşdiyi total hərbi-siyasi məğlubiyyyətdən sonra özünütəcrid vəziyyətinin ona həm iqtisadi, həm də təhlükəsizlik nöqteyi-nəzərindən ciddi problemlər yarana biləcəyinin fərqindədir. Ermənistanın əvvəlki səhvləri davam etdirərək əməkdaşlıq və inteqrasiya təşəbbüslərindən davamlı imtina etməsi bu ölkənin böyük itkilərə məruz qalması ilə nəticələnə bilər.

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmiryolu və avtomobil yollarının İran ərazisindən çəkilişi ilə bağlı əldə olunmuş memorandum da rəsmi İrəvanın Zəngəzur dəhlizi mövzusu ilə siyasi manipulyasiyalarının qarşısını alıb. Dəhlizin Ermənistan ərazisindən keçməsi əvvəlki kimi həyati vacib məsələ kimi görünmür. Əksinə, İran ərazisindən keçərək Naxçıvanla Azərbaycanın əsas hissəsini biləşdirəcək Şərqi Araz dəhlizi Ermənistanın külli miqdarda illik tranzit gəlirindən məhrum olması, dalan vəziyyətdə qalması deməkdir.

Azərbaycanın strateji yanaşması bundan ibarətdir ki, loqistika və nəqliyyat layihələri vasitəsilə Cənubi Qafqazdakı hərbi-siyasi gərginliyi azaltmaq, münasibətlərin sivil məcrada inkişafına nail olmaq mümkündür. Dəhlizin reallaşdırılması işğalçı siyasəti nəticəsində özünü son 30 ildə blokada vəziyyətinə salan Ermənistanın özünün də böhrandan çıxmasına imkan yarada bilər. Bu, Ermənistana həm Rusiya, həm Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə geniş iqtisadi əlaqələr qurmaq, tranzit imkanlarını artırmaq imkanları yarada bilər.

Ermənistanın region ölkələri ilə səmərəli iqtisadi və nəqliyyat-kommunikasiya əlaqələri yaratması, özünütəcriddən xilas olması rəsmi İrəvanın regional əməkdaşlıq sülhyaratma təşəbbüslərinə yanaşmasından asılıdır. Ermənistan öhəliyinə əməl edərək, Azərbaycanın onun əsas ərazisi ilə Naxçıvan arasında Zəngəzur dəhlizi vasitəsilə maneəsiz və təhlükəsiz nəqliyyat hərəkətini təmin etmək üçün zəmanət verməlidir.

MTM Analitik Qrup