
Azərbaycan və Ermənistanın sülh yolunda atdığı addımlar, bu istiqamətdə görülən işlərin tədricən öz məntiqi yekunlarına yaxınlaşması müəyyən qüvvələrin ciddi narazılığına və narahatlığına səbəb olub. Bu müstəvidə Ermənistanın radikal müxalifətinin olduqca aqressiv mövqe sərgiləməsi, hər vəchlə sülh prosesini pozmağa can atması da özünü qabarıq şəkildə büruzə verir. Amma məsələ burasındadır ki, sözügedən qüvvələrin erməni cəmiyyətində hansısa ciddi dəstəyi və dayağı yoxdur. Elə bu kontekstdə onlar hansısa kənar qüvvələrin dəstəyi ilə sülh prosesini pozmağa daha çox can atırlar. Hətta bu xüsusda indi Ermənistanda açıq çağırışlara da rast gəlinir. Məsələn, “armenianreport” portalı yazır ki, Azərbaycanla sülh müqaviləsinin dayandırılması üçün Ermənistanın Rusiyaya həmişəkindən daha çox ehtiyacı var.
Burada açıq şəkildə ona çağırış edilir ki, Rusiya Azərbaycanla sülh məsələsini əngəlləməli, Ukraynadakı savaş bunun qarşısını almamalıdır: “Ukraynada müharibənin tezliklə başa çatması təkcə Rusiyanın deyil, həm də Ermənistanı indiki hakimiyyətin gətirdiyi biabırçılıqdan hələ də xilas etməyə qadir olan bütün ağıllı qüvvələrin marağındadır. Bu gün ləngliyin qiyməti çox yüksəkdir: söhbət bütöv dövlətlərin taleyindən və regional güc balansının gələcəyindən gedir. Ermənistanın Rusiyaya həmişəkindən çox ehtiyacı var. Çünki ölkəmizin Azərbaycanla biabırçı “sülh müqaviləsi” imzalamasına bir addım qalıb”. Bunlar fonunda diqqət çəkən daha bir məqam oldur ki, Ermənistan müxalifəti sülhlə bağlı erməni cəmiyyətində mənfi rəy yaratmağa can atır. Bütün bunlar heç də təsadüfi xarakter daşımır. Ermənistan müxalifəti üçün Azərbaycanla sülh müqaviləsinin imzalanması ilk növbədə daxili siyasi rəqabətdə böyük məğlubiyyət deməkdir. Hakimiyyətin Azərbaycanla razılığa gəlməsi, münaqişəni bitirməsi və sərhədlərin müəyyənləşməsi ölkədə sabitliyi gücləndirə, sosial-iqtisadi inkişafı təmin edə bilər ki, bu da müxalifətin siyasi iddialarının sıradan çıxması, cəmiyyətin həmin qüvvələrdən birdəfəlik imtinası deməkdir. Bu səbəbdən, onlar müxtəlif aksiyalar, təbliğat kampaniyaları və media vasitəsilə ictimai rəydə sülh müqaviləsinə qarşı neqativ münasibət formalaşdırmağa çalışırlar.
Müxalifət, xüsusilə də “Hayastan” və “Şərəfim var” düşərgəsinin nümayəndələri xalqa emosional ritorika ilə təsir edərək, sülhün Ermənistanı təslimçilik vəziyyətinə salacağı barədə tezislər irəli sürürlər. Müxalifət iddia edir ki, Cənubi Qafqazda həqiqi sülh yalnız beynəlxalq təminatlar və regionda real qüvvələr balansı ilə bərqərar ola bilər. Bu səbəbdən sözügedən düşərgə kənar qüvvələrin, ilk növbədə Rusiyanın prosesə müdaxilə etməsini istəyir. Halbuki, ötən illərin təcrübəsi tamamilə fərqli mənzərəni üzə çıxarır. Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsindən sonra əldə edilən razılıq əsas etibarı ilə ikitərəfli danışıqlar sayəsində mümkün olub. Ölkəmiz bu formatı əvvəlcədən təklif etsə də, Ermənistan buna qarşı çıxıb. Lakin prosesin sonrakı gedişində İrəvanın mövqeyi dəyişib və ikitərəfli format əsasında sülh istiqamətində çoxsaylı nailiyyətlərə imza atılıb. Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin parafladığı sülh sazişinin mətni də məhz ikitərəfli danışıqlar əsasında mümkün olub.
Beləliklə, ikitərəfli formatda aparılan proses tədricən özünü kuliminiasiya nöqtəsinə yaxınlaşır. Bundan isə qeyd edildiyi kimi, erməni müxalifəti olduqca əndişəlidir. Onlar da yaxşı bilir ki, sülh yolunda sonuca əngəl olan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılsa, onda ölkələrini tamam fərqli bir gələcək gözləyir. Bu halda Ermənistan qarşısında açılan perspektivlər erməni cəmiyyətinin müxaliflərin üzərindən xətt çəkməsi prosesini sürətləndirəcək. O səbəbdən sülhə qarşı sözügedən düşərgənin fəaliyyəti genişlənir. Bu xüsusda Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan iddia edir ki, Azərbaycanla sülh Ermənistanın kapitulyasiya aktıdır. Onun sözlərinə görə, Ermənistanı “Azərbaycanın bütün alçaldıcı və zərərli tələblərini qəbul etməyə məcbur edən vəziyyət baş nazir Nikol Paşinyanın destruktiv siyasi qərarları nəticəsində yaranıb”. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı isə narahat edən Rusiya və İranın sülh prosesinə reaksiyasıdır: “Hakimiyyət, təbii ki, sevinir, bunu ən böyük uğurlarından biri hesab edir. Parlament müxalifəti isə sazişdə nəinki müsbət bir şey görmür, əksinə, onun icrasının dağıdıcı nəticələrini proqnozlaşdırır… Eyni zamanda, prosesə münasibətdə Rusiyanın “demək olar ki, tam susması” və İran rəsmilərinin “müxtəlif” qiymətləndirmələri məni çaş-baş salıb”.
Üçüncü prezident Serj Sarkisyana bağlı olan “Şərəfim var” düşərgəsinin təmsilçiləri Nikol alyansını Azərbaycan və Türkiyə ilə ittifaq bağlamaqda ittiham edir. Amma hakim düşərgədə tamam fərqli mövqe sərgilənir. Məsələn, gənclərə müraciətində parlamentin spikeri Alen Simonyan paraflanmış sazişin ermənilərin gənc nəslinə təkcə dinc həyat deyil, həm də böyük iqtisadi imkanlar verəcəyini açıqlayıb: “Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişi ölkəmizə iqtisadiyyatını gücləndirmək, təhsili inkişaf etdirmək və təhlükəsizliyi gücləndirmək üçün böyük imkanlar açır. Sizin nəsliniz davamlı sülhün ən böyük qurucuları və mühafizəçiləri olacaq. İnanıram ki, biz birlikdə təhlükəsiz, ədalətli və firavan Ermənistan quracağıq, burada məhdudiyyətlər, qeyri-müəyyənlik və qorxu olmadan arzularınızı həyata keçirə bilərsiniz”. Eyni zamanda o, sülh sazişinin əleyhdarlarını tənqid edib. Simonyanın sözlərinə görə, “paxıllıq və pul onların gözlərini tutub”, ona görə də onlar müqavilənin mətnini oxuya, onun Ermənistan üçün faydasını başa düşə bilmirlər.
Ümumiyyətlə, Ermənistan müxalifətinin Azərbaycanla sülhə qarşı çıxması əsasən, siyasi maraqlar, xarici təsirlər və tarixi stereotiplərlə bağlıdır. Bu mövqe həm Ermənistanın öz inkişafına, həm də regionun ümumi sabitliyinə zərər vurur. Amma o da xüsusi qeyd olunmalıdır ki, ölkə daxilində Ermənistan müxalifətinə dəstək olduqca aşağı həddədir. Erməni politoloq Aleksandr İskəndəryan da qeyd edir ki, müxalifətin müəyyən siyasi proseslərə təsir etmək üçün lazım olan resursları yoxdur.
Ekspertin fikrincə, müxalifət birləşsə belə, Ermənistanın daxilində və xaricində gedən siyasi proseslərə təsir edə bilməz: “Xüsusilə, bu, Azərbaycanla paraflanmış sülh sazişinin imzalanmasına aiddir. Nəzəri cəhətdən bir il və ya daha az müddətdə parlament seçkiləri olacaq. Müxalifət siyasi qərarlara təsir etmək istəsə, müvafiq səs toplamaq məcburiyyətində qalacaq. Amma onun buna qadir olduğuna inanmaq çətindir”. Politoloq Arşaluys Mqdesyan bildirir ki, Qərblə əlaqələrin gücləndirilməsi tərəfdarları ümumiyyətlə sülh sazişinin paraflanmasını müsbət qarşılayıblar və onların düşərgəsi genişlənir: “Sıraları getdikcə azalan Rusiya tərəfdarları buna qarşı çıxırlar. Amma çətin ki, onlar nəyəsə nail olsunlar”.
Bütün bunlar iki ölkə arasında sülh müqaviləsi ilə bağlı prosesin maneəsiz irıiləmə ehtimalının yüksək olaraq qaldığını göstərir. Erməni cəmiyyəti də regionda yaranan yeni geosiyasi reallığın sülhün zəruriliyini diqtə etdiyini qəbul etməyə məcburdur və bunu artıq Ermənistan müxalifətinin anlaması da lazımdır. Kənar qüvvələrin sülh prosesinə müdaxiləsinə qarşı dayanmaq üçün isə Azərbaycan bütün imkan və qüdrətə malikdir. Bunu ötən zaman da təsdiq edib və bu reallıq Ermənistanda bütün siyasi qüvvələrə də yaxşı məlumdur.
MTM Analitik Qrup