ERMƏNİSTAN MEDİASI BU ÖLKƏNİN EKOLOJİ CİNAYƏTLƏRİNİ ETİRAF EDİR

İşğal dövründə Azərbaycan ərazilərində flora və faunanı məqsədli şəkildə məhv edən Ermənistanın bu gün də davam edən ekoloji cinayətləri təkcə region ölkələrində deyil, daha böyük coğrafiyada narahatlıq doğurur. Bu ölkənin hasilat mədənlərinin qanunsuz fəaliyyəti ilə bağlı bir sıra yerli və xarici qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatlar da Ermənistanın beynəlxalq normaları pozduğunu təsdiqləyir.
 “Environmental Protection First” QHT koalisiyasının Azərbaycanın Kosmik Agentliyinin kosmos təsvirləri əsasında hazırladığı hesabatlar təsdiq edir ki, Ermənistan ərazisində istismar olunan mədənlərin zəhərli tullantıları transsərhəd çaylar vasitəsilə Azərbaycanın, eləcə də digər qonşu ölkələrin ekologiyasına ciddi zərər vurur. Əldə olunan görüntülər Ermənistan ərazisində yerləşən 30-a yaxın filiz hasilatı yatağının istismarı zamanı beynəlxalq normaların pozulduğunu sübut edir. Ekoloqların fikrincə, həmin yataqların istismarı zamanı zəhərli kimyəvi tullantıların transsərhəd çaylara axıdılması canlı aləm və çayların suyundan suvarma məqsədilə istifadə edən təsərrüfatlar üçün ciddi problemlər yaradır.

Dağ-mədən sənayesinin ciddi ekoloji problemlərə səbəb olduğunu bu gün hətta Ermənistan mediası da etiraf etməyə məcbur olub. Bu ölkənin “epress.am” informasiya saytı Axtala və Alaverdi mədənlərinin sənaye fəaliyyəti nəticəsində Pəmbək (Debed) çayı ətrafında zəhərli tullantı sularının toplandığı hövzələrin meydana gəlməsini əks etdirən foto və videomateriallar yayıb. Environmental Protection First koalisiyasının bununla əlaqədar açıqlamasında deyilir ki, yaranmış vəziyyət bütün bölgə üçün təhlükə yaradır: “Biz Ermənistanın baş naziri Nikol Paşinyanı bir daha vətəndaş cəmiyyətinin tələblərinə diqqət yetirməyə, Ermənistanın dağ-mədən müəssisələrinin qapılarını Azərbaycan ekoloqları daxil olmaqla, beynəlxalq monitorinq qrupunun üzünə açmağa çağırırıq”.

Koalisiya hesab edir ki, Ermənistan ətraf mühitə zərər vuran dağ-mədən sənayesi müəssisələrini bilərəkdən Qərbi Zəngəzur bölgəsinə – Azərbaycan Respublikası ilə həmsərhəd, transsərhəd çaylara yaxın ərazilərə cəmləşdirib. Rəsmi İrəvan bu fəaliyyətin ekoloji fəsadlarına dair səsləndirilən əsaslı narahatlıqlara məhəl qoymur, yerli və xarici QHT-lərin əsaslı ittihamlarına cavab vermir. Beynəlxalq ekoloji norma və standartlara məhəl qoymayaraq, dağ-mədən fəaliyyətini davam etdirir, müəssisələrdə Azərbaycan və digər beynəlxalq təşkilatların ekoloji monitorinqlər aparmasına şərait yaratmır.

Qacaran mis-molibden zavodunun, Qafan filiz emalı kombinatının yüksək kimyəvi tullantıları Oxçuçayı bu gün də intensiv şəkildə çirkləndirir. Bu transsərhəd çayın kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Arazın su ehtiyatlarının keyfiyyətinə də mənfi təsir göstərir. Bu həm də “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyasının kobud şəkildə pozulması kimi dəyərləndirilir. Konvensiyaya üzv ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyətini razılaşdırmalıdı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Xatırladaq ki, Ermənistan 2023-cü ildə sərhədyani ərazidə – Yerasx (Arazdəyən) kəndində Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparılmadan metallurgiya zavodu inşa etməyə çalışsa, rəsmi Bakının sərt etirazları qarşısında geri çəkilib, zavod başqa ərazidə inşa olunub.

Ermənistanın regionun ekologiyasına böyük zərər vuran qanunsuz fəaliyyəti təkcə Azərbaycanı deyil, İranı da narahat edir. İranın bir qrup ekoloqu Ermənistanın törətdiyi ekoloji cinayətlərlə bağlı bir müddət əvvəl bu ölkənin Prezidenti Məsud Pezeşkiana müraciət ünvanlayıb. Bundan əlavə, Ermənistanın köhnə texnologiya ilə işləyən, 1976-cı ildə 8 bala hesablandığı halda 9.5 ballıq seysmik zonada inşa edilən, Metsamor Atom Elektrik Stansiyası (AES) bütün region üçün nüvə təhlükəsi yaradır.

Rəsmi İrəvanın bu stansiyanın fəaliyyəti ilə əlaqədar dünya ictimaiyyətini aldatmağa hesablanan yalan hesabatları bölgəni növbəti Çernobıl qəzasına sürükləyə bilər.

Rəsmi Bakı 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya (“Bern Konvensiyası”) əsasında bu faktlarla bağlı 2025-ci ilin fevral ayında Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsinə iddia ərizəsi təqdim edib. Sənəddə Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə əksini tapıb. Bundan əlavə, işğal dövründə Ermənistan hakimiyyəti bir sıra ölkələrin şirkətləri ilə hüquqi əsası olmayan müqavilələr imzalayıb, işğal etdiyi ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarını həyata keçirib.

Baş Prokurorluq işğal dövründə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə cinayət işləri açaraq araşdırma aparır. Bu istiqamətdəki hüquqi tədbirlər Ermənistanın ekosid cinayətlərinin dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir.

MTM Analitik Qrup