
Azərbaycan dövlət suverenliyini bərpa etməsi Ermənistanın Cənubi Qafqazda ikinci erməni dövləti qurmaq üçün uzun illər can atdığı hədəfləri puça çıxarmaqla yanaşı, bu ölkənin tarixən istinad etdiyi ideoloji sütunları da uçurub. Qarabağdakı separatçı rejimin süqutundan sonra Ermənistana yeni ideologiyanın lazım olması ilə bağlı başlanan müzakirələr artıq real müstəviyə keçib.
Etmənistanın hakim partiyasının Baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə hazırladığı “Real Ermənistan” adlı yeni idelogiya layihəsinin ictimai müzakirəyə çıxarılması erməni cəmiyyətindəki ideoloji boşluğun etirafıdır. Yeni “ideologiya layihəsi” ilə bağlı ictimaiyyətin təklifləri irəli sürməsi vacibliyini bəyan edən N.Paşinyan bildirib ki, Ermənistanda ideoloji transformasiya prosesi başlayıb və ölkəsinin gələcək taleyi bu prosesin uğurundan xeyli dərəcədə asılıdır: “Bu ideologiyanın mahiyyəti ondan ibarətdir ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış 29743 kvadrat kilometr əraziyə malik bir dövlətdir. Onun bir vəzifəsi və bir məqsədi var – öz vətəndaşlarının təhlükəsizliyini, rifahını və xoşbəxtliyini təmin etmək. Ermənistan Respublikası qarşısına başqa məqsəd qoymur”.
Ermənistan baş naziri bu açıqlamaları ilə erməni cəmiyyətinə tarixən sırınan, “Dənizdən-dənizə Ermənistan” kimi absurd ideologiyanın mənasız olduğunu etiraf edib, müasir dünyanın, o cümlədəki regionun yeni geosiyasi reallıqlarının qəbul edilməsinin vacibliyini önə çəkib. Qonşu ölkələrə qarşı ərazi və digər iddialara zəmin hazırlayan bu zərərli ideologiya erməni xalqını ağır məğlubiyyətə düçar etməklə yanaşı, Ermənistanın real vəziyyəti ilə ziddiyyət təşkil edir, milli təhlükəsizliyinə təhdidlər yaradır.
Arxaikləşmiş ideologiya Ermənistanın qonşu ölkələrlə ədavətini və düşmənçiliyini təşviq edir, eyni zamanda, onların genişmiqyaslı özünümüdafiə tədbirlərinə əsas yaradır. Son 35 ildə Ermənistanda hakimiyyətdə olmuş qüvvələr də məhz saxta tarixi faktlar üzərində Cənubi Qafqaz regionunda təhlükəli ideoloji prinsiplər formalaşdırmağa çalışıblar. Bu “ideologiya”nın əsasını milli kimliyin üstünlüyü, naşizm ideyaları, türkofob və Azərbaycanofob yanaşma təşkil edib. Bu mürtəce təbliğatın nəticəsidir ki, erməni cəmiyyəti böyük məğlubiyyətlərdən sonra da yeni geosiyasi reallıqlara uyğunlaşmağa çətinlik çəkir.
Qarabağ separatçılarına rəhbərlik etmiş erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi də göstərir ki, Ermənistana son 35 ildə rəhbərlik etmiş bütün qüvvələr məhz işğalçı ideologiyanın təsiri altında planlı və məqsədli şəkildə müharibə cinayətlərinə təşkilatçılıq ediblər. Azərbaycan Prezidenti İlham Əliyev postmünaqişə dövründəki çıxışları zamanı Ermənistanda azərbaycanlılara və türklərə qarşı nifrət aşılamağa, etnik-dini münasibətləri qızışdırmağa xidmət edən anti-humanist dövlət siyasətinin mövcudluğunu tətikləyən revanşizm meyillərinin geniş vüsət aldığını, bunun regionda sülhə, təhllükəsizliyə ciddi təhdidlər yaratdığını dəfələrlə bəyan edib. Eyni zamanda, keçmişdə nəyin baş verməsindən asılı olmayaraq, Ermənistana regionun və xalqların inkişafı naminə gələcəyə baxmağı təklif edib.
Rəsmi İrəvan gec də olsa, bu acı həqiqətləri etiraf edir və yeni ideologiyanın hazırlanması təşəbbüsləri deyilənlərin sübutudur. Köhnə və zərərli ideyalardan imtinanın vacibliyini bəyan edən N.Paşinyan hakimiyyəti regiondakı yeni geosiyasi reallıqları qəbul edir və sülhün alternativinin olmadığını erməni cəmiyyətinə aşılamağa çalışır. Ermənistan Konstitusiyasının və gerbinin dəyişdirilməsi ilə bağlı aparılan müzakirələr də deməyə əsas verir ki, rəsmi İrəvanın qonşu ölkələrə qarşı əsassız ərazi iddialarına, eləcə də qondarma “erməni soyqırımı” mövzusuna son qoymağın vacibliyini anlayır.
Bununla belə, Ermənistan hakimiyyətində və cəmiyyətində hələ də etnik qarşıdurmaya xidmət edən zərərli düşüncələrdən xilas ola bilməyən qüvvələr mövcuddur. Son bir il yarımda qondarma rejimin tör-töküntülərinin ölkəmizə qarşı “etnik təmizləmə” iddiaları ilə çıxış etmələri, onların İrəvandakı “nümayəndəliyi”nin fəaliyyətinə hələ də son qoyulmaması Ermənistan rəhbərliyinin sözü ilə əməlinin üst-üstə düşmədiyinə dəlalət edir. Bunun digər göstəricisi isə Ermənistan rəsmilərinin Bakıda açıq məhkəməsi keçirilən, müxtəlif müharibə cinayətlərində təqsirli bilinən Qarabağ separatçılarını açıq müdafiəsinə qalxmaları, dolayısı ilə erməni cəmiyyətinə Azərbaycanafob düşüncəni təşviq etmələridir. Qeyd edilənlər azmış kimi, Ermənistanda neonasit ideyalarına əsaslanan, ultra-millətçi təşkilatların fəaliyyətinə şərait yaradılır.
Ermənistanın köhnə ideologiyadan imtinası həm də beynəlxalq platformalarda Azərbaycan və Türkiyə əleyhinə aparılan saxta kampaniyalara son qoyulmasından keçir. Ötən əsrin əvvəllərində baş vermiş tarixi hadisələrin erməni əsilli tarixçi və ideoloqlar tərəfindən təhrif edilməsi “ənənə” halını alıb. Ermənistan və onun xaricdəki diasporu saxta hər il aprel ayı ərəfəsində “erməni soyqırımı” mövzusundan Türkiyəyə və onun əsas strateji müffəfiiq olan Azərbaycana qarşı istifadə etməyə, əsassız ərazi iddialarına “bəraət qazandırmağa” çalışırlar. Bu cür saxta iddiaların gündəmdə saxlanılması fonunda rəsmi İrəvanın yeni ideologiya ilə bağlı çağırışlarının ciddiliyi əsaslı şübhələr doğurur.
Nəhayət, Ermənistan cəmiyyətinin köhnə ideoloji qəlibdən çıxa bilməməsi, keçmişlə yaşaması, əsassız ərazi iddialarına son qoymaması bu ölkəni regional əməkdaşlıq və inteqrasiya təşəbbüslərindən tamamilə kənarda qoya bilər.
MTM Analitik Qrup