ERMƏNİSTAN MƏHKƏMƏNİN QƏRARINDAN 3 GÜN ƏVVƏL DİGƏR ƏRAZİLƏRİN MİNA XƏRİTƏLƏRİNİ VERDİ – NAZİR MÜAVİNİ

Ermənistan məhkəmə tərəfindən qərarın elan edilməsindən 3 gün əvvəl digər ərazilərin mina xəritələrini verməklə məhkəmənin məsələyə münasibət bildirməsi zərurətini aradan qaldırdı.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov mətbuat brifinqində deyib.

Nazir müavini bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra minaların təmizlənməsi prosesini asanlaşdırmaq üçün mina xəritələrini tələb etmişdi.

“Ermənistan bir çox digər məsələlərdə olduğu kimi bu məsələ də çox qeyri-ardıcıl və qeyri-səmimi mövqedən çıxış etmişdi. İlk növbədə bu məsələni şərh etməkdən imtina etmişdi. İkinci dəfə mina xəritələrinin olmaması barədə çıxış etməyə başladılar. Sonradan iyun-iyulda mina xəriyələrinin verilməsi müqabilində Azərbaycanda saxlanılan və müxtəlif cinayətlərə görə ittiham edilən erməni əsirlərin geri qaytarılmasını tələb etdi. Xəritələrinin verilməsindən sonra isə Ermənistan xəritələrin çox cüzi hissəsini verdiyini etiraf etmişdi”, – deyə E.Məmmədov qeyd edib.

E.Məmmədov bildirib ki, bir çox beynəlxalq təşkilatlara bu barədə müraciət edilmişdi.

“Artıq məsələyə məhkəmədə baxılan zaman bir çox nüfuzlu qurumlar xəritələrin verilməsi ilə bağlı Ermənistana çağırış etmişdi. Minalar səbəbindən mülki şəxslərimizin həlak olması ilə bağlı bütün faktlar məhkəməyə təqdim edilmişdi. Ermənistan məhkəmə tərəfindən qərarın elan edilməsindən 3 gün əvvəl digər ərazilərin mina xəritələrini verməklə məhkəmənin məsələyə münasibət bildirməsi zərurətini aradan qaldırdı”, – deyə nazir müavini bildirib.

Qeyd edək ki, dünən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Ermənistanın qaldırdığı saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib.