ERMƏNİSTAN MÜXALİFƏTİNDƏ DƏRİNLƏŞƏN PARÇALANMA  PARLAMENT SEÇKİLƏRİNDƏ HAKİM PARTİYANIN QƏLƏBƏ ŞANSLARINI ARTIRIR

Cari ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri bu ölkədə ictimai-siyasi proseslərin əsas axarına indidən yön verən faktora çevrilib. Seçkilərin nəticələri Ermənistanın gələcəyini müəyyənləşdirməklə yanaşı, regionda sülh və əməkdaşlıq atmosferinə də təsirsiz ötüşməyəcək. Sirr deyil ki, revanşist qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan və Ermənistan arasında barış, münasibətlərin normallaşdırlması istiqamətində görülən işlər təhlükə altına düşəcək. Hətta revanşist qüvvələrin Azərbaycana qarşı ərazi iddialarının  mövcudluğu fonunda iki ölkə arasında yeni hərbi toqquşmalar da istisna edilmir. Amma bunu erməni cəmiyyətində də yaxşı bilirlər və sözügedən ölkədə insanların böyük əksəriyyəti ona da əmindirlər ki, yeni toqquşmalar Ermənistanın məhvi deməkdir. Görünür, elə bu səbəbdəndir ki, erməni cəmiyyətində revanşist qüvvələrin sosial dayağı olduqca zəifdir.

Xalqa sülh vədi verən, Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinin alternativi olmadığını təlqin edən indiki hakimiyyətin qalibiyyət şansları hələ ki, çox yüksəkdir. Daha bir mühüm nüans ondan ibarətdir ki, erməni müxalifətində parçalanma, qütbləşmə dərindir və seçkiqabağı mərhələdə bu proses daha intensiv xarakter almağa başlayıb. Düzdür, Nikol Paşinyan iqtidarına qarşı müxalifətin vahid cəbhədə birləşməsi tezisi irəli sürülür. Amma reallıqda mənzərə tamam başqadır. Seçki ilə bağlı bir neçə müxalifət konsolidasiya mərkəzinin yaranması gözlənilir və bunu sosioloji sorğular da təsdiq edir. Onların ahəngdar davranması qeyri-mümkün görünür və bu da o deməkdir ki, müxalifət seçkilərə vahid siyahı və tək liderlə qatıla bilməyəcək. Nəticədə müxalif qüvvələrin bir çoxunun parlamentə daxil olması üçün baryeri belə aşması inandırıcı görünmür.  Həm də nəzərə alınmalıdır ki, hakimiyyətlə müqayisədə müxalifətin elekroratı azlıq təşkil edir. Birliklə bağlı aparılan danışıqalr isə istənilən nəticəni vermir.

Xatırlatmaq lazım gəlir ki, ilk olaraq “Daşnaksütyun” partiyası seçkilərdə ittifaq şəklində iştirak etmək və bu məsələ ilə bağlı danışıqlara başlamaq qərarını elan edib. Daşnaklar yenə ikinci prezident Robert Köçəryanla birlik yaradıb seçkilərə qatılmaq istəyirlər. Bunu həmin partiyadan olan müxalif  millət vəkili Kristine Vardanyan da təsdiq edib. O, mövcud formatın qorunub saxlanılması istiqamətində artıq müəyyən nailiyyətlərinin olduğunu qeyd edib: “Orada nəinki dərin təməl fikir ayrılıqlarımız yoxdur, həm də təxminən oxşar fikirlərimiz var. Lakin texniki məsələlər var, hansı platforma ilə çıxış edə biləcəyimizdən başlayaraq, yəni xalqımıza təqdim edə biləcəyimiz real təkliflər, format, siyahılar və sair kimi məsələlər var. İndi biz bu çərçivədə müzakirələr aparırıq”. Xatırladaq ki, 2021-ci il növbədənkənar parlament seçkilərində “Daşnaksütyun” və Erməni Dirçəliş Partiyası ikinci prezidentin ətrafında birləşərək Robert Köçəryanın rəhbərliyi altında “Hayastan” alyansını yaradıblar. Müzakirələr “Hayastan” alyansının formatının qorunması ilə bağlıdır və  bu, o deməkdir ki, sözügedən birlikdə yeni siyasi qüvvələrin olma ehtimalı da azdır. Əslində, digər qüvvələr bu alyansa qatılmaq niyyətində deyillər.

Seçkilərdə iştirak edib-etməmək məsələsi üçüncü prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının icra orqanında da müzakirə olunub. Partiya üzvü Tiqran Abrahamyanın sözlərinə görə, onlar hələlik qərar qəbul etməyiblər. 2021-ci il seçkilərində Respublikaçılar Partiyası da ittifaqla iştirak etmişdi. Siyahıya seçildikdən təxminən bir il sonra mandatından istefa verən keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan başçılıq edirdi. Bu dəfə Respublikaçılar Partiyasının seçkilərə istədikləri ittifaqı yaradıb qatılma ehtimalı azdır.  Respublikaçılar Partiyasının özü isə digər qüvvələrlə birləşmək istəmir və ən son variant kimi seçkilərə ya təkbaşına qatılmağı, ya d aümumiyyətlə, prosesi boykot etməyi düşünür. Sarkisyan və Köçəryan arasında münasibətlər də gərgin olaraq qalır.

Parlamentdənkənar müxalifət qüvvələri Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılması üçün blok şəklində seçkilərdə iştirak etməyi təklif edirlər. Seçkilərdə iştirakını elan edən ilk prezident Levon Ter-Petrosyanın rəhbəri  olduğu Erməni Milli Konqresi hesab edir ki, müxalifət düşərgəsi iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi qüvvə ətrafında birləşməlidir. Partiyanın baş nazirliyə namizədi Levon Zurabyanın sözlərinə görə, onlar belə birliyin yaradılmasında maraqlıdırlar: “İndi kimin  favorit olduğu göz qabağındadır. Əlbəttə ki, bu, Karapetyanın siyasi qüvvəsidir, yəni “Bizim Yol” hərəkatıdır, biz danışıqlar aparırıq”. Parlamentdənkənar müxalifət qüvvələri arasında böyük bir müxalifət alyansının yaradılmasını dəstəkləyən “Parlaq Ermənistan” partiyası da Samvel Karapetyanla müzakirələr elan edib, lakin yenə də konkret nəticə əldə edilməyib. “Bizim Yol” hərəkatının koordinatoru  Narek Karapetyan bildirib ki, seçkilərdə geniş konsolidasiya ilə iştirak etmək məsələsi hazırda müzakirə olunur, lakin o,  şəxsən Robert Köçəryan və Serj Sarkisyanla birliyi istisna edib.

Digər iş adamı Haqik Tsarukyan isə seçkilərlə bağlı müəyyən ziyalı şəxslərlə müzakirələrə başladığını bildirib. “Çiçklənən Ermənistan” Partiyasının lideri parlament seçkilərində “Ermənistana təklif” proqramı ilə iştirak edəcəyini açıqlayıb: “Düşünürəm ki, müxtəlif sahələri müxtəlif mütəxəssislərlə müzakirə etmək, ünsiyyət qurmaq lazımdır. Bu gün Ermənistanda ölkəmizi indiki vəziyyətdən çıxara biləcək tək bir şəxs, tək bir partiya yoxdur. Müzakirə, konsolidasiya olmalıdır, bura qatılacaq şəxslərin n partiya üzvü olması vacib deyil, amma həmin şəxslər müəyyən sahələrin nümayəndələri olmalı, səmərəli təkliflər verməli, ölkəsinin üclü, müstəqil, varlı olması naminə çalışmalıdırlar”.

İrəvan Ağsaqqallar Şurasında hakim “Vətəndaş sazişi” Patiyasının koalisiya tərəfdaşı olan Respublika Partiyası artıq seçkilərdə iştirak edəcəyini açıqlayıb və onun baş nazirliyə namizədi Aram Sarkisyandır. Müxalif qüvvələr arasında yer alan kilsə isə Nikol Paşinyana çıxan bütün qüvvələrə dəstək verməyə hazırdır. Amma proseslər kilsənin özünün də tərəfdarlarının əhəmiyyətli dərəcədə azaldığını göstərir. “Vətəndaş sazişi” Patiyasının özü isə seçkilərdə təkbaşına iştirak etmək niyyətini hələ ötən ildən bəyan edir. O da qeyd olunmalıdır ki,  erməni xalqına sülh vədi verən indiki hakimiyyətin qələbə şansları daha yüksəkdir. Əslində, sülh vədi, Azərbaycanla əməkdaşlıq istiqamətində atılan addımlar “Vətəndaş sazişi” Patiyasının şanslarını artıran əsas faktorlar sırasındadır. Bunu erməni cəmiyyətinin də düzgün qiymətləndirəcəyinə ümidlər böyükdür.

MTM Analitik Qrup