ERMƏNİSTAN MİLLİ AZLIQLARIN HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI CİNAYƏT İTTİHAMLARINI LƏĞV ETMƏLİDİR – BMT EKSPERTLƏRİ

Ermənistan milli azlıqların hüquqlarını müdafiə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunan “İnsan haqları üzrə Yezidi Mərkəzinin” təsisçisi Saşik Sultanyanı təhdid etməyi dayandırmalıdır.

Bunu BMT-nin insan hüquqları üzrə ekspertləri bildiriblər.

Ekspertlər Ermənistanı Saşik Sultanyanın ötən il verdiyi onlayn müsahibə ilə əlaqədar nifrət və zorakılığa təhrikdə ittiham etməyi dayandırmağa çağırıblar. Onlar milli azlıqlara qarşı insan haqları ilə əlaqədar narahatlıqların nifrət və ya zorakılığa təhrik deyil, əksinə, ifadə azadlığı olduğunu bildiriblər. “Milli azlıqlar olan yezidilər milli təhlükəsizliyə təhdid yaratmırlar”, – deyə onlar əlavə ediblər.

BMT insan haqları mütəxəssisləri hüquq müdafiəçisinin Ermənistanda milli azlıqların problemlərini qaldırmaq və Ermənistanda məskunlaşan etnik qrup yezidilərin insan haqlarını müdafiə etdiyi üçün hədəf alındığını söyləyirlər.

Saşik Sultanyan gənc fəaldır və BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığında insan haqları üzrə təcrübə proqramının iştirakçısı olub. O, ötən il verdiyi onlayn müsahibə ilə əlaqədar nifrət və zorakılığa təhrikdə ittiham olunur. O, Yezidinews.am saytına Ermənistandakı yezidilərin problemləri ilə bağlı müsahibə verib. Ötən ilin noyabrında Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən onun barəsində cinayət işinə başlanılıb, ancaq bu barədə ona bu ilin may ayında məlumat verilib. Bununla bağlı cinayət işi məhkəməyə avqustun 4-də daxil olub və Saşik Sultanyanın günahı sübuta yetirilərsə onu üç ildən altı ilə qədər həbs cəzası gözləyir.

BMT-nin adıçəkilən ekspertləri bu mövzu ilə bağlı Ermənistan hökuməti ilə dialoq aparırlar.

Qeyd edək ki, bu açıqlama BMT-nin Milli azlıqların məsələləri üzrə xüsusi məruzəçi Fernand de Varennes, hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçi Meri Loulor və ifadə azadlığı hüququnun təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçi İren Xan tərəfindən verilib.