ERMƏNİSTAN QƏRBİ AZƏRBAYCANLILARIN GERİYƏQAYIDIŞ HÜQUQUNU TANIMALIDIR

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra Qərbi Azərbaycanlıların Ermənistana qayıdış hüququnun tanınması ilə əlaqədar Ermənistan və bir sıra beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Bu, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrinin təkcə region deyil, ümumən dünyada sülh və təhlükəsizlik üçün doğurduğu təhdidlərin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Dövlət başçısı İlham Əliyev sentyabrın 30-da Aşıq Ələsgərin abidəsinin açılışında çıxışı zamanı XX əsrdə xalqımızın üç deportasiya dalğasına məruz qaldığını xatırladaraq deyib: “1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.

Qərbi azərbaycanlıların Ermənistan ərazisindəki tarixi yurdlarına qayıdışı strateji xarakterə malik məsələdir və uzunmüddətli hədəflərə hesablanıb. Çünki qarşı tərəf azərbaycanlıların bu ölkəyə geriqayıtma hüququnu inkar edir və bununla əlaqədar hər hansı bir baxış ortaya qoymayıb. Dövlət başçısının son açıqlaması da, ilk nöbvədə, azərbaycanlıların öz doğma yurdlarına qayıtmasının insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması zəruriliyi ilə bağlı beynəlxalq ictimaiyyətə verilən mühüm mesaj kimi dəyərləndirilə bilər. Xatırlatmaq lazımdır ki, Ermənistanın müharibə cinayətlərinin ifşası ilə bağlı son illərdə ölkə diplomatiyasının təkcə Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində apardığı təbliğati-siyasi iş əhəmiyyətli olub. Xarici İşlər Nazirliyinin Ermənistanın mina basdırdığı ərazilərin xəritələrini tam şəkildə təqdim etməməsi, Birinci Qarabağ Müharibəsində itkin düşmüş 4000-dək azərbaycanlının taleyi və kütləvi məzarlıqlar barədə məlumatları gizlətməsi, faydalı qazıntı yataqlarımızın qanunsuz istismarı faktları ilə bağlı BMT-yə ünvanladığı müraciətlərin təşkilatın Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılması informasiya savaşında ölkəmizin üstünlüyünü təmin edib.

İkinci Qarabağ Müharibəsinin və lokal antiterror tədbirlərinin nəticəsi kimi ərazi bütövlüyümüzün təmini, məcburi köçkünlərin doğma yurdlarına qayıdış konsepsiyasının reallaşdırılmasına başlanılması fonunda qərbi azərbaycanlılarla bağlı məsələnin aktuallaşması qətiyyən təsadüfi deyil. Bu istiqamətdə aparılan sistemli fəaliyyət, ilk növbədə, beynəlxalq ictimaiyyətin münaqişənin tarixi, yaranma səbəbləri, ermənilərin məhz qonşu ölkələrin ərazilərinin ilhaqı bahasına özlərinə dövlət yaratmaları barədə məlumatlandırılmasına xidmət edir.  

Beynəlxalq ictimaiyyətin regionun tarixi ilə bağlı kifayət qədər dolğun məlumatlara malik olmamasından sui-istifadə edən Ermənistan, habelə erməni diasporu yalan məlumatlar yayır, Azərbaycan və Türkiyə əleyhinə əsassız kampaniya aparırlar. Hər il qondarma “erməni soyqırımı”nın tanınması üçün ayrı-ayrı ölkələrdə aparılan genişmiqyaslı kampaniya da bunun əyani təzahürüdür. Tarixi faktlar göstərir ki, erməni-daşnak millətçiləri tərəfindən son iki əsrdə həyata keçirilən terror, soyqırımı və ərazi ilhaqı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından zorla çıxarmaq olub. Azərbaycan xalqının tarixi kobud şəkildə saxtalaşdırılıb, maddi və mədəniyyət abidələri, toponimləri erməni tarixçiləri və “ideoloqları”nın təcavüzünə məruz qalıb.

İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətinə baxmayaraq, Ermənistan xaricdəki havadarlarının himayəsi ilə bu gün də ölkəmizə qarşı əsassız iddialarından əl çəkmir. Qarabağ ermənilərinin guya “etnik təmizləməyə məruz qalmaları”, “onların geriyə qayışı” barədə səsləndirilən cəfəng bəyanatlar deyilənlərin əyani təsdiqidir. Belə bir şəraitdə Ermənistandan etnik təmizləmə siyasəti nəticəsində zorla qovulmuş 250 min nəfərdən çox azərbaycanlının doğma yurdlarına qayıdışı məsələsi də təbii olaraq milli ideyaya çevrilməlidir. 

Məsələnin beynəlxalq platformalarda müzakirəyə çıxarılması, ilk növbədə, Ermənistanın siyasi və hüquqi müstəvilərdə ifşası baxımından da xüsusi əhəmiyyətə malikdir. Bu ilk növbədə, Ermənistanın postmünaqişə dövründə səsləndirdiyi iddiaların əsassızlığının dünya ictimaiyyətinə çatdırılması, təcavüzkara qarşı siyasi-hüquqi müstəvidə yeni cəbhə açılması baxımından zəruridir. Aparılan sistemli iş Ermənistanın tarixən yol verdiyi deportasiya və soyqırım cinayətləri ilə əlaqədar hüquqi mübarizə mexanizmlərinin işə salınmasına zəmin yaradır.

MTM Analitik Qrup