
Rəsmi Bakı regionda ədavət səhifəsini mümkün qədər tez bağlamaq, münasibətləri normallaşdırmaq, regional əməkdaşlığa nail olmaq istiqamətində səmərəli təşəbbüslər irəli sürsə də, Ermənistan tərəfi qeyri-konstruktiv davranışları ilə buna müqavimət göstərir. Son aylarda cərəyan edən proseslərin təhlili göstərir ki, sülhə hazır olmayan rəsmi İrəvan ölkəmizə qarşı əsassız ittihamlarını genişləndirir və süni gərginlik yaratmağa çalışır.
Real vəziyyətin təhlili onu göstərir ki, rəsmi İrəvan qərar verə bilmir – Azərbaycanla nə müharibəyə, nə də yaxın perspektivdə sülhə hazırdır. Ermənistan hakimiyyəti siyasi ittihamlarla danışıqlar prosesini mümkün qədər uzatmağa, özünü sülhdə maraqlı tərəf kimi göstərməyə, danışıqların nəticəsiz qalmasına görə məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır. İkitərəfli danışıqlarda düyünə çevrilmiş məsələlər ətrafında heç bir razılaşmanın əldə olmaması rəsmi İrəvanın həlledici siyasi qətiyyət göstərmək imkanlarının məhdudluğunu, Qərbdəki və regiondakı bəzi dövlətlərin diktəsi ilə hərəkət etdiyini göstərir.
Rəsmi İrəvanın “nala-mıxa vurması”nın mühüm səbəblərindən biri də Ermənistanda gələn il keçiriləcək parlament seçkiləridir. Seçkilər ərəfəsində daxili vəziyyətin gərginləşəcəyindən ehtiyatlanan, müxalif rəqiblərinə bəhanə vermək istəməyən baş nazir Nikol Paşinyan danışıqları seçkilərədək uzatmağa, prinsipial məsələlərlə bağlı qərarları da seçkilərdən sonraya saxlamağa çalışır.
Ermənistan Xarici İşlər Nazirliyinin 28 fevral 2025-ci il tarixli bəyanatında sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesinin qanuniliyi və obyektivliyi ilə bağlı əsassız, qərəzli fikirlərin yer alması da, bu mənada, təsadüfi deyil. Ölkəmizi erməni məhbuslar və hərbi cinayətlərdə ittiham olunan şəxslərlə guya “pis rəftarda”, onlara təzyiq göstərməkdə ittiham edən Ermənistan XİN-nin məkrli məqsədi aydın görünür. Belə ki, lokal antiterror tədbirlərindən sonra Ermənistandakı radikal-revanşist qüvvələr N.Paşinyan hakimiyyətini separatçı rejimə rəhbərlik etmiş şəxslərə sahib çıxmamaqda, eləcə də onların məhkəmə prosesinə etinasız münasibətdə ittiham edirlər. Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin Bakıda saxlanmasının və uzunmüddətli həbsinin Ermənistan hakimiyyətinin maraqlarına cavab verməsi ilə bağlı da açıq ittihamlar səsləndirilir. Belə görünür ki, Ermənistan XİN-nin separatçıları müdafiə edən bəyanatı bir tərəfdən opponentləri susdurmaq, digər tərəfdən beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyəti güdür. Başqa sözlə, Ermənistanın hərbi-siyasi rəhbərliyi üzləşdiyi uğursuzluqları daxili auditoriya üçün “pərdələmək” naminə regionda sabitliyi təhdid edən, separatizmin təşviqinə yönələn destruktiv addımlara əl atmaqdan belə çəkinmir.
Azərbaycan Xarici İşlər Nazirliyinin operativ açıqlama yayaraq Ermənistanın separatçı rejimə rəhbərlik etmiş erməni əsilli şəxslərin məhkəmə prosesi ilə bağlı bəyanatını normallaşma prosesinə və etimad quruculuğuna xələl gətirən məsuliyyətisiz addım kimi dəyərləndirməsi isə rəsmi İrəvana növbəti sərt mesajdır. Danışıqlar prosesinin praktik müstəviyə keçdiyi, delimitasiya ilə bağlı yaradılmış komissiyanın müntəzəm görüşlərinin keçirildiyi, xarici işlər nazirlikləri səviyyəsində birbaşa diplomatik təmasların baş tutduğu bir şəraitdə Ermənistan rəhbərliyinin müxtəlif ağır cinayətlərdə təqsirli bilinən separatçıların açıq müdafiəsinə qalxması müəyyən suallar doğurur.
Xatırlatmaq yerinə düşər ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hakimiyyəti postkonflikt dövründə əsir götürülmüş, itkin düşmüş erməni əsilli hərbçilər mövzusunda manipulyasiyalara yol verərək, bu saxta iddialardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlanmağa çalışsa da, istəyinə nail ola bilməyib. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra saxlanılan, faktiki olaraq hərbi əsir hesab edilməyən 200-dək erməni əsilli şəxsi qarşı tərəfə təhvil verməklə, İrəvanın əsassız iddialarını puça çıxarıb.
Rəsmi Bakı humanizm nümayiş etdirərək, 1700-dək erməni əsgərinin nəşinin və qalıqlarının işğaldan azad edilmiş ərazilərimizdən çıxarılmasına imkan yaradıb. Azad edilmiş ərazilərin minalardan tədricən təmizlənməsi kontekstində bu proses hələ də davam edir. Müharibəni müəyyən normativ çərçivəyə salmaq məqsədilə qəbul olunmuş Cenevrə və Haaqa hüququna, habelə beynəlxalq çağırışlara məhəl qoymayan Ermənistan isə hərbi əsir və girovlara münasibətdə hər zaman qəddar və anti-humanist mahiyyətini nümayiş etdirib.
Əlverişsiz hava və məhdud görmə şəraiti səbəbindən 2023-cü ilin aprel ayında azaraq itkin düşən və Ermənistanda saxlanılan azərbaycanlı hərbçilərin işgəncəyə, qeyri-insani rəftara məruz qalmaları, onların görüntülərinin sosial şəbəkələrdə yerləşdirilməsi təcavüzkar ölkənin müharibə cinayətlərini davam etdirməsinin və bundan “siyasi alət” kimi istifadə etməyə çalışmasının bariz təzahürü olub. Heç bir təhlükə doğurmayan, silahsız, müqavimət göstərməyən hərbi əsirlərin fiziki-mənəvi işgəncələrə məruz qalmaları, tələm-tələsik qondarma məhkəmə hökmləri əsasında uzunmüddətli “cinayət məsuliyyətinə” cəlb edilmələri Ermənistanın dövlət siyasətinin qisasçılıq, nifrət və revanşizm kimi zərərli “ideologiyaya” əsaslandığını, anti-humanist mahiyyətini bir daha dünyaya göstərib.
Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxslərin əksəriyyəti Ermənistan silahlı qüvvələri tərəfindən vandallıqla qətlə yetirilərək kütləvi şəkildə basdırılan hərbi əsirlər və mülki girovlar olublar. 2021-2025-ci illərdə azad edilmiş ərazilərdə azərbaycanlılara aid 18 kütləvi məzarlığın tapılması da təcavüzkar ölkənin müharibə cinayətlərinin real miqyasını bir daha təsdiqləyir.
Ümumiyyətlə, Birinci və İkinci Qarabağ müharibəsi zamanı hərbi cinayətlər törətmiş şəxslərin barəsində cinayət işinin açılması, barələrində beynəlxalq axtarışın elan olunması, ölkə qanunvericiliyinə və beynəlxalq konvensiyalara uyğun olaraq məsuliyyətə cəlb olunmaları Azərbaycanın daxili işi və suveren hüququdur. Beynəlxalq hüquq normalarından çıxış edən rəsmi Bakı Ermənistanın və onun havadarı olan bəzi ölkələrin bu mövzudakı bəyanatlarının ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdi olduğunu qətiyyətlə bəyan edib. Rəsmi Bakının danışıqlar prosesində haqlı olaraq irəli sürdüyü tələblərdən biri də budur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını sözdə bəyan edən Ermənistan beynəlxalq platformalarda Qarabağla bağlı saxta və əsassız iddialarına son qoymalıdır.
MTM Analitik Qrup