ERMƏNİSTAN MİNA XƏRİTƏLƏRİNİ VERMƏLİDİR Kİ, DİGƏR JURNALİSTLƏR QURBAN OLMASIN – JURNALİSTLƏRİN MÜDAFİƏSİ KOMİTƏSİ

Ermənistan hakimiyyəti minalanmış sahələrin xəritəsini verməlidir ki, digər jurnalistlər minaların qurbanı olmasın.

Bu barədə Jurnalistlərin Müdafiəsi Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə əlaqələndiricisi Gülnoza Səidin bəyanatında deyilir.

O bildirib ki, Kəlbəcər rayonunda jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ölümü faciədir: “Ermənistan hakimiyyəti digər jurnalistlərin münaqişə qurbanına çevrilməməsini təmin etmək üçün mina sahələrinin xəritəsini verməldir. Jurnalistlərin vəzifə səlahiyyətlərini yerinə yetirərkən təhlükəsizliklərini təmin etməyə çağırırıq”.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.