ERMƏNİSTAN PARLAMENTİ AZƏRBAYCANLA SÜLH BƏYANATINI QƏBUL EDİB

2 oktyabr 2025-ci il tarixində Ermənistan parlamenti növbədənkənar iclasda “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat layihəsini təsdiqləyib.

Sənəd hakim “Vətəndaş Müqaviləsi” fraksiyası tərəfindən hazırlanıb və bu ilin 8 avqustunda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı razılaşmada əks olunan əsas tezisləri özündə əks etdirir.

Parlament qəbul etdiyi bəyanatla hər iki ölkənin ictimaiyyətini, siyasi dairələrini və ekspert çevrələrini münaqişəni yenidən alovlandıra biləcək ritorika və hərəkətlərdən çəkinməyə çağırıb.

Fraksiya rəhbəri Ayk Kondjoryan bəyanatı təqdim edərkən bildirib ki, parlament bu addımla Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhü rəsmi şəkildə təsdiqləməli və bütün maraqlı tərəfləri onun möhkəmləndirilməsinə dəstək verməyə çağırır.

Qeyd edək ki, müxalifətçi deputatlar səsvermədə iştirak etməyib və iclas zalını tərk ediblər.